Kondisionerler:rahatlıq,yoxsa xəstəlik mənbəyi?

 

Yay mövsümünün gəlişi ilə insanların kondisionerlərə olan tələbatı təbii olaraq artır. Sən demə, yay və qış aylarında vərdiş etdiyimiz kondisionerlərin orqanizmimizə ziyanı, xeyrindən az deyilmiş.

Bəs təbii sərinlik daha yaxşıdır, yoxsa texnikanın bu gözəl nailiyyəti olan kondisionerin havası? Kondisionerlər insan səhhəti üçün hansı fəsadlar yarada bilər?

Alimlər hesab edir ki, kondisionerlər otağın havasında olan vitaminləri məhv edir.

Biologiya elmləri doktoru Tokay Hüseynov açıqlamasında bildirdi ki, hava cihazları, o cümlədən, kondisionerlər havanın vitamini, qaymağı hesab olunan aeroionları öldürür. Onun sözlərinə görə, otaqda yüngül elektro-mənfi oksigen ionları var. Həmin aeroionlar dəniz kənarında, dağlıq ərazilərdə daha çox olur. Kondisoner işləyərkən həmin ionlar ölür. T.Hüseynov deyir ki, digər tərəfdən, kondisioner işlədikcə, ondan yavaş-yavaş otağa freon tipdə qaz buraxılır. Bu isə qapalı yerdə insana təsir edir. Buna görə də, kondisioner havasında uzun müddət qalmaq məsləhət deyil.

 “Kondisioner adaptasiyanı öldürür. Orqanizm mübarizə etməyə öyrənib. İsti-soyuq yeri dəyişəndə insanın müqaviməti azalır və xəstəliyə qarşı zəifləyir. Buna görə də, kondisioner şəraiti ilə bayır havası arasında temperatur fərqi az olmalıdır. Fərq nə qədər az olsa, o qədər yaxşıdır. Temperatur fərqinin 5 dərəcə olması məsləhət görülür” – bu fikir də T.Hüseynova aiddir.

Elmlər doktoru məsləhət görür ki, aeroionları bərpa etmək uçun kondisioner işləyən otaqda havanı tez-tez dəyişmək lazımdır. Eyni zamanda, kondisioner olan otaqda maksimum 2 saat qalmaq lazımdır.

Həkimlər də müəyyən edib ki, kondisionerlər yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmlərə gətirə bilər, həmçinin təmizlənməyən, nasaz işləyən kondisionerlərdən istifadə zamanı allergik soyuqdəymə, astma kimi xəstəliklərin sayı artır.

Həkim-terapavt Valeh Qurbanov müsahibəsində dedi ki, optimal otaq temperaturu 18-22 dərəcə sayılır. Bundan aşağı temperatur atıq soyuq hərarətdir və bu halda insanın orqanizmində, xüsusən də tənəffüz orqanlarında iltihabi problemlər yarada, ürək qan-damar sistemində, böyrək, qarın boşluğu orqanlarında soyuqlama ola bilər.


V.Qurbanov hesab edir ki, əslində kondisioner lazımlı, sağlamlıq üçün vacib bir cihazdır. Ancaq kondisionerdən sui-istifadə, onun vasitəsilə otaqda həddindən artıq soyuq və ya isti yaratmaq olmaz. Belə olan halda, beyin qan dövranı xəstəliyi, qan təzyiqi olan, şəkər, ürək xəstələri, ürək zəifliyi, “zob”u olan şəxslər belə hava şəraitinə qarşı dözümsüz olurlar.

“Təsəvvür edin ki, orqanizmdə hərarət 1 dərəcə qalxanda, ürək döyüntülərinin sayı 10-dək artır. Bu isə xəstə orqanizmə patoloji təsir göstərir. Ona görə də kondisionerdən ağılla, tibbi parametrlərə uyğun şəkildə istifadə olunmalıdır”.

Normal iş şəratitində kondisionerin temperaturunu 20-22 dərəcəyə yönəltməyi tövsiyə edən həkim-terapevt, həmin cihazdan bütün gün ərzində, gecə yatanda istifadəsini o qədər də məsləhətli saymır: “Kondisionerin hava vuran yerini insanın üstünə yönəltmək də düzün deyil. Soyuq vuran yelpiyi tavana tərəf yönəltmək lazımdır ki, soyuk külək nəfəs orqanı vasitəsilə birbaşa insan orqaniminə daxil olmasın.

 

 Məsləhətim odur ki, insanlar kondisionerlə bağlı saat normasına əməl etməsə də, temperatur həddini mütləq gözləsin”.

Əvvəlki məqaləQohum nigahlar hansı fəsadlara yol açır? (ARAŞDIRMA)
Növbəti məqalədəYatış mövqeləriniz xarakterinizdən xəbər verir.