Müasir dövrün gətirdiyi xəstəliklərdən biri də saç tökülməsidir. Getdikcə daha çox insan keçəlləşmə, seyrək saçlar, kəpək, yağlı və ya əksinə, quru baş dərisi və digər problemlərdən şikayətlənir. Mövzu ilə əlaqədar Hi-Fi Estetik Mərkəzinin həkim-trixoloqu, Tibb Universitetinin tüklərin tədqiqinə dair elmi tədqiqat laboratoriyasının elmi işçisi Səriyyə Kərimovanın məsləhətlərinin sizə faydalı olacağını nəzərə alıb musahibəni diqqətinizə çatdırırıq.

Son vaxtlar ətrafımızda olan daha çox insan saç tökülməsi və hətta keçəlləşmə ilə bağlı narahatlığını bildirir. Siz necə, müraciət edənlərin sayının artmasını müşahidə edirsiniz? 

 

– Tüklərin tökülməsi daima hər iki cinsdən olan şəxsləri narahat edib. Bu da onlarda ruh düşkünlüyünə, mənəvi sarsıntıya, əsəbilik və emosional gərginlik kimi hallara səbəb olur. Xüsusilə, qadınların saç itkisinə qarşı daha çox həssaslıq göstərmələri onların psixoemosional sferasına mənfi təsir göstərir.
Sutka ərzində 50-100 tük tökülməsi norma sayılır, o şərtlə ki, bir o qədər də yeni tük əmələ gəlmiş olsun. Tüklərin patoloji tökülməsinin iki əsas forması var: atrofik və atrofik olmayan. Atrofik alopesiyalar adətən ikincili olaraq (dərinin iltihabı, mexaniki zədələr və s.) tük follikullarının dağılması nəticəsində baş verir. Atrofik olmayan alopesiyalar dərinin zədələnməsi olmadan baş verir. Bunlara ocaqlı, androgenetik, telogen (diffuz) və anagen (toksiki) alopesiyalar aiddir.
Bizə müraciət edənlərin əksəriyyəti androgenetik alopesiyadan ( A/A- yəni alın-təpə nahiyəsində seyrəklik) şikayət edirlər. Biz xəstəni tam müayinə etdikdə bu prosesin proqressivləşməsinə şərait yaradan səbəbi də araşdırırıq. Belə ki, A/A-lar qanda testosteron deyilən kişi hormonunun artması və ya testosteronu çevirən 5 alfa reduktaza fermentinin aktivliyi və ya irsi xüsusiyyət olaraq, həssas follikulların çoxluğu səbəbindən baş verir. Lakin bu prosesin proqressivləşməsinə, vaxtından qabaq baş verməsinə bir sıra faktorlar (psixotravma, dəmirin qanda azlığı, endokrin sisteminin xəstəlikləri və s.) səbəbdir.

 

Bəzən belə fikir üstünlük təşkil edir ki, saç tökülməyə başlayanda artıq onun qarşısını heç bir vasitə ilə almaq mümkün deyil. Xüsusən də, kişilər keçəlləşmə ilə mübarizəyə inamsız yanaşırlar. 
– Statistikaya görə, kişilərin 60, qadınların isə 37 faizi bu və ya başqa formalarda saç tökülməsindən əziyyət çəkir. Ancaq onların cəmi 3 faizi mütəxəssisə müraciət edərək, saç tökülməsinin müalicəsi ilə məşğul olur. Qalan 97 faiz isə ya fikirləşir ki, bu problem həll olunan deyil, ya da müalicəyə cəhd edib, amma ilk seansdan effekt görmədiklərinə görə davam etdirməyib. Amma bu, yanlış yanaşmadı. İndiki zamanda saç tökülməsi probleminin aradan qaldırılması üçün çoxlu sayda metod kəşf olunub. Bu, həm əməliyyat vasitəsilə saçların əkilməsi, həm də qeyri-əməliyyat yolu ilə müalicə növləridir.
Müasir texnologiyaların inkişafı artıq saçla bağlı problemlərin müalicəsində müsbət effekt əldə etməyə böyük təkan verir. Bütün növ alopesiyaların özünə məxsus müalicə xüsusiyyətləri var. Əvvəlcə tük tökülməsinin əsas səbəbini araşdırmaq, yəni müayinə aparmaq lazımdır. Bunun üçün xəstədən ətraflı və dolğun məlumat toplamaq, sonra tükün follikulyar hissəsinin mikroskopiyasını, dəri və tük milinin diaqnostik kompüter aparatı vasitəsilə müayinəsi aparılır. Lazım gəldikdə, alopesiyanın formasından asılı olaraq, xəstə endokrinoloqun, ginekoloqun, nervopotoloqun qəbuluna göndərilir. Toplanılan məlumatlara əsasən, diaqnoz qoyulur və buna müvafiq müalicə kompleksi tərtib edilir. Tük avtonom deyil, bütün orqanizm ilə sıx əlaqədədir. Buna görə də alopesiyaların müalicəsində bu, mütləq nəzərə alınmalıdır.

 

Bizim mərkəzdə saç tökülməsinin müalicə kompleksi işlənib hazırlanıb. İlk növbədə müalicə saçlara düzgün qulluq (yumaq, daramaq , yuyucu vasitələrin düzgün seçimi) etməkdən, xüsusi qida məhsullarının təyinindən başlayır. Sonra isə fitoterapevtik (xüsusi əhəmiyyətli bitki yığımından ibarət dəmləmələr ultrasəs paylaşdırıcı aparatının köməyi ilə follikullara yeridilir), müxtəlif fizioterapevtik aparatlardan ( ultrasəs vibrator, D*Arsanval, lazer və maqnit terapiyası, sono, elektro, ionofarez, qalvanik cərəyan və s. ), mezoterapiyadan (müxtəlif vitamin, amin turşulu, mikroelementlər olan preparatların bilavasitə başın tüklü nahiyəsinin dərisi altına yeridilməsi) istifadə olunur. Xəstəni qabaqcadan müalicədən alınan effektlə tanış edib zəmanət veririk.

 

Narahatçılıq doğuran digər saç problemi isə kəpəkdir. Bundan yaxa qurtarmaq mümkündür? 

 

– Hazırda kəpəyə infeksion xəstəlik kimi yanaşılır. Kəpəyi oyadan potogen göbələk “Pityrosporum Ovale” adlanır. Bu növ göbələk uzun müddət özünü büruzə verməyə bilər. Amma orqanizm hər hansı səbəbdən zəifləyən kimi kəpək özünü göstərir. Kəpək ortaya çıxan kimi dərhal onunla mübarizəyə başlamaq lazımdır. Bu zaman kəpəyin təkcə görüntüsü ilə xarici vasitələrlə (şampun və s) mübarizə aparmaq elə bir səmərə vermir. Problemi yaradan səbəblər də aradan qaldırılmalıdır. Kəpək əleyhinə şampundan istifadə ilə yanaşı, həkim-trixoloqla məsləhətləşmək lazımdır. Elə insanlar var ki, kəpəyin müalicəsi ilə məşğul olmurlar, yalnız kəpək əleyhinə şampundan istifadə etməklə mübarizə apardıqlarını düşünürlər. Amma bu halda illərlə kəpəkdən yaxa qurtara bilmirlər. Yalnız düzgün müalicə problemdən tam yaxa qurtarmağa imkan yaradır.

 

Qadınları narahat edən problemlərdən biri də hamının “saç qıran” kimi tanıdığı saçların haçalanmış uclarıdır. Onlarla necə mübarizə aparmaq olar? 

 

– Haçalanmış uclarla mübarizə ən əvvəl onların kəsilməsindən başlayır. Daha sonra sağlam saçın haçalanmasının qarşısını almaq lazımdır. Onların ucları heç olmasa, 2-3 aydan bir kəsilməlidir. Hazırda haçalanmış saçlar üçün xüsusi vasitələr, beta-karotin tərkibli yağlar satılır. Bu vasitələri quru və ya nəm saçların uclarına gündəlik vurmaq lazımdır. Digər tərəfdən doymuş yağlar və mikroelementlərlə zəngin olan maddələrlə qidalanmaq, saçları mexaniki təsirlərdən (fen, gün şüaları və s.) qorumaq lazımdır. Saçlar soyuğu heç sevmir, şaxtalı havada mütləq başı bağlamaq, papaq qoymaq gərəkdir. Düzgün daraq seçimi də bura aid edilə bilər. İri dişli, taxta daraqlar daha keyfiyyətli sayılır. Saçlara qulluqda əsas diqqət yetiriləsi məsələ düzgün yuyucu vasitələrin seçilməsidir. Şampun baş dərisinin yağlı və ya quruluğuna görə, balzam isə saçın uclarının xüsusiyyətinə uyğun seçilməlidir. Şampun ovucun içində su ilə qarışdırılaraq baş dərisinə bərabər şəkildə paylanılmalı, balzam isə saçların ucuna vurulmalıdır.

Əvvəlki məqaləUşaqlarda sidik qaçırma ciddi xəstəliklərin göstəricisi ola bilər
Növbəti məqalədəBu xəstəliyə tutulmaq istəmirsinizsə, əsəbləşin