sağlamlıqXALQ TƏBABƏTİNDƏ HƏZM ORQANLARI XƏSTƏLİKLƏRİNƏ QARŞI İŞLƏDİLƏN DƏRMAN MADDƏLƏRİ:
Mədə pozğunluğu, ürəkbulanma, qusma, köpmə zamanı qatlı quruçiçək bitkisinin dəmləməsi xeyirlidir. İstifadə qaydası: 2 xörək qaşığı çiçəyin üzərinə 2 stəkan qaynar su töküb zəif odda 15 dəqiqə müddətində dəmləyib 45 dəqiqədən sonra qəbul etməli. Dozası: gündə yarım stəkan yeməkdən yarım saat əvvəl 2-3 həftə ərzində içməli.
Razyananın (miyana) toxumlarından və yarpaqlarından mədə xəstəliklərində, bağırsaq keçməzliyində, qəbizlikdə istifadə olunur. İstifadə qaydası: qurudulmuş razyana toxumu ilə ardıc meyvəsindən 2 çay qaşığı və bir çay qaşığı əzvay yarpağı əzilib toz halına salındıqdan sonra bir-birinə qarışdırılır. Alınmış tozdan 1 çay qaşığı götürüb 1 stəkan qaynanmış suya tökülür. Dozası: xörək qaşığı ilə gündə 3 dəfə qəbul edilir.
Xroniki mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdırıcı dərman kimi acıqovuq otunun kökü tətbiq edilə bilər. İstifadə qaydası: cavan bitkinin köklərini payızda toplayır, soyuq su ilə yuyub təmizləyirlər. Sonra xırdalayıb günəşli havada qurudurlar. Belə qurudulmuş kökdən 2 xörək qaşığı götürüb yarım litrlik çaydanda dəmləyirlər. Dozası: Həmin çaydan gündə 3 dəfə yarım stəkan qəbul etməli (nanə yarpağı da eyni məqsədlə işlədilə bilər).
Mədə-bağırsaq xəstəliklərində, mədə ağrılarında, köpmədə, sancıda qantəpər çiçəklərinin dəmləməsi çox faydalıdır. İstifadə qaydası: 5 qram çiçək qurusunu 300 ml suda dəmləyib çay kimi içmək lazımdır. Dazıotu bitkisinin 1:20 nisbətində dəmləməsi ishalkəsici dərman kimi tətbiq edilə bilər. İstifadə qaydası: xörək qaşığı ilə gündə 3-4 dəfə qəbul etmək olar.
Gicitkən yarpaqlarından dəmləmə və bişirmə hazırlayıb mədə- bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdırıcı, bağırsağın iltihabını aradan qaldırıcı vasitə kimi işlətmək olar.
Mədə xorası xəstəliyində kəklikotu çayı faydalıdır.
Tez-tez qəbiz olanlar ərik qurusu və ya ərik yesələr xeyri dəyər.
Heyva şərbəti mədəni qüvvətləndirmək baxımından çox əhəmiyyətlidir.
Bağırsaqların iltihabında 3-4 gün ərzində yeməkdən əvvəl 1 çay qaşığı soğan şirəsi qəbul etmək yaxşı təsir göstərir.
Gülxətmi çiçəklərindən çay kimi dəmləyib mədə-bağırsaq xəstəliklərində ishala qarşı işlətmək faydalıdır (bəzən əmənkömənci çiçəyi və zəyərək toxumları ilə birlikdə işlədilir).
Havaqovucu maddə kimi çobanyastığı bitkisinin çiçəklərindən hazırlanmış dəmləmə və bişirmə faydalıdır. Dozası: gündə 2-3 dəfə 1 xörək qaşığı içməli.
Sumaq bitkisinin yarpaqlarından (çiçəkləyən vaxt toplanır) və meyvəsindən dəmləmə şəklində mədə-bağırsaq xəstəliklərində istifadə edilə bilər.
Qarın ağrılarında acı yovşandan çay kimi dəmləmə şəklində istifadə etmək olar.
Şahtərənin mart-aprel aylarında toplanmış yerüstü hissəsinin qurudulub un halına salınmış tozunun dəmləməsi mədə yarasının müalicəsini sürətləndirir. İstifadə qaydası: həmin tozdan 3-5 gram götürüb 1 stəkan suda çay kimi dəmləyərək, yeməkdən yarım saat əvvəl iki xörək qaşığı qəbul etmək olar.
Cirə, cəfəri və yerkökü toxumlarının ovuntusu ilə balın qarışığından alınan həb şiddətli mədə ağrılarını kəsir. (Bax: “Həblər) İstifadə qaydası:
Toxumları bərabər miqdarda götürüb bərk kütlə alınana qədər balda həll etməli.
Yemiş tumu mədəni təmizləyir.
İspanaq xörəyi mədə-bağırsaq sistemi üçün xeyirlidir.
Gülab şərbəti mədə iltihabı üçün münasibdir. Onu çayla içmək lazımdır.
Cirə və razyana dəmləməsi mədə xəstəlikləri zamanı köpün qarşısını alır. İstifadə qaydası: meyvələri (toxumları) bərabər miqdarda qarışdırıb toz halına salmalı; 2 çay qaşığı tozu 1 stəkan suda dəmləyib köpərkən içməli.
Qaraqınıq otundan çay kimi dəmləyib mədədə həzmi yaxşılaşdırıcı və iltihabı aradan qaldırıcı, quru çiçəyindən isə dəmləmə şəklində mədə-bağırsaq xəstəliklərində və dezinteriyada istifadə olunur. İstifadə qaydası: qurudulmuş otu və ya çiçəyi toz halına salmalı. I çay qaşığı tozu I stəkan qaynar suda 30 dəqiqə müddətində dəmləyib süzməli. Dozası: gündə 3 dəfə 1-2 xörək qaşığı qəbul etməli.

Əvvəlki məqaləUşaq əmizdirmək qadını XƏRÇƏNGDƏN QORUYUR
Növbəti məqalədəKişilər qadınlara nisbətən daha tez karlaşır – Qarşısını belə alın