ana südü

Ağlayan uşağı sakitləşdirmək üçün ona döş verməkdən yaxşı üsul yoxdur. Bu zaman sanki möcüzə baş verir: körpə bir göz qırpımında sakitləşir və döş əmməyə başlayır. Yalnız döş əmizdirməsi körpəni sakitləşdirir, ona komfort və qorunma hissi yaşadır. Bu cür qidalandırmanın üstün cəhəti ondadır ki, mərkəzi sinir sisteminin funksiyasını normallaşdırır, bu isə öz növbəsində bütün orqan və sistemlərin işinə müsbət təsir göstərir, çünki orqan və sistemlər mərkəzi sinir sisteminin başçılığı altında işləyir. Ona görə də ilk aylarda körpəni tez-tez döşə götürməyin əhəmiyyəti vardır.
İlk iki ayda körpə döşə 12 dəfə və daha çox gedə bilər. Zaman keçdikcə o əmdiyi südün miqdarını artırır, nəticədə döş əmmələr arasındakı vaxt uzanır. 4-6 aylıqda körpə artıq 3-3.5 saatdan bir döş əmir.

Südün miqdarını artırmaq üçün döşü daim sağmaq lazımdırmı?

Düzgün əmizdirmə zamanı südün sağılmasına xüsusi hallarda ehtiyac yaranır. Həyat qadın orqanizmini elə yaradıb ki, ifraz olunan südün miqdarı körpənin tələbatından asılı olur və onun iştahası ilə tənzim olunur. Körpə nə qədər çox əmərsə o qədər çox süd ifraz olunur.
Lakin bəzi hallarda sağmağa ehtiyac olur:
– Əgər ana ilə uşaq sağlamlıq vəziyyəti ilə əlaqədar bir-birindən ayrı dururlarsa, bu halda yalnız müntəzəm, sutkada hər 10-15dəq-dən bir olmaqla 8-10 dəfə sağdıqda laktasiyanı normal saxlamaq olar.
– Əgər anaya bir neçə saatlıq harasa getmək tələb olunarsa;
– Əgər doğuşdan sonra süd anada erkən əmələ gələrsə və döşdə süd durğunluğu yaranarsa (laktostaz)- bu halda sağmanı tam aparmırlar və bu qadının vəziyyətinin yaxşılaşmasına qədər davam etdirilir, əks halda süd daim ifraz olunacaq və laktostaz daha da artacaq.
– Əgər körpə səhhəti ilə əlaqədar ilk günlərdə az süd əmərsə və südün miqdarı azalmağa başlayarsa sağma sutkada 5-6 dəfə aparılır.

Döş südünün düzgün sağılması.

Döş südünü əl vasitəsilə və ya molokootsos (südsağan) vasitəsilə sağmaq olar. Sağmazdan əvvəl əlləri sabunla yumaq, steril qab hazırlamaq və döşü axar su ilə sabunsuz yumaq və qaynanmış su ilə silmək lazımdır. Sağmazdan qabaq döş giləsini krem və ya mazla mazlamaq olmaz. Hazırki dövrdə döş südünün sağılması əsasən südsağan vasitəsilə aparılır. Bunun üçün müxtəlif südsağan formaları istehsal olunur, ən sadədən (məslən, rezin armudlu) ən mürəkkəb elektrik südsağanlara qədər (batareya və ya tokla işləyən).
Əllə sağma aşağıdakı şəkildə aparılır: rahat vəziyyət seçilməli, böyük və göstərici barmaqla döş giləsi tutulmalı və yüngül sıxaraq barmaqlarla gilə istiqamətində olmaqla süzülməlidir. Əgər bu hissədə süd qutararsa barmaqların yeri dəyişilir və proseduranı yenidən yerinə yetirirlər. Bu bir neçə dəfə aparılır və bütün südlə dolu rezervuarlar boşaldılır. Bir proseduranın ümumi müddəti 10-15dəq. çəkir.

Sağılmış südü necə saxlamalı və necə istifadə etməli?

Döş südü bakteriya, virus və göbələkəleyhinə maddələrlə təşkil olunduğundan uzun muddət saxlanıla bilər. Onu yaxşı olar ki, steril şüşə və ya plastik qaba sağasınız.
Döş südündə çoxlu yağlar vardır, ona görə də sağılmış halda o tez müddətdə çoxqatlı şəkil alır-bu sizi qorxutmamalıdır, qarışdırdıqda öz əvvəlki vəziyyətinə qayıdır. Döş südü otaq temperaturunda 6 saat, soyuducuda 2 sutka, adi soyuducunun buzluğunda isə 1-2 həftə saxlanıla bilər.
Sağılmış südü istifadə etmək üçün onu qızdırmaq lazımdır. Bunun üçün döş südü ilə dolu flakon içərisində qaynar su olan qaba qoyulur və müntəzəm olaraq silkələnir. Döş südünü açıq ocaqda və mikrovolnovka peçində qızdırmaq olmaz.
Yadda saxlayın: Düzgün döş əmizdirməsi zamanı döş sağmaya ehtiyac qalmır. Döşün sağılması ekstremal hallarda tələb olunur.

Əvvəlki məqaləCinsi istəyi üzdən anlamaq mümkündür?!
Növbəti məqalədəDepressiyanın idmanla müalicəsi..