sağlamlıqKompüter, telefon və digər elektron vasitələrlə uzun müddət vaxt keçirmək görmə qabiliyyətinin zəifləməsinə səbəb olur. Həkimlərin dediyinə görə, həmin vasitələrin 4 saat fasiləsiz istifadəsi nəticəsində gözün əzələ sisteminə düşən gərginlik artır və bu, göz yorğunluğuna aparıb çıxarır. Ona görə də onlara gün ərzində ən azı 2 saat dinclik verilməlidir.
Həkim-oftalmoloq Vüsalə Əsədova deyib: “Uşaqlarda miopiya adlandırılan uzaqgörmə problemi olduqda elektron vasitələrdən çox istifadə edilməsi həmin prosesin daha da sürətlənməsinə səbəb olur. İstər böyüklərin, istərsə də uşaqların uzun müddət elektron vasitələrdən istifadə etməsi gözdə quruluq yaradır, çünki beyin göz qırpmağı unudur. Gözqırpma sayının azalması isə gözdə quruluğun yaranmasına səbəb olur. Kompüterdən istifadə edənlər onu göz məsafəsində saxlamalıdırlar, yəni göz məsafəsindən daha yüksəkdə olanda göz qapaqları daha çox açılır və bu da quruluğun artmasına səbəb olur”.
Bəzən gözdə ağrı, yanma kimi hallar yaşandıqda həkim məsləhəti olmadan müxtəlif göz damcılarından istifadə edilməsi tövsiyə olunmur. Eyni zamanda şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər də elektron vasitələrlə az vaxt keçirməlidirlər.
“Görmə zəifliyinin əsas səbəblərindən biri də şəkərli diabetin təsiridir. Buna tibbi dildə diabetik retinopatiya deyilir. Gözün kökündə, yəni sinir təbəqəsində ciddi qansızmalara, torlu qişa adlandırılan sinir təbəqəsinin qopmasına və görmə qabiliyyətinin tamam itməsinə qədər gedən ciddi xəstəlikdir. Bəzi damcılardan, xüsusilə steroid tərkibli damcılardan uzun müddət istifadə gözdə el arasında “mirvari suyu” deyilən kataraktanın, “qara su” deyilən qlaukomanın yaranmasına səbəb olur. Həkim məsləhəti olmadan damcılardan istifadə etmək düzgün deyil”, – deyə həkim-oftalmoloq bildirib.
Eyni zamanda görməni yaxşılaşdırmaq üçün gözləri gün ərzində azı üç-dörd dəfə məşq etdirmək lazımdır.

Əvvəlki məqaləYenidoğulmuşların gülüşünün sirri
Növbəti məqalədəİnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına liderlik edir