uşaq

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Bağçaların bərpası isə valideynləri bir qədər narahat edir. Onlar uşaqlarının virusa yoluxacaqlarından narahatdırlar.

Bəs, uşaqlar bu müddət ərzində özlərini necə qorumalıdır?

Müsahibəni təqdim edirik:

– Bağçaların açılması ilə bağlı qərar verildi. Ancaq virus təhlükəsindən bəzi valideynlər narahatdırlar. Bununla bağlı sizin qənaətiniz necədir? Bağçalarda uşaqların virusa yoluxmaması üçün nələrə diqqət edilməlidir?

– Valideynlər övladlarını necə qoruyacaqlarından narahatdırlar. Uşaqları qorumaq üçün ilk növbədə bir neçə məsələyə diqqət yetirmək lazımdır. Valideynlər ilk olaraq uşaqlarının digər profilaktik peyvəndlərinin tam olmasına fikir verməlidirlər. Bu, çox vacib məsələdir. Valideynlər övladlarına mövsümi olaraq qrip peyvəndi vurdurmağa çalışsınlar. Ən əsası onların immuniteti möhkəm olmalıdır. Bundan əlavə, uşaqlar sağlam qidalandırılmalıdır və vaxtında yatmalıdır. Çünki sağlam qidalanan və normal yuxusu olan uşaqların immun sistemi də yaxşı olur. Tövsiyə edirəm ki, qrip əlamətləri hiss olunan heç bir uşaq bağçaya göndərilməsin. Həmin uşaqlar izolyasiya olunsalar yaxşı olar. Uşaqların qida rasionunda sink tərkibli və vitamin C ilə zəngin qidaların çox olmasına diqqət yetirmək lazımdır. D vitaminini isə profilaktik olaraq istifadə etsinlər. Virusa yoluxmaması üçün xəstə uşaqların bağçaya göndərilməməsi, olduğu otaqların havasının tez-tez dəyişdirilməsi, havalandırılması çox vacibdir. Yaxşı olar ki, uşaqlar bir-birləri ilə çox təmasda olmasınlar və yaxın məsafədə ünsiyyətdən çəkinsinlər.

– Kiçik uşaqların maska taxmasına münasibətiniz necədir? Onlar gündəlik olaraq məktəbdə, bağçada maskadan istifadə etməlidir?

– Maskadan düzgün istifadə etməyi bacaran uşaqların yaş fərqi olmadan qapalı məkanlarda maska taxmasını tövsiyə edirik. Adətən iki yaşa qədər uşaqlar maskadan düzgün istifadə edə bilmədikləri üçün taxmaya bilərlər. Ancaq 2 yaşdan yuxarı uşaqların maskadan istifadəsi yaxşı olar. Açıq havada isə taxmaya bilərlər. Əgər uşaq maska taxa bilirsə və onun üçün sıxıntısı yoxdursa, o zaman maskadan rahatlıqla istifadə edə bilər.

Bu uşaqlar bağçaya göndərilməsin - Pediatrdan MÜHÜM TÖVSİYƏ

– Sizcə, uşaqlar dezinfeksiyaedici maddələrdən – spirtdən istifadə etməlidirlərmi? Bəzən böyüklər spirtdən mütəmadi istifadənin dəriyə zərər verdiyi üçün kremlərdən istifadə edirlər. Uşaqlar üçün belə bir alternativ varmı?

– Məktəblərdə, bağçalarda olan uşaqların digər insanlarla sosial məsafə gözləməsini öyrətmək lazımdır. Onlar əsasən sosial məsafəyə diqqət yetirməlidirlər. Dezinfeksiyaedici maddələrə gəldikdə isə, onlar əlləri yuduqdan sonra rahatlıqla bu vasitələrdən yararlana bilərlər. Əllərin 30 saniyə müddətində tam şəkildə, barmaq araları və dırnaq dibləri də daxil olmaqla barmaqların ucuna qədər yaxşı yuyulması və yuyandan sonra antibakterial maddələrdən istifadə tövsiyə olunur. Dezinfeksiyaedici maddələr uşaqların çantalarında da ola bilər. Bu, onlar üçün daha rahatdır.

– Uzun müddətdir ki, insanlar evdədir. Əvvəl uşaqlar daha çox parkda gəzir, hava qəbul edirdilər. Ancaq qapanmalarda bu mümkün olmadı. Sizcə, onlarda D vitamini çatışmazlığı yarana bilərmi?

– D vitaminini 2 yaşa qədər uşaqlar fasiləsiz şəkildə qəbul edə bilər. 18 yaşa qədər uşaqların isə qış fəslində bu vitamini profilaktik istifadə etmələrini həmişə tövsiyə edirik. Amma karantin müddətində uşaqlar qapalı ortamlarda çox vaxt keçirirlər. Yaxşı olardı ki, valideynlər uşaqlarında vitamin D analizi etdirsinlər. Əgər bu vitamin onlarda əskikdirsə, o zaman müalicəvi dozalarda qəbul edə bilərlər. Əgər normaldırsa, profilaktik doza ilə davam etməlidirlər.

– Qarşıdan yoluxucu xəstəliklərin daha çox yayıldığı payız və qış fəsli gəlir. Bu müddətdə uşaqlar necə qorunmalıdır?

– Payız və qış fəslində xəstəliklər baş qaldırır. İnfeksiyalar da bu müddətdə daha çox yayılır. Bu müddət ərzində uşaqları qrip əleyhinə peyvəndlər etdirmək lazımdır. Bundan əlavə, qapalı ortamlarda mümkün qədər olmamağa çalışsınlar. Olsalar da maskadan mütləq istifadə etsinlər. Öz otaqlarının, sinif otaqlarının tez-tez havalandırılmasına fikir vermək lazımdır. Sağlam, bol vitaminli qidalardan istifadə etmək tövsiyə edilir. Yaxşı olardı ki, daha çox açıq havada gəzsinlər, çünki təmiz hava qəbul etmək indiki dövrdə çox faydalıdır.

Əvvəlki məqaləDəri quruluğu və dəriyə qulluq
Növbəti məqalədəBaş dərisinə təbii qayğı