Düşməni deyə bilmərəm, amma qadınlar tanıdığı, yaxud tanımadığı həmcinsi ilə qarşılaşanda ilk olaraq onun ayaqqabılarını nəzərdən keçirir. Çünki xanımlar belə hesab edirlər ki, geyimdə əsas sözü məhz zövqlə seçilmiş ayaqqabı deyir. Qalan əşyalar isə onun köməkçiləridir. Qüsursuz və zərif ayaqqabılar xanımların ən həssas nöqtələridir… Xüsusən də hündür daban ayaqqabılardan nə qədər çox alsalar da, “doya” bilmirlər, geyinməsələr də, zövq almaq xətrinə onlara böyük bir sərvət xərcləyirlər.
Zərif cinsin nümayəndələrini çox çəkici göstərdiyi üçün buna böyük səhv demək olmaz. Onun yaranma tarixi də çox qədim zamanlara dayanır. Keçmişdə indiki zamandan fərqli olaraq ayaqqabının ayağı isti saxlaması və rahat olması kifayət idi. İlk ayaqqabılar həsirdən toxunurdu və qızılla bəzədilirdi. Bu ayaqqabılar əlbəttə ki, fironlar və varlı təbəqə üçün tikilirdi.
Ayaqqabını icad edənin kimliyi barəsində dəqiq məlumat olmasa da, mütəxəssislər hündür daban ayaqqabının fərdi istifadə sayəsində ortaya çıxdığına inanır. Misirli fermerlər torpağa batmamaq üçün ayaqqabıların altına əlavə daban taxırmışlar. At sürən kişilər yəhərin üzərində rahat dayanmaq üçün hündür daban ayaqqabıdan istifadə edirmişlər. Müasir hündür daban ayaqqabını isə Leonardo Da Vinçi hazırlayıb. Hündür daban ayaqqabı 17-ci əsrdə yayılmağa başlayıb.1680-ci ildə qadınlar bir dəyənəyin köməyi ilə gedə biləcəkləri qədər hündür və incə hündür daban ayaqqabılar geyinməyə başlayır.
Nazik dabanlı tufliləri heç bir əlavəsiz və qayışsız geyinmək həm asan, həm də çox rahatdır. Bu ayaqqabı tipi ilk dəfə XVI əsrdə yaranıb. Maraqlısı odur ki, bu ayaqqabıların ilk sahibləri yalnız kişilər olub. Ən yüksək hündür daban ayaqqabıları ancaq soylu ailələr geyinirdi. Qırmızı dabanlı ayaqqabıları da ancaq soylu ailələrin geyinməsinə icazə verilirdi.18-ci əsrdə kişilər hündür daban ayaqqabıları geyinməyi tərgidirlər. Artıq qadınlar 10-12 sm-ə çatan hündür daban ayaqqabılar geyinməyə başlayır. Bu ayaqqabıların qadınlar üçün zəriflik göstəricisi olduğuna inanırdılar.
1789-cu ildə fransız qiyamı ilə birlikdə hündür daban ayaqqabı dəbi yerini yastı daban ayaqqabılara verir. 50 il ərzində qadınlar öz sağlamlıqları haqda düşünərək altı düz səndəllər geyindilər. Ballarda belə zərif ipək ayaqqabılardan istifadə edilirdi. Ancaq 19-cu əsrdə hündür daban ayaqqabı dəbi geri qayıdır. Gənc və subay qadınlar hündür daban ayaqqabı geyindikdə daha cazibədar göründüklərini düşünsələr də, bilmədikləri bir çox məsələ vardı. Bu cür ayaqqabılar orta çəkidə olan qadınları daha da kök göstərirdi. Çox incə ayaqları olanlar isə hündür daban ayaqqabıda çox pis görünürdülər. Ancaq balaca bir daban bu cür ayaqları daha gözəl göstərirdi.
Dabanı 4 sm-dən hündür olmayan tuflilər XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmağa başlayır. 1906-cı ildə fransız ayaqqabı dizayneri Andre Perudcia qadınlar üçün indiyədək tələb olunan “stiletto” ayaqqabı modelini yaradır. Bu ayaqqabılar nazik və iti burunlu olduğu üçün, iti uclu alətə bənzədilirdi. Stiletto adı da buradan qaynaqlanır. Stilettonun iti burunlu, hündür nazik dabanı qadın ayaqlarını olduqca zərif və incə göstərir. Stilettolar məşhurluğunun pik nöqtəsini XX əsrin 50-ci illərində yaşayır.
Roje Vinenin Christian Dior üçün hazırladığı ayaqqabı modeli
Bütün dövrlər üçün nəzərdə tutulan hündür daban ayaqqabılar