Ailə – insanların hüzur, aramlıq, mənəvi və fiziki rahatlıq içində yaşaya bilmələri üçün universal həyat modelidir. Bu həyatın başlanğıcı kəbindir və kəbin sanki ailə quran şəxslərə Allah-təalanın xeyir-duasıdır.

Ailənin qorunması və möhkəmliyi isə bilavasitə insanların, yəni ailə üzvlərinin özündən asılıdır. Allahın ayələrini, müqəddəs şəxslərin tövsiyələrini, sağlam məntiqin və əxlaq normalarının göstərişlərini izləyən şəxs həqiqətən, öz ailə həyatını cənnətə çevirə bilər.

Peyğəmbərimiz kişilərə müraciət edərək: “həyat yoldaşlarınız Allahın sizə əmanətidir” buyurmuşdur. Hər kəs ona tapşırılmış əmanəti qorumaqda cavabdehdir və əmanət sahibinə hesabat verəcəkdir. Qadınlarla rəftar zamanı kişilər bu nüansı unutmamalıdırlar.

Qadınlara xoşbəxtlik bəxş etmək üçün bəzi sadə əxlaq və davranış qaydalarına riayət etmək kifayətdir. Kişi unutmamalıdır ki, onun özünün də xoşbəxtliyi, mənəvi rahatlığı qadının mənəvi əhval-ruhiyyəsindən asılıdır. Qadının narazı və əsəbi olduğu, özünü bədbəxt hesab etdiyi bir ailədə kişinin də rahatlığı pozulacaq. Eyni məsələ kişilərə münasibətdə də keçərlidir.

Aşağıda öz həyat yoldaşına həqiqi xoşbəxtlk, inam və sevgi bəxş etmək istəyən müsəlman kişilər üçün bəzi məsləhətlər verilir. İmkan dairəsində bunlara əməl etməyi tövsiyə edirik. Bu göstərişlərə kimin hansı dərəcədə əməl etməsi əslində ailənin nə qədər xoşbəxt olacağını şərtləndirəcək.

1. Evə girəndə mütləq salam verin, həyat yoldaşınızı “Salam əleyküm” sözü ilə qarşılayın. Salamlaşmaq “sehirli” xüsusiyyətə malikdir, istər-istəməz insanda müsbət əhval-ruhiyyə yaradır.

2. İşdən evə gələrkən problemlərinizi də özünüzlə evə gətirməyin. İşə aid bütün problemləri, necə deyərlər, evin qapısının ağzında qoyub içəri girin.

3. İşdən evə gələrkən aqressiv olmayın. Qoy həyat yoldaşınız özünü sizin yanınızda təhlükəsiz və güvənlikdə hiss etsin.

4. Əgər həyat yoldaşınız üçün sizin işiniz maraqlı deyilsə, onu zorla öz işiniz barədə danışdıqlarınızı dinləməyə məcbur etməyin.

5. Bunun əksinə, onu maraqlandıran mövzularda söhbət etməyə çalışın. Həyat yoldaşınızın maraq dairəsinə uyğun və sizin də təbiətinizə zidd olmayan mövzularda söhbət edin. Onun zövqünə uyğun olan mahnıları birlikdə dinləyin, filmlərə birlikdə baxın (əlbəttə, dinin icazə verdiyi incəsənətdən söhbət gedir).

6. Həyat yoldaşınızı dinləməyi bacarın, onun fikirlərinə hörmətlə yanaşın və bunu ona hiss etdirin.

7. Ailədə öz üstünlüyünüzdən sui-istifadə etməyin. Çalışın ki, ailənin başçısı olduğunuzu siz özünüz vurğulamadan da duya biləsiniz. Heç zaman işləyib ailəyə pul gətirdiyinizi və həyat yoldaşınızı yedirib-içirdiyinizi onun üzünə vurmayın. Allah bəzən bir şəxsin ruzisini başqasının vasitəsilə yetirir.

8. Həyat yoldaşınızın da ailədə özünəməxsus yeri olduğunu bildirməkdən utanmayın. Sizin üçün və ümumilikdə ailəniz üçün onun əvəzedilməz olduğunu diqqətinə çatdırın.

9. Heç kimin, hətta uşaqların da yanında onu əskiltməyin, təhqir etməyin, incitməyin. Uşaqların öz analarına hörmətsizlik etməsinə icazə verməyin. Təsəvvür edin ki, eyni hal sizin də başınıza gələ bilər. Həyat yoldaşınıza hörmət edin ki, o da sizə hörmət etsin və uşaqları da sizə hörmət etmək ruhunda tərbiyələndirsin.

10. Həyat yoldaşınızın gözündə yaraşıqlı və səliqəli görünməyə çalışın, ətir vurun, saç-saqqalınızı darayın, təmiz geyinin. Peyğəmbərimiz və imamlarımız, böyük səhabələr, məşhur alimlər həmişə bu qaydaya əməl etməyə çalışırdılar. Necə ki, qadın öz ərinin xoşuna gəlməyə çalışmalıdır, həmçinin, kişi də öz arvadının sevgisinə hədəf olmağa can atmalıdır. Səliqəsizlik, pintilik həyat yoldaşınızı sizdən uzaqlaşdıra bilər.

11. Həyat yoldaşınızla danışarkən sözlərinizi və hərəkətlərinizi elə seçib nizamlayın ki, onun qəlbini incitməyəsiniz. Bəzi hədislərə görə, qadının qəlbi büllur qab kimidir; onu sınmağa qoymayın.

12. Həyat yoldaşınıza məsləhət verəndə də bunu yumşaq formada və mütləq təklikdə edin; problemi başqalarının müzakirəsinə çıxarmayın.

13. Onunla məsləhətləşməkdən utanmayın. Müzakirə zamanı öz fikrinizi onun fikrindən üstün tutmağa və öz sözünüzü diktə etməyə çalışmayın. Xüsusilə, qadını alçaldan, onunla məsləhətləşməyi qadağan edən şübhəli hədisləri misal gətirməyin.

14. Həyat yoldaşınıza qarşı səxavətli olun, simiclik etməyin. Bu, sizin ona dəyər verdiyinizə bir sübutdur.

15. Əsəbiləşərkən qəzəbinizi büruza verməkdən bacardıqca çəkinin, hirsinizi qadının üzərinə tökməyin. İmkan verməyin ki, şeytan qəzəb vasitəsilə sizə hökm etsin. Unutmayın ki, qəzəbli halda dediyiniz sözə və etdiyiniz hərəkətə görə sonra peşman olacaqsınız.

16. Heç zaman həyat yoldaşınıza qarşı qəddarlıq və amansızlıq etməyin. Həddi aşmayın, həddi aşanları Allah sevməz.

Əvvəlki məqaləAnaların nəzərinə: körpənizi bu şəraitdə yatırmayın!
Növbəti məqalədəGünəbaxan tumları insanı cavanlaşdırır