Həm çox ye, həm də arıq qal: bu, necə olur?

Atalar hədər deməyiblər ki, “Nə yediyini de, xəstəliyini deyim”. Düzgün qidalanmadığımızdan artıq çəki problemi çox adamın baş ağrısına çevrilib. Artıq çəkidən can qurtarmağın yolu isə hamının bildiyi pəhrizdir. Lakin bəzən pəhrizin orqanizmimizə nə kimi fəsadlara yol açacağını belə, düşünmürük.

Bu gün effektli nəticələr vəd edən pəhrizlərin sayı həddindən artıq çoxdur. Lakin sağlamlığımıza ziyan vurmadan, bədən quruluşunu yaxşılaşdıra bilən pəhrizi necə seçmək olar?


Dietoloq-biokimist Firidun Məməqani açıqlamasında bildirdi ki, hər bir şəxs üçün xüsusi pəhriz seçilməlidir: “Çalışın, pəhrizi sizin üçün həkim-dietoloq seçsin. Ən əsası da, piylənmə ilə yanaşı, şəkərli diabet, ürək çatışmazlığı və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən insanlar sərbəst pəhrizdən uzaq olmalıdırlar. Əgər piylənmə həddini aşmayıbsa, sağlam adam istənilən pəhrizə üz tuta bilər.

Ekzotik ərzaqları da qida rasionuna ehtiyatla daxil etmək lazımdır. Unutmamalıyıq ki, qida tərkibinin gözlənilmədən dəyişməsi allergiyalara səbəb ola bilər. Pəhrizi diqqətlə öyrənmək və ona nə qədər dözə biləcəyinizi bilmək lazımdır”.

Dieta – həyat tərzidir

“”Dieta” – yunan dilindən tərcümədə “həyat tərzi” deməkdir. Bu isə o deməkdir ki, elə bir pəhriz seçməlisiniz ki, bütün ömrü boyu sizi müşahidə edəcək.

Monopəhrizlər o qədər də məsləhətli deyil. Çünki bu cür pəhrizlər, yəni rasiona konkret qidaları daxil edib, qalan hər şeydən imtina etməli olduğunuz pəhrizlər, 1-2 həftə üçün yararlı olur.

Unutmaq lazım deyil ki, bir müddət pəhrizə diqqətlə riayət etdikdən sonra, insan gözəçarpacaq dərəcədə zəifləyir. Amma pəhrizi başa vurduqdan sonra yenidən çəki arta bilər. Bu səbəbdən stabil arıqlamaq istəyənlər üçün qısamüddətli pəhrizlər heç uyğun deyil. Monopəhrizi yalnız bir gün, adi pəhrizə əlavə kimi saxlamaq olar. Bu cür pəhrizlər orqanizmi təmizləmək üçün də yaxşıdır”, – F. Məməqani dedi.

Ən xeyirli monopəhriz

“20-dən çox monopəhriz məlumdur. Misal üçün, meyvə, tərəvəz, kefir, kəsmik, ət və s. kimi monopəhrizlər saxlanılır. Artıq çəkidən tez bir zamanda canını qurtarmaq istəyən isə həftədə bir dəfə monopəhriz saxlasa, yaxşı olar. Ən xeyirli mono-pəhriz almadandır. Çünki almanın tərkibində orqanizm üçün vacib olan və başqa heç bir qidada rast gəlinməyən maddələr var. Bu isə onunla izah olunur ki, almanın tərkibində orqanizm üçün vacib olan və başqa heç bir qidada rast gəlinməyən maddələr var”, – F. Məməqani dedi.

Pəhriz zamanı nələri nəzərə almaq lazımdır?

Dietoloqun dediyinə görə, çəkini lazım olan səviyyədə saxlamaq və mədə-bağırsaq xəstəliklərinin qarşısını almaq üçün gündə ən azı, 4 dəfə qidalanmaq lazımdır: “Çünki qidalanmalar arasında uzun fasilə olduqda, istər-istəməz iştah artır. Bundan sonra isə özünə nəzarət edib, az yemək çox çətindir.

Şam yeməyi axşam saat 7-dən ötməməlidir

Bəzi insanlar səhər yeməklərini yaxşı yeyə bilmirlər. Lakin günün sonunda iştahları artır. Çünki axşam çox yedikdə, həzm sistemi dincəlmir. Bu isə çox ziyandır. Axşamlar qəbul edilən qida, piyə daha intensiv çevrilir.

Əgər siz pəhriz tutduğunuz müddətdə aclıq hissi keçirirsinizsə və bununla bacarmırsınızsa, yaxşı olardı ki, pəhrizi dayandırasınız. Pəhriz zamanı çəkinizi daim tərəzidə yoxlamalısınız ki, hər gün çəkinizi qeyd edəsiniz”.

Pəhrizin xeyri:

– Pəhrizə başladıqdan sonra özünüzü fiziki və mənəvi cəhətdən cavanlaşmış hiss edirsiniz.
– Əhval – ruhiyyəniz və iş qabiliyyətiniz artıb, əsəbilik yoxdur.
– Pəhrizin köməyi ilə ideal çəkinizi saxlaya bilirsiniz.

Dietoloqumuz F. Məməqanidən pəhriz reçepti təqdim edirik:

1-ci səhər yeməyi: 1 ədəd qaynadılmış yumurta, şəkərsiz kofe və ya çay

2-ci səhər yeməyi: (saat 12-də) bir az yağsız kəsmik, kefir və ya 1 stəkan tərəvəz şirəsi.

Nahar yeməyi: 170 q toyuq, balıq və ya ət, təzə tərəvəzdən hazırlanmış, limon şirəsi əlavə olunmuş salat, hansısa şirin olmayan meyvə və ya 170 q çiyələk, gilas və ya albalı.

Şam yeməyi: sakitləşdirici və vitaminli otlardan çay dəmləməsi.

Əvvəlki məqaləGələcək körpənin cinsinin planlaşdırılması
Növbəti məqalədəSaçlarım niyə tökülür?