Qış aylarının stabil keçməməsi özlüyündə bir çox narahatlığa səbəb olur ki, bu narahatlıqdan biri də gözlərin sulanmasıdır. Yol boyu sanki ağlayırmış kimi görüntü bəxş edən insanlar bütün göz sulanmalarını soyuq hava və qış fəsli ilə əlaqələndirirlər. Kimisi də sulanmaları qripin əlamətləri kimi qəbul edir. Əslində isə göz sulanmasının tək səbəbkarı fəsil, yaxud soyuqlar deyil.

Göz yaşı insan orqanizmi üçün çox vacib mayedir. Bu mayenin tərkibində lazımi qədər komponent birləşdikdə gözün qoruyucu təbəqəsini əmələ gətirir. Bu təbəqə gözü tozlardan, infeksiyalardan qoruyur. İnsan göz yaşları 3 yerə bölünür. Birinci tip göz yaşları emosiyalardan yaranır və insan sevinəndə, yaxud kədərlənəndə ifraz olunur. İkinci tip göz yaşları reflektorlu göz yaşlarıdır ki, bu cür göz yaşları refleks zamanı yaranır. Güclü işıqdan, doğranan soğandan və s. yaranan göz yaşları refleks göz yaşlarıdır. Üçüncü tip göz yaşları isə bazal göz yaşlarıdır ki, bu da adi göz yaşlarıdır. Toz, yaxud yad cismin təması zamanı yaranır və qısa zamanda quruyur. Bu səbəblərdən olmayan və daimi narahatlıq yaradan göz yaşları isə gözlərdə olan problemin xəbərçisi ola bilər.
Həkim oftolmoloq Xəlil Özcan bildirir ki, gözlərdə bol su varsa ya gözlərin sulanması normadan artıqdır, ya da gözlərin suyunun boşalmasına səbəb olan kanallarda bir pozğunluq var. Gözlərdə normadan çox su olmasının səbəbi gözə yad cismin toxunması, iltihablanmalar ola bilir: “Göz yaşı kanalının tutulmasına da səbəb iltihabi, yaxud mexaniki ola bilər. İltihabi olduqda gözə əl dəsmalından, yaxud qış aylarında əlcəklərdən, çirkli əllərdən mikrob düşür və bu da sulanmağa səbəb olur. Mexaniki isə göz qapaqlarında olan əyrilikdən ola bilər. Göz qapaqlarının burun tərəfdən uclarına nəzər salsaq görərik ki, orda kiçik nöqtələr var. Həmin deşik nöqtələr suyun çəkilməsinə kömək edir. Göz qapaqları çölə doğru olduqda həmin noqtələr suyu deyil, havanı çəkməyə başlayar. Bu da o deməkdir ki, göz qapağının anormallığı da göz yaşlarının bol olmasına səbəb ola bilər”.

Göz sulanmasının narahatlıqlarından biri gözlərin yaxşı görməməsidir. Su ilə dolan gözlər hər şeyi lupa ilə böyüdülmüş kimi göstərir. Daimi salfetlərlə gözlərin silinməsi refleks olaraq göz yaşlarının daha da artmasına səbəb olacaq. Mikrobların gözə keçmə ehtimalını da unutmamaq lazımdır. Göz yaşları çox olan adamlar soyuq və küləkli havada gəzdikləri zaman göz yaşlarında artım olacaq. Soyuq hava sadəcə göz yaşları bol olan insanlar üçün yaş artırır, normal gözlərə ağladacaq qədər təsir etmir.

X.Özcanın sözlərinə görə, bir insanda göz sulanması varsa, o, əvvəlcə həkimə müraciət etməlidir. Birinci halda gözdə zəifləmələr, göz kanallarının daralması, yaxud gözdə qlaukoma yaranır və göz sulanması ilə müşahidə olunur. İkinci halda gözdə heç bir zəifləmə və narahatlıq olmur, amma sulanırsa, bunun səbəbi kompüter, telefon və şiddətli işıqdır. Gözlərdə sulanma, quruluq, yanma, batma, qızarma, qaşınma kimi narahatlıqların yaranmasında şüalı alətlərin rolu danılmazdır: “Gözlərin sulanmasının səbəbləri araşdırıldığı zaman gözlərdə heç bir xəstəlik faktoru aşkar edilməzsə, deməli bu gözlərin ən böyük düşməni kompüter və telefonlardır. Bu gün 10 il əvvələ nəzər salsaq, eynəkli gənclərin sayı çoxdur. Optik linza istifadə edənlər də eynəyə keçsə, o zaman daha çox eynəkli insan müşahidə etmək olar. Gözlərə istirahət verilməzsə, günün 5 saatdan çoxunu kompüter arxasında və qalan saatları telefona baxaraq keçirilərsə, bu gözlərdə narahatlığın yaranması qaçılmazdır”.
Gözümüz niyə sulanır? – diqqət…
Xəstəliyi olmayan, amma sulanan gözləri bu problemdən qurtarmaq üçün əvvəla onlara istirahət verilməlidir. Həmsöhbətimiz qeyd edir ki, lazım olmayanda hətta televizordan da uzaq durmaq lazımdır: “Apteklərdə kompüterlərin şüasından qorunmaq üçün anti-şüa eynəklər satılır. Bu eynəklərin heç bir xeyri yoxdur. Gün ərzində gur işığa baxan, telefondan yayınmayan gözləri heç bir eynək nə sulanmadan, nə zəifləmədən qoruya bilməz. İş zamanı gözlərinizi tez-tez qırpın. Daimi bir nöqtəyə baxmayın. Ekranın işığını minimuma endirin. İş qurtaranda gözlərinizi yumun dincəlsin. Televizora baxmayın, səsləri dinləyin. Bir müddət sonra gözlərin sulanması, qıcıqlanması da dayanacaq”.

Apteklərdə olan göz damcılarının da həkim nəzarəti olmadan istifadə edilməsi yolverilməzdir. Çünki gözdəki problemin nə olduğu müəyyən edilməyib və səhv göz damcıları problemin daha da artmasına səbəb ola bilər: “Göz damcıları fərqlidir. Quru gözlər üçün, zəif gözlər üçün, göz infeksiyalarının qarşısını almaq üçün və s. Yanlış tətbiq olunan göz yaşı damlası gözlərin sağlamlığını yerinə gətirməz əksinə problem yarada bilər. Ona görə, həkim məsləhət bilmədikcə gözə müdaxilə etmək olmaz”.

Gözlərin güclü olması isə qidadan birbaşa asılıdır. Normal qidalanmaq və vitaminlər qəbul etmək gözlərin sonradan yaranan zəifliyinin qarşısını almaqla yanaşı daha sağlam olmasına da imkan yaradacaq.

Əvvəlki məqaləAyaqlarımızın gözəlliyini pozan varikoz xəstəliyi
Növbəti məqalədəSağlam saçlar üçün məsləhətlər