Lunatizm nədir? Necə qarşısı alınır?

Lunatizm nədir?Necə qarşısı alınır?
Lunatizm –insanların yuxuda ikən etdikləri anlaşılmaz hərəkətlərdir. Bir neçə saniyədən 30 dəqiqəyə qədər və daha çox davam edən bu hərəkətlərə gəzmək, yemək hazırlamaq, musiqi alətlərində ifa etmək, hətta maşın sürmək daxildir. Elmi dildə lunatizm “somnambulizm”, lunatiklər isə “somnambula” adlanır. Keçmişdə Avropada lunatikləri şeytanın törəməsi adlandırıb odda yandırırdılar. Lunatizmin dəqiq yaranma səbəbi məlum olmasa da, bir sıra xəstəliklər nəticəsində meydana gəlməsi mümkündür. Bu xəstəliklərindən ən geniş yayılmışı epilepsiya və nevrozun müxtəlif növləridir. Eyni zamanda ürək ritminin pozulması, astma, qrip, maqnezium çatışmamazlığı, yorğunluq, yuxusuzluq, stress, spirtli içkilərin və sakitləşdirici preparatların mütəmadi qəbulu da lunatizmin yaranmasına rəvac verər. Daha çox azyaşlılarda görünən lunatizmin simptomları hansılardır?

Sonuna qədər açıq gözlər, sabit baxış
Üzdə heç bir ifadənin olmaması
Verilən suallara ləng və ya rabitəsiz cavab vermə
Ətrafdakı insanlara və əşyalara qarşı diqqətsiz davranış
Yuxuda ikən oyaq görünmək
Oyandırıldığında fikirlərin qarışması
Oyandıqdan sonra etdiklərini xatırlamamaq

Özünüzün və ya yaxınınızın lunatik olduğunu ilk öncə özünüz qəbul etməlisiniz. Çünki müasir tibbdə belə kiminsə lunatik olduğunu müəyyən edəcək test, müayinə və müalicə usulu yoxdur. Ümumilikdə isə lunatiklərə spirtli içkiləri azaltmaq, stressdən uzaq olmaq, kifayət qədər istirahət etmək, vaxtı-vaxtında yatıb durmaq məsləhət görülür. Lunatizm özü qorxulu olmasa da, yıxılmağa, yaralanmağa hətta ölümə belə səbəb ola bilər. Ona görə də özünüz və ailə üzvlərinizdən kimsə lunatiksə təhlükəsizlik və sağlamlıq üçün aşağıdakılara əməl edilməlidir.

Qapı və pəncərələr bağlanmalı
Otaqda ayağa ilişəcək və bədənə xətər yetirə biləcək əşyalar yığışdırılmalı
Otağa zəng və ya hərəkət detektoru yerləşdirilməli
Pəncərələrə qalın pərdə asılmalı
Yerdə yatmalı

İnancların əksinə olaraq lunatiklər mütləq şəkildə oyandırılmalıdırlar. Əgər oyatmaq mümkün olmazsa, həmin vəziyyət bitənə qədər nəzarət altında olmalıdırlar.

Ümumiyyətlə isə, lunatizm yaşla azalan bir vəziyyətdir. Əgər sağlamlığa zərər vuracaq nəticələrə gətirib çıxarmazsa heç bir qorxusu yoxdur.

Əvvəlki məqaləKilo almanızın 5 səbəbi və həlli
Növbəti məqalədəQadınlardakı baş ağrısı…