sağlamlıq

Ovulyasiyanın olmaması və ya ləngiməsinin səbəblərindən biri də uzunmüddətli və güclü emosional streslər ola bilər.

Məsələ burasındadır ki, streslər baş beyində yerləşmiş olan və ovulyasiyanı stimullaşdıran hormonlar hazırlayan, hipotalamus və hipofiz vəzilərinə təsir edir.

Streslərin təsiri altında bu hormonların sintez olunması (hazırlanması) kəskin şəkildə azala bilər ki, bu da ovulyasiyanın pozulması və nəticə etibarı ilə sonsuzluğun baş verməsi ilə nəticələnə bilər.

 

Həkimlərin ümumi rəyinə görə, xeyli dərəcədə siqaret çəkilməsi və kofe içilməsinə aludə olan insanlarda yumurta hüceyrəsinin mayalanması və rüşeymin uşaqlıq divarına implantasiyası prosesləri müəyyən qədər çətinləşmiş olur.

Bir çox hallarda qadınlarda sonsuzluğun səbəbi sadə savadsızlıq olur! Belə ki, əgər hər dəfə cinsi əlaqədən bilavasitə sonra, qadın “mikroblardan qorunmaq üçün” uşaqlıq yolunu güclü su axarı ilə yuyursa, onun hamilə olmaq ehtimalı, əlbəttə ki, çox az olur.

Mayalanmanın çətinliklə baş verməsi, həmçinin uşaqlıqdaxili vasitələrin (spiral) xaric edilməsindən sonra da ola bilər.

Əgər qadın hər hansı bir səbəbdən antibiotik preparatları qəbul edirsə və ya bir qədər əvvəl qəbul etmişdirsə, bu da uşaqlıq yolunda bakterial floranın pozulmasına səbəb olaraq mayalanmanın baş verməsinə mane ola bilər.

Qadınlar arasında sonsuzluğun baş verməsinin əsas səbəblərindən biri də abortlardır (süni uşaqsalma) – daha dəqiq desək, onların fəsadlarıdır. Aborta məruz qalmış hər bir qadın özünü onun baş verə biləcək fəsadlarından qoruya bilmək iqtidarında deyil. Süni uşaqsalma əməliyyatlarından sonra qadınlarda bir çox hallarda uşaqlığın, uşaqlıq yolunun, uşaqlıq borularının, yumurtalıqların kəskin iltihablaşması prosesi baş verir ki, bu da gələcəkdə sonsuzluğun baş verməsinin əsas səbəblərindən biri ola bilər. Abortlardan sonra qadın orqanizmində hormonal pozğunluqlar baş vermiş olur ki, bu da gələcəkdə qadın sonsuzluğunun baş verməsinə səbəb ola bilər. Abortlardan sonra olan ən qorxulu fəsadlardan biri də güclü uşaqlıq qanaxmalarıdır. Bir çox hallarda belə qanaxmaların aradan qaldırılması qarşısında aciz qalmış həkimlər, qadının həyatını xilas etmək üçün onun uşaqlığını xaric etməli olurlar. Bu isə nəticə etibarı ilə qadının nə vaxtsa ana olmaq arzusunun sonu deməkdir.

Əvvəlki məqaləSarı cisim və onun funksiyaları
Növbəti məqalədəQadınlarda hormonal pozulmalar və sonsuzluq