çaySon zamanlar əhali bitki çaylarından istifadəyə geniş yer verir.Bu isə müxtəlif səbələrlə bağlıdır ki, burada əsasən, insanların artıq qara çayların tərkibinin təmiz olmaması ilə bağlı inamsızlıq, şəxsi sağlamlıq problemləri, həm də son vaxtlar dəb halını alan artıq çəkidən xilas olmaq kimi amillər yer alır.
Qüvvətli bioloji təsirə malik komponentləri olan bitkilərin çay kimi qəbul edilməsi təhlükəlidir.

Lakin bitkilərin təsiri və növlərinə görə də istifadə edilməsi vacibdir. İçində qüvvətli bioloji təsirə malik komponentlər olan bitkilərin çay kimi qəbul edilməsi təhlükəlidir. Məsələn, üzükotu (Diqitalis) kimi bitkilərin yer aldığı bu qrup hədsiz miqdarda qəbul edildiyində zəhərlənmələrə səbəb ola bilər. Ancaq orta təsirli bitkilər uyğun miqdarda istifadə edildiyində zərərli olmazlar. Zəif təsirlilər isə lazımi ölçüdə qəbul edildikdə təhlükəli olmayan bitkilərdir. Məsələn, çobanyastığı, nanə və cökə kimi bitkilər bu qrupda yer alır.

Təbii müalicə üsuluna üstünlük verən xəstəxanalardan birinin həkimi Mətanət Qasımova deyir ki, təbii bitkiləri düzgün və məlumatlı şəkildə qəbul etmək lazımdır: “Bu gün bitki çayları xəstəliklərin müalicəsi və ondan qorunmaq məqsədilə istifadə edilir. Lakin gözlənilən faydanı əldə etmək üçün bitki çaylarının düzgün olaraq hazırlanması və qəbul edilməsi vacibdir. Bitki çayları dedikdə ilk olaraq adaçayı, cökə, yaşıl çay nəzərə alınır. Ümumilikdə, bitki çaylarının bir sıra xəstəliklərə çox müsbət təsirləri var. Xüsusilə də, sakitləşdirici çaylar stressi aradan qaldırmaqda faydalıdır”.

Həkimin fikrincə, bu zaman ən faydalı çobanyastığı çayıdır ki, bu çay isti olmaqla yanaşı, soyuq halda da içilir.

Təsirlərinə gəldikdə isə həkim deyir ki, cökə çayı soyuqdəymə ilə bağlı iltihabları aradan qaldırır, ekineziya (Koni çiçəyi) soyuq dəymə, qrip, infeksiya, immunitetin zəifləməsi və xərçəngdən qorunma kimi vəziyyətlərdə ən önəmli bitkilərdən hesab olunur. Ancaq 10 gündən artıq bir müddətdə istifadə edilməməlidir, 12 yaşdan aşağı uşaqların istifadəsi də düzgün deyil.

Mütəxəssisin fikrincə, hamilə qadınların bu bitkilərdən istifadəsi isə qəti qadağandır və bəzi dərmanlar ilə qarşılıqlı təsirdə olduqda allergiya verir. O da vurğulandı ki, zəncəfil iltihabı aradan qaldırıb və həzmi asanlaşdırsa da, öd daşı olanlarda və öd kisəsi olmayanlarda ağrı yaradır. Hamilə qadınlar isə gündə ən çox bir stəkan içə bilərlər. Darçın çayı şəkər salmaq təsirinə malikdir. Nanə çayı isə həzmi asanlaşdırır.

Həkim onu da qeyd etdi ki, bəzən adaçayı içərkən içərisinə limon sıxılaraq istifadə edilir ki, bu yalnışdır: “Ümumilikdə adaçayının bir çox faydası var və boğaz ağrısı, bağırsaq problemləri, ağız, diş əti, boğaz infeksiyalarına qarşı önəmlidir. Limon isə adaçayı və digər bitkilərdə önəmli olan yağları öldürür”.

Bitki çaylarını gündə üç fincandan çox içməmək lazımdır.

Bitki çaylarından istifadənin çox faydalı olduğunu deyən Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası İctimai Birliyinin sədri, dietoloq Cabir Xəlifəzadə bildirdi ki, burada önəmli olan onun düzgün tətbiqidir: “Hansı bitkinin xəstəliyə müsbət təsiri olduğunu bilmək önəmlidir. Son zamanlar dünyada təbii şirələrdən, bitkilərdən, tərəvəzlərdən daha çox istifadə edilir, nəinki dərmanlardan. Bir sıra xəstəliklərin, o cümlədən şiş, vərəm kimi xəstəliklərin qarşısını almaq üçün bitkilərdən istifadə edilir ki, bu zaman antioksidan maddəsi bədəndə olan mikrobları, radikalları xaric edir”.

Dietoloq deyir ki, bitki çaylarını da bəzən kortəbii şəkildə dəmləyirlər: “Əslində, iki cür dəmləmə üsulu var ki, bunlardan biri od üzərində, digəri isə su hamamında dəmləmə adlanır. Bəzi bitkiləri birbaşa od üzərində dəmləmək olmaz. Su hamamında dəmləmə zamanı vitaminlərin tərkibində qalmasına daha yaxşı təsir edir. Bitki çayları hazırlanarkən, xüsusilə, təzə qaynamış xlorsuz su məsləhət görülür. Bitki çayları qara çay kimi qaynadılmamalı, əsasən, çini qablarda dəmlənməlidir. Dəmləməzdə əvvəl suyun 80 dərəcəyə qədər soyuması lazımdır. Öncə bitki qoyulmalı və üzərinə su əlavə edilməlidir, dəmlənməsi üçün 2-5 dəqiqə kifayətdir”.

Dietoloq deyir ki, bitki çaylarını gündə üç fincandan çox içməmək lazımdır. Orqanizmdə olan maye böyrəklər vasitəsilə süzüldüyü üçün bəzi bitkilərdən həddindən artıq istifadə fəsad yarada bilər. Yaxud mədədə sancılar yaradar.

Səyyar satılan bitkilərə etibar etmək olmaz.

Bu gün internetdə və müxtəlif mətbuatlarda da bir çox bitkilərin hansı xəstəliyə şəfa olması haqqında məlumat yer alır. Dietoloq bildirdi ki, mühüm məqamlardan biri də insanların dəqiq məlumatlı olmasıdır. Eləcə də bitkilər toplanarkən yalnışlığa yol verilməməsi önəmlidir ki, bu insanların sağlamlığını təhlükə altına alır: “Hər bitki çayı sağlamlıq üçün deyil. Buna görə də bitki çaylarını qəbul etmədən öncə onun xüsusiyyətlərinə diqqət etmək lazımdır. Məsələn, şəkər xəstəliyi üçün faydalı olan və qan şəkərini normallaşdıran bir bitki çayının insan qanını durulaşdırması kimi bir xüsusiyyəti var. Bu da şəkər xəstələri üçün çox vacib amildir”.

O da vurğulandı ki, bitki çayından istifadə zamanı, əsasən, bir illik bitki istifadə edilməlidir. Uzun müddət qalan bitki təsirini də itirir.

Bu gün bitkilərin müxtəlif yerlərdə satıldığını deyən C.Xəlifəzadə qeyd etdi ki, küçələrdə satılan bitkilər gigiyena cəhətdən təmiz deyil: “Onları müxtəlif yerlərdə, o cümlədən evlərin çardaqlarında qurudurlar ki, bu zaman toz, mikrob olur. Sonra da sellofanlara yığıb bazarlarda səyyar satırlar, ona görə də bu bitkilərə etibar etmək olmaz. Həmçinin açıqda satılan bitkini kifayət qədər dəqiq tanımadığı halda alıcının yanlış bitki də alma ehtimalı var. Buna görə, ancaq apteklərdə satılan bitkilərə üstünlük vermək lazımdır, çünki onlar xüsusi sexlərdə emal edilir, qablaşdırırlar və üzərində dəqiq hansı bitki olduğu göstərilir”.

Bitki çaylarının bir sıra xəstəliklərə çox müsbət təsiri var.

Bu da bir faktdır ki, tarixən xalq təbabətində müxtəlif bitkilərdən hazırlanmış məhlullardan istifadə bir sıra xəstəliklərin müalicəsində mühüm rol oynayıb. Hazırda ölkəmizdə təbii müalicə üsuluna üstünlük verən klinikalar da var ki, burada da müxtəlif məqsədlərlə bitkilərdən düzgün istifadə yolları göstərilir. Bu gün təbii yolla müalicəyə, o cümlədən bitki çaylarından istifadəyə üstünlük verən əhalinin sayı kifayət qədərdir ki, onlar adətən yaşıl çay, adaçayı, çobanyastığı kimi bitki çaylarını seçirlər. Ancaq mütəxəssislərin fikrincə, hər bitki çayı faydalı deyil. Bunun isə müxtəlif səbəbləri var.

Əvvəlki məqaləAyaq tərləməsinin qarşısını necə almalı?
Növbəti məqalədəKökəlmənin səbəbləri