Yayda xəstəliklərdən qorunun

Yayın ortasdır. Günəşin zenitdə olduğu bir vaxtda yay xəstəliklərinə tutulanların da sayı artır. Belə mərəzlər mövsümi xəstəliklər adlanır ki, əsasən istirahət zamanı özünü göstərir.


Çirkli əl, su və mühitin müşayiətçiləri olan mədə-barığsaq infeksiyaları, habelə malyariya və borrelioz (Laym xəstəliyi) belə, yayın “təhlükə”ləri arasındadır.

Başqaları istirahət edərkən, yayın dadını çıxararkən siz vaxtınızı çarpayıda və ya xəstəxana palatasında keçirmək istəməzsiniz, deyilmi?
Bakıdakı məşhur özəl klinikalardan birində çalışan təcrübəli mütəxəssis-infeksionist Rahibə Ağalarova əməkdaşımızla söhbətində dedi ki, yay aylarında, xüsusilə də iyulun sonlarından başlayaraq Azərbaycanda “çirkli əl xəstəlikləri” sayılan mərəzlərin sayı artır.

Rahibə xanımla Novxanıda, çimərlikdəki istirhət mərkəzlərindən birində danışırıq. O, çimərlikdə dincələn minlərlə insanı göstərərək dedi: “Malyariya, qarın yatalağı kimi xəstəlik hallarına çox nadir hallarda rast gəlirik. Lakin A hepatit virusuna yoluxma şansları mövcud olduğundan, “çirkli əl xəstəliyi” sayılan bu mərəzə yoluxmamaq üçün peyvənd yetərlidir.

Üçüncü minillikdə yaşasaq da, ən adi sanitariya qaydalarını xatırlatmaq məcburiyyətində qalırıq. Yeməkdən əvvəl əlləri yumaq, “təmiz” sayılan meyvə-tərəvəzi təmiz yumaq, çimərlikdən qayıdandan sonra yuyunmaq gərəkdir. Yay aylarında həkimlərin daha bir başağrısı çimərliklə bağlıdır. Xəzər sahillərində dincəlmək fikrinə düşənlər elementar sanitariya-gigiyena qaydalarına riayət etməyəndə “çimən adamın qaşınması” adlı sindromla qarşılaşırlar.

Bu, bədənin müxtəlif yerlərində dərinin qızararaq qaşınması, dəri xəstəliklərindən biridir”.

Onun sözlərinə görə, qış ayları ilə müqayisədə orqanizmi yayda daha az təhlükələrin gözləməsi barədə geniş yayılmış təsəvvürlər kökündən yanlışdır. Çünki yaydakı mövsümi xəstəliklər bahar, qış və ya payızdakı mərəzlərlə müqayisədə ciddilik baxımdan heç fərqlənmir.

Hətta tam əksinə, yay aylarında insan özü də bimədən immun sistemini zəiflədir.

Belə zəifləmə çox isti havada dənizdə, çayda və ya hovuzda çimmək, habelə kondisioner, ventilyator və küləkli yerdə oturmaq zamanı yaranır.

Üstəlik, yayın istisində soyuducudan yeni çıxarılmış buzlu su və ya dondurma yeyənlərin sayı az deyil. Bütün bunlar yayın isti və bürküsü nəticəsində orqanizmin immunitetinin daha da zəiflədiyi şəraitdə baş verir.

Yay xəstəliklərindən necə qorunmaq olar?

Sualın ilkin cavabı budur – immunitetinizi qoruyun! Kəskin temperatur fərqlərindən qaçın, kondisionerin soyudub sərinləşdirdiyi otaqdan bürkülü küçəyə çıxıb geri qayıtmağın intensivliyini azaldın. Temperatur fərqinin kəskinliyi immun sisteminin müdafiə qabiliyyətinə ağır zərbə vurduğundan, “qızıl orta”ya riayət etməyə çalışın. Çimərlikdə uzanaraq Günəş vannası qəbul etmək və dənizdə çimmək orqanizm üçün yüngül olmayan sınaqdır. Prosedurlara yavaş-yavaş başlayın, 12:00-16:00 arasında çimərlikdə istirahət etmək məsləhət deyil.

İlk iki-üç gündə çimərlikdə olarkən dəri yetərincə qaralmadısa, eyb etməz. Dördüncü gün orqanizm daha ciddi prosedurlara hazır olacaq.



Yay günlərində bədən təribiyəsi və idman çox xeyirlidir. Açıq havada idman orqanizmi oksigenlə zənginləşdirir və mübadilə proseslərini fəallaşdırır. Belədə sağlamlığı hətta bərk olmayan adamlar belə, bürkülü günlərdə özlərini adi günlərlə müqayisədə daha yaxşı hiss edirlər.

Yay günlərində xəmir təamları, yağlı və hisə verilmiş ətdən uzaq durun, meyvə-tərəvəz və ağartı ilə qidalanmağa üstünlük verin. Duz və istiotun qədərini bilin, mümkün qədər adi su için.

İsti havada müxtəlif xəstəliklərin yaranma risklərini azaltmaq üçün bürkülü saatlarda qəhvə və enerjili içkilərə çox aludə olmayın. Yay günlərində ürək əzələləri onsuz da gərgin çalışdığından qan təzyiqini artırmağın mənası yoxdur. Yayda qazlı sular, meyvə şirələri, tünd olmayan və ya ot çayları içmək məsləhətdir. Yanğını kəmşirin kompot da əla söndürür.

Dərman preparatları qəbul edən insanlar yay günlərində vitaminlər və ya farmasevtik preparatların dozasını azaldır, meyvə-tərəvəz yeyilərkən onların tərkibində orqanizmə düşən vitaminlərin yetərli olduğunu düşünürlər. Belə vəziyyətdə ən yaxış çıxış yolu stabillikdir, çünki dərman preparatlarının miqdarının istənilən şəkildə dəyişməsi orqanizm üçün stressdir. Bədən isə belə stressə çox gözlənilməz şəkildə cavab verə bilər.

Bürkülü günlərdə soyuq hava mənbəyinin yanında olmaq xüsusilə təhlükəlidir. Hətta yüngül sərin külək belə, zökəm və soyuqdəyməyə səbəb ola bilər. İllah da ki, qapalı məkanda kondisioneri maksimal soyutma rejimi ilə işlətmək olmaz. Otaqda temperaturun azaldılması ilə bağlı həkimlərin məsləhəti belədir: temperaturu mövcud rəqəmlən maksimum 1-2 dərəcə aşağı salmaq gərəkdir. Yalnız belə olarsa, kondisionerin zərəri minimal ola bilər. Soyuducudakı buz bağlamış və ya çox soyumuş içkilər də ən müxtəlif xəstəliklərin mənbəyinə çevrilə bilər.

Ən yaxşısı budur ki, soyuducudan çıxarılmış qab və ya banka 5-8 dəqiqə qalsın, bir qədər isinsin.



Ərzaq məhsullarına da ciddi diqqət verin, çünki yüksək temperaturlar meyvə-tərəvəzin saxlanma müddətini dəfələrlə azaldır. Eyni qayda istisnasız olaraq bütün yeməklərə və xörəklərə də aiddir.

Çimməyə yollananda unutmayın ki, mədə-bağırsaq infeksiyalarının tam əksəriyyəti su ilə əla ötürülür. Buna görə şəxsi gigiyenaya ciddi diqqət verin, yetərincə emal edilməmiş məhsullardan qida qismində istifadə etməyin.

Yayda xəstəliklərdən qorunun



İlin bütün fəsilləri ilə yanaşı, yayda da orqanizmin əla vəziyyətdə saxlanmasının əsas qaydası stresslərdən çəkinməkdir. Stress orqanizmin kənar qıcıqlara cavab reaksiyasıdır və müxtəlif insanların orqanizmlərində də stress müstəqil, fərqli şəkildə yaranır.


Gərgin vəziyyət yaranıbsa, ortamı ağırlaşdırmayın və imkan varsa, baş verənlərə mümkün qədər nikbinliklə baxın.

Ürəkdir o, dəmir deyil…

Yayın orta dönəmi hətta sağlam ürək üçün belə, təhlükəlidir.

Bürkülü havada ürək çatışmazlığının əsas təzahür formaları zəiflik, təngnəfəslik, döş qəfəsindəki ağırlıq, gözlərdə qaralma və başgicəllənmədir.

Bürkülü havada nəbzin daha sürətlə vurması orqanizmdə suyun azalması və damarların reaksiyası ilə bağlı olaraq ürəyə ikiqat ağırlığın düşməsi ilə bağlıdır. Belə hallarda mütləq kardioloqa müraciət edin, çünki bürkülü havalarda stenokardiya tutmaları riski ikiqat artır.

Ürək-damar sistemində çatışmazlıq olan şəxslər yayda günün altında maksimum 15-20 dəqiqə qalmalı, soyuq suda və ya dənizdə “xilas olmağa” çalışmamalıdır: belə olarsa, damarlarda spazmalar yarana bilər.

Orqanizm sürəkli olaraq su ilə təmin edilməli, yağlı yeməklərdən imtina edilməli, meyvə, tərəvəz və ağartıya üstünlük verilməlidir.

Angina, zökəm və soyuqdəymə bu xəstəliklərin payız-qış səciyyəli olması barədə geniş yayılmış təsəvvürlərə rəğmən, artıq yay xəstəlikləri də sayıla bilər.

Bürkülü havada orqanizmin zökəm və ya soyuqdəyməyə mübtəla olmasının başlıca səbəbləri kondisionerlər ucbatından temperatur fərqinin 10 və daha çox dərəcə olması, isti havada çox soyuq içkilər və dondurmadan istifadədir.

Orqanizmin istənilən formada temperaturunun aşağı düşməsi immunitetə zərbə, hər insanın bədənində olan mikroorqanizmlərə özünü göstərmək imkanının yaradılmasıdır.
Məhz bu səbəbdən yayda tonzillit, faringit və laringit yaranır.

Boğazdakı ağ “ərp” anginaya dəlalət edir. Bu xəstəliyin müalicəsi üçün qızdırma salan dərmanlar yetərli deyil.

Angina zamanı ilkin yardım qismində boğazda ağrını və hərarəti azaldan “Nurofen”, “Strepsils”, “Qoldreks” preparatları qəbul olunmalıdır. Daha sonra bədəndəki toksinləri çıxarmaq və su balansını bərpa etmək üçün limonlu və ya zoğal mürəbbəli çay içmək məsləhətdir.

İstənilən halda həkimə müraciət edin, çünki bədəndəki halsızlıq, hərarətin artması, başağrısı başqa infeksion xəstəliklərin – məsələn, difteriya – ilkin təzahürləri ola bilər.

Üstəlik, “adi” angina yaxşı müalicə olunmayanda ürəyin revmatik zədələnməsində ilkin mərhələyə çevrilir. Anginanı doğuran stafilokokklar ürəyin birləşdirici toxumalarını zədələyərək miokardit və ya endokardit yarada bilər. Bundan başqa, tam müalicə edilməmiş angina tənəffüs yollarına sirayət edir, xroniki tonzillit yaradır.

Yayda anginanın müalicəsi 10 günə qədər davam etməlidir, çünki başqa infeksion xəstəliklər təki, hava-damla yolu ilə ötürülərək başqa adamlar üçün də real təhlükə mənbəyinə çevrilir.

Yayın isti günlərində həddən ziyadə su içmək də təhlükəlidir, çünki mədədə turşunun miqdarını azaldır, orqanizmin qida zəhərlənməsindən müdafiə imkanlarını aşağı salır. Fəqət, bol su içməkdən imtina etməyin: sadəcə, miqdarı bilin və ərzaq məhsullarının saxlanması və hazırlanması zamanı gigiyenaya riayət edin.

Bağırsaq infeksiyaları yay və bürkülü havanın əsas təhlükə mənbəyidir. Toksinlər su və ərzağa düşəndən sonra orqanizmi zəhərləyir, ən uzağı, iki saat ərzində ürəkbulanma, titrəmə, qusma, qarında kəskin ağrılara səbəb olur.

Ona görə də belə hallarda dərhal mədə tərkibinə marqans qatılmış 1 litr isti su ilə yuyulmalı, 4 həb aktivləşdirilmiş kömür içilməli, sonra isə “Mezim” və ya “Festal” qəbul edilməlidir.

Əvvəlki məqaləBöyrəkləri necə qorumaq olar? 8 qızıl qayda
Növbəti məqalədəDəri dartınmaları