Səhər yeməyi: Yeyək, yoxsa yeməyək?
Səhər yeməyi günün ən vacib yeməyidir. O yaxşı başlanğıcdır, cana xeyri var, adamı acmağa qoymur, metabolizmə kömək edir və kökəltmir.
Yəni bizə belə deyiblər.
Lakin bəzi alimlər deyirlər ki, bunların hamısı boş əfsanədir.
Elə isə səhər yeməyinin nazı ilə oynamağa dəyərmi?
Tədqiqatlar göstərir ki, səhər yeməyini ötürmək artıq çəkili və qarınqulu adamlar arasında daha geniş yayılıb.
Lakin bu, qorxulu aldanış ola bilər. Tutaq ki, dondurma satışı ilə yanaşı günəş şüaları qəbul edənlərin sayı artıb. Bu o demək deyildir ki, günəşdə qaralanlarla dondurma arasında bağlılıq var.
Ola bilsin ki, səhər yeməyi ilə bağlı başqa bir sirr var. Məsələn, daha fəal, daha yaxşı pəhrizə malik, sağlam həyat tərzli insanlar səliqə ilə səhər yeməyini də yeyirlər.
Birləşmiş Krallıq Milli Qarınqululuq Monitorinqinin yeni hesabatı səhər yeməyini sağlam həyat tərzinin bir hissəsi kimi qəbul etsə də, onun Bədənin Kütlə İndeksi (çəki) ilə dolayısı ilə əlaqəsinin olub-olmaması tam aydın deyildir. Səhər yeməyinin başqa həyat tərzi faktorları kimi sağlam çəkiyə fayda verib-vermədiyi də bilinmir.

Səhər yeməyi eksperimentləri

Bu sahədə aparılmış bəzi təcrübələr də səhər yeməyinin belin incəliyinə təsirini aydınlaşdırmayıb.
“American Journal of Clinical Nutrition” yazır ki, bu təcrübələrdən ən böyüyündə 300 artıq çəkili və ya kök insana dörd ay ərzində səhər yeməyini yeməyi və ya ötürməyi tapşırıblar.
Bu təcrübəni Alabama Universitetində aparmış professor David Allison deyir ki, bütün hallarda səhər yeməyi çəki itirilməsinə səbəb olmayıb.
Amma səhər yeməyini adətən ötürənlər, onu müntəzəm qəbul etmək qərarına gəliblərsə, diqqət etməlidirlər ki, günün o biri yeməklərini bir qədər azaltsınlar.
Elə isə hökumətin məsləhəti tamamilə yanlışdırmı?
Professor Allison deyir ki, hökumət bunu artıq çəkiyə qarşı məsləhət görürsə, ortalıqda elmi sübut yoxdur.
Sağlamlıq barədə bu yazımız da sizi maraqlandıra bilər: 

Doktor Alison Tedstone dünya boyunca səhər yeməyinin faydalı bir şey olduğunu deyən çoxsaylı təşkilatlardan birini təmsil edir. O da deyir ki, səhər yeməyindən imtina edənlərin əksəriyyəti kökəlməyə meylli olur. Bunu artıq eşitmişik.
Lakin Public Health England təşkilatının baş qidalanma eksperti doktor Tedstone bunu da deyir ki, səhər yeməyi ilə çəki arasındakı bağlılığa dair sübutlar qəti deyil.
Bununla belə, o bu qənaətdədir ki, səhər yeməyi yeməklərin ən rahatıdır və bizi gün ərzində müxtəlif zərərli qəlyanaltılardan xilas edir.
“Bu, yemək vaxtlarından ən sağlamıdır, ona nəzarət etmək də asandır” – deyir doktor.

Sağlam səhər yeməyi nədir?

Mükəmməl səhər yeməyi deyilən bir şey yoxdur, lakin professor Tedstone məsləhət görür ki, “liflər” barədə düşünək.
“Ümumilikdə bizim yeməyimizdə kifayət qədər lif olmur. Səhər yeməyində lif qəbul etmək üçün imkanlar çoxdur” – deyir alim.
“Elə sıyığı götürək, həm ucuzdur, həm də dadlı” – deyir Tedstone.
Sıyıq kimi lifli səhər yeməklərinə meyvəni, qara çörəyi və bəzi səhər kəpəklərini də aid etmək olar.
Amma bir sıra yüksək lifli kəpəklərə çoxlu duz və ya şəkər əlavə edilmiş ola bilər.
Oksford Universitetindən qidalanma alimi Susan Jebb deyir ki, səhər yeməyi üçün nəzərdə tutulmuş kəpəklərdən baş açmaq çətindir.
O deyir ki, kəpəkləri alarkən onların üstünü yaxşı oxumaq lazımdır. Tərkibində daha az şəkər olan kəpəklərə meyvə qurusu əlavə etməklə “dadlandırmaq” olar.
“Mən insanlara səhər yeməyinə meyvə əlavə etməyi məsləhət görərdim. Meyvə şirəsindənsə, meyvənin özündə daha çox lif olur” – deyir professor.

Beyin üçün yanacaq

Səhər yeməyinin müdafiəçiləri deyirlər ki, o, uşaqaların məktəbdəki fəaliyyətini yaxşlılaşdırır.

2015-ci ildə Kardif Universitetində aparılmış təcrübələr də bunu göstərib.
Amma indi bu araşdırmanın nəticələri də çək-çevir edilir.
Bristol Universitetindən professor David Rogersin fikrincə, uşağın səhər yeməyini, əsasən intizamsız ailələrdə ötürürlər. Belə ailələrdən olan uşaqların məktəbdə pis oxuması da başa düşüləndir.
Bütün bunlardan nə nəticəyə gəlirik?
Professor Jebb deyir: “Əgər siz bir qayda olaraq səhər yeməyini qəbul edirsinizsə, onu mümkün qədər sağlam etməyə çalışın. Yox əgər səhər yeməyini ötürürsünüzsə, mən sizə onu mütləq yeməyi tövsiyə etmirəm, amma bu barədə düşünməyə dəyər” – deyib alim.
Lakin professor Allison çəkisindən narahat olanlara məsləhət görür ki, həm səhər yeməyini qəbul etməyi, həm də ötürməyi sınaqdan çıxarsınlar və hansının onlar üçün daha münasib olduğunu müəyyən etsinlər. Amma əgər səhər yeməyini ötürmüsünüzsə, çalışın ki, saat 11-də filan sosis piroqu yeməyəsiniz.
Səhər yeməyinin faydalı olduğunu deyən elm, onu o qədər də ehtirasla müdafiə etmir. Ən azı yetkinlik yaşına çatmışlar üçün.
Bütün bunları yazsam da bir kasa südlü kəpək yeməyindən əl çəkən deyiləm.
Bu, şəxsən mənim üçün günə yaxşı bir başlanğıcdır. Bunu etməsəm, aclıq fikrimi yayındırır. İstəsəm hətta bir az meyvə də yeyə bilərəm.

Əvvəlki məqaləOruclu ər və arvad öpüşə bilər – İlahiyyatçıdan açıqlama
Növbəti məqalədəQarın əritmək istəyənlər üçün 11 məsləhət