Arzuolunmaz hamiləlikdən qorunmaq üçün qadınlara ginekoloqlar tərəfindən çox zaman “spiral” qoydurmaq təklif edilir. Dünyada 106 milyondan çox qadın “spiral” istifadə edir. “Spiral” elmi dildə “lippes lup” adlanır. Bu alətin spiral şəklində olması sonradan onun “spiral” adlandırılmasına səbəb olub. Buna “rəhmdaxili açar” da deyilir. T şəklində olan bu alət əsasən yeni uşaq dünyaya gətirmiş, menstruasiya sancısı az olan, nizamsız qanaxmaları olmayan, qansızlıq problemi yaşamayan qadınlara qoyulur. Spiral taxdırmağın ən uyğun günləri isə mensturasiyanın ikinci, üçüncü günləridir.
Mütəxəsislərin fikrincə, “spiral” arzuolunmaz hamiləyin qarşısını alan ən etibarlı üsuldur. Ancaq “spiral”ı olan qadının da hamilə qalmaq ehtimalı var. Bəs bu, hansı hallarda baş verə bilər?
Mövzu ilə bağlı Aile.lent.az-a danışan həkim ginekoloq Yayla Babayevanın sözlərinə görə, “spiral” qoyduran zaman 1 faiz hamilə qalmaq şansı var. Əgər “spiral” yerindən oynayıbsa, hamilə qalmaq ehtimalı daha yüksək olur: “”Spiral” olduğu halda hamiləliyin baş tutması “spiral” tərpəndiyi zaman mümkün ola bilər. Spiral yer dəyişibsə, sürüşübsə, hamiləlik ehtimalı artır. Buna görə də spiral qoydurulduqdan 1 ay sonra həkim müayinəsindən keçmək lazımdı. “Spiral”ın sürüşdüyünü transvaginal USM vasitəsilə müəyyən etmək mümkündür. “Spiral”ın sürüşməsinə onun səhv qoyulması ilə yanaşı, doğuşdan sonar uşaqlıq boynunun genişlənməsi səbəb ola bilər. Əgər “spiral” qoyulduğu halda hamiləlik baş tutubsa, hamiləlik ilk həftələrdə, ən gec 3 aylığında sonlandırılmalı və “spiral” çıxarılmalıdır. Spiral çıxarılmazsa, çox güman ki, hamiləlik sonlana bilər. Hamiləlik davam edərsə, spiralı çıxarmaq mümkün olmazsa, bu hamiləlik zamanı qadın müxtəlif infeskiyalara yoluxa, suyu tez açıla və erkən doğuş ola bilər”.
Ginekoloq qeyd edir ki, bəzi qadınlar “spiral” olduğu halda hamilə qaldıqları təqdirdə o uşağı dünyaya gətirməyi düşünürlər. Amma unudurlar ki, bu uşağın normal doğulma şansı çox azdır. Həmin uşaqda hər hansı bir çatışmazlıq mütləq olacaq.
Y.Babayeva bildirir ki, “spiral”ın əks təsirləri də olduğuna görə, bu, hər qadına qoyulmur. Spiralın qoyulması menstruasiya sancılarını artıra bilər. Ümumiyyətlə, belə ağrılar və ləkə şəklində qanaxmalar 3 ay müddətində davam edər, ondan sonra tamamilə keçər. Ağrı və qanaxma 3 ay müddətində keçmirsə, “spiral”ı çıxarmaq mütləqdir. Çünki bu, bədənin “spiral”ı qəbul etmədiyi anlamına gəlir.
“Spiral” naşı həkim tərəfindən taxılarsa, qadının infeksiyaya yoluxması və rəhminin deşilməsi baş verə bilər. Rəhm deşilərsə, “spiral” qarın boşluğuna düşə bilər və mütləq açıq əməliyyata ehtiyac duyular. Belə vəziyyətlərdə də hamiləlik baş tuta bilər: “Ümumiyyətlə, “spiral” doğuşdan 6 həftə, qeysəriyyə kəsiyi əməliyyatından 12 həftə sonra qoyulur. “Spiral” qoyulduğu andan etibarən uşaqlığı arzuolunmaz hamiləlikdən qorumağa başlayır. “Spiral”lar müxtəlif müddətlərə qoyulur. Bu müddət 3 və ya 5 il ola bilər. Azmüddətli spirallar 1 illiyinə qoyulur. Amma bütün hallarda həkim nəzarəti mütləqdir”.
Əgər qadında müalicə edilməmiş uşaqlıq boynu xəstəliyi, yumurtalıq problemi, uşaqlıq ağzı xərçəngi, hər hansı cinsi xəstəlik, infeksiya, vaginal qanaxma varsa, uşağı düşübsə və ya doğuşdan sonra sepsis keçiribsə, ona “spiral” qoymaq olmaz.
“Spiral” qoyulduqdan sonra çox az hallarda cinsi əlaqədən sonra qanaxma müşahidə edilə bilər.
Həkimin sözlərinə görə, uzun müddətli “spiral”lar sağlamlıq üçün zərərli ola bilər. Buna görə də qısa müddətli “spiral”lara daha çox üstünlük vermək lazımdır. “Spiral” qoyduran qadın yenidən ana olmaq istədiyi təqdirdə “spiral” çıxarılır və bir müddət müalicə aldıqdan sonra yenidən hamilə qalmaq mümkün olur: “Bəzən xalq arasında “spiral”ın xərçəng yaratdığı deyilir. “Spiral” professional mütəxəssis tərəfindən qoyulubsa, qadının orqanizmi tərəfindən qəbul edilibsə, sürüşmə, deşilmə yoxdursa, heç bir problem yoxdur”.
Qeyd edək ki, spiralların qiymətləri materiallarına və qoyulma müddətinə görə dəyişir. Siz bu kiçik əməliyyatı 50, 150 və hətta 300 manata belə etdirə bilərsiniz. Hər bir halda seçdiyiniz həkimin peşəkarlığından əmin olmalısınız.