Kartof cipsiləri yalnız ölkəmizdə deyil, bütün dünyada istər uşaqların,
istərsə də böyüklərin ən çox sevdiyi və tükətdiyi məhsullar içində yer
alır. Sevildiyi və çox satıldığı üçün, bu gün müxtəlif tərkibli cipsilər
dükanların vitrinlərini bəzəyirlər. Qiymətləri 40 qəpikdən başlayaraq
artan bu məhsulları bir çox ekspertlər uşaqların həyatında əsl təhlükə
mənbəyi hesab edir. Bütün uşaqların sevimli qidasına çevrilən kartof
cipsiləri əslində bu kiçik bədənlər üçün zəhərə bərabərdir. Təsadüfi
deyil ki, insan orqanizmi üçün təhlükəli və yararsız qida məhsulları
siyahısında cipsilər birinci yer tutur. Mütəxəssislər hesab edir ki,
kartof çipsiləri ürək xəstəlikləri, piylənmə, sonsuzluq və xərçəng
riskini artıraraq uşaqların gələcəyini məhv edir.

Cipsilər piylənməyə səbəb olur

Pediatr Mehriban Cəlilovanın
sözlərinə görə, uşaqlarda yaranan piylənmə onların həyatında yaşlılara
nisbətən daha təhlükəli fəsadlar törədir: “Araşdırmalara görə, cipsinin
uşaqlarda yaratdığı ən böyük fəsad piylənmədir. Uşaq orqanizmi yenicə
inkişaf etməyə başladığı üçün bu dövrdə piylənmə gələcəkdə səhhətində
ciddi problemlər yaradır. Onlarda piylənmənin yaratdığı problemlər zaman
keçdikdən sonra şəkər və başqa ciddi xəstəliklərə yol aça bilər.
Bununla yanaşı piylənmə qanda xolesterinin miqdarını artırır”.

Siqaret qədər təhlükəlidir

Dünya
Sağlamlıq Təşkilatı və Amerika Qida və Dərman Təşkilatı hesab edir ki,
bir yetkinin gündə ən çox 6 qram duz alması və 65 qram yağ istehlak
etməsi lazımdır. Lakin, gündə 2 paket cipsi yeyən uşaq bu nisbətləri
həddən çox aşır. Bu iki təşkilatın mütəxəssislərinə görə, onların qəbul
etdiyi yağ miqdarının içində ürəyə zərərli olan doymuş yağ nisbətinin 20
qramı aşmaması lazımdır. “Siqaret qədər təhlükəli olan” işlənmiş
yağların isə heç istehlak edilməməsi vurğulanır. Uşaqlarımızın yediyi
100 qramlıq paket kartof cipsində 25-33 qram arasında yağ var. Dünyada
satılan kartof cipsilərinin üzərində yazılmadığı üçün hansı nisbətdə
işlənmiş yağdan istifadə edildiyini öyrənə bilmirik. Ancaq İngiltərə
Ürək Sağlamlığı Təşkilatının məlumatlarına görə, 100 qramlıq kartof
cipsilərindəki doymuş yağ nisbəti 10, işlənmiş yağ nisbəti isə 3 qrama
qədər ola bilir. Duz nisbəti də 3 qrama qədər yüksəlir. Başqa cür desək,
gündə 100 qramlıq iki paket cipsi yeyən uşaq əslində bir yetkin şəxsin
alması lazım olan yağ və duz nisbətini istehlak etmiş olur. Doymuş yağ
istehlakı 20 qramı aşdığı zaman piylənmə riskini 80 faiz, ürək
xəstəliklərinə tutulma riskini isə 60 faiz artırır. Bununla yanaşı,
kartof cipslərinin yağda qızardılması əsnasında ortaya çıxan “akrilamid”
adlı maddənin xərçəngə gətirib çıxardığı istiqamətində elmi müzakirələr
aparılır.

“Cipsi yemək yağ içməyə bərabərdir”

Xatırladaq
ki, bu araşdırmalardan sonra Böyük Britaniya ölkədə cipsi satışını
qadağan etdi və “Cipsi yemək yağ içməyə bərabərdir” şüarıyla kompaniya
başlatdı. Təşkilata görə, 35 qramlıq cipsi paketində 2,5 çay qaşığı
yeməli yağdan istifadə edilir. Hər il dünyada 36 milyarda paket cipsi
satılır, bu o deməkdir ki, cipsilərdə istifadə edilən yağ ilə gündə iki
Olimpik üzmə hovuzu doldurula bilər.

Azərbaycanda da cipsilərə
olan tələbat ürək açan deyil. Belə ki, ərzaq məhsulları satılan
mağazalara yollandıq və cipsi satışı ilə bağlı satıcılarla söhbətləşdik.
Onlar bizimlə söhbətində, cipsilərin ən çox satılan qidalar arasında
olduğunu söylədilər: “Cipsilərin müştəriləri ən çox məktəb uşaqları olur
və ən çox ədviyyatlı cipsilər, suxarilər alırlar”.

Qeyd edək ki,
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyən
qidaların siyahısını açıqlayıb. Məktəblərdə və bağçalarda qadağan edilən
siyahıların içində cipsilər də yer alır. Məktəb bufetlərindən cipsi ala
bilməyən uşaqlar dükanlardan alaraq ehtiyaclarını ödəyirlər.

“Cipsi satışı dayandırılmalıdır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində cipsilərin istehsalında genetik modifikasiya olunmuş
(GMO) kartofdan istifadə edildiyini bildirdi: “Bu mövzuda daim bu işlə
məşğul olan dünyanın bütün təşkilatları, o cümlədən beynəlxalq
istehlakçılar təşkilatı Azad İstehlakçılar Birliyinə və digər yerli
nümayəndələrə məlumatlar verirlər ki, uşaq müəssisələrində, məktəb
bufetlərində o cümlədən «Mc Donalds» şəbəkələrində kartof cipsilərinə,
qarğıdalı çöplərinə, suxariklərə son qoyulsun. Çünki, bu cür şəbəkələrdə
satılan cipsilər GMO məhsullardır və üstəlik duzlu və qovurulmuşdur.
Bunlar orqanizmdə müəyyən fəsadlar yaratdığı üçün Dövlət orqanlarının
məktəb bufetlərində apardığı araşdırmaları və yaratdığı standartı mən
zəruri hesab edirəm”.

E.Hüseynovun sözlərinə görə, təşkilat
olaraq belə məhsulların satışının qarşısını almaq üçün müəyyən işlər
görülməsinə baxmayaraq yaxşı nailiyyət əldə etmək mümkün deyil: “Çünki,
istehlakçı hüquqlarını qoruyan dövlət orqanlarının bu sahədə işlərini
çox zəif hesab edirəm. Dövlətin orqanlarını kiçik yaşlı uşaqların
xeyrinə qərarlar qəbul edir, lakin onu icra edən orqanlar işlərini
düzgün yerinə yetirmirlər. Mən düşünürəm ki, cipsilər yalnız məktəb
bufetlərində deyil, ölkədə də tamamilə ləğv edilməlidir”.

Əvvəlki məqaləMətbəxdəki üç möcüzə
Növbəti məqalədəSaç tökülməsi nə zaman diqqətə alınmalıdır?