hamiləlikQadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, normal doğumun sağlamlıq üçün faydalı olduğunu bildirib.
Həkim normal doğumun ana və körpə üçün 10 faydasını sadalayıb.
“Doğum prosesi hər bir qadının həyatında yaşaya biləcəyi ən bənzərsiz və füsunkar hadisələrdən biridir. Bu təcrübənin xoşagəlməz və ya travmatik olaraq qəbul edilməsi doğru deyil. Bugünkü cəmiyyətdə keysəriyyə əməliyyatı, normal vaginal doğuma alternativ olaraq düşünülür. Amma bu əməliyyat yalnız ana və körpənin həyatına mənfi təsir göstərə biləcək bir vəziyyətdə edilməsi lazım olan cərrahi müdaxilədir.
Normal doğuş zamanı yaşanan mənfi təcrübələr səbəbindən, ağrılı olduğu düşüncəsi ilə və bunun körpə üçün daha riskli olduğunu düşünərək cütlüklər keysəriyyəyə üstünlük verirlər. Normal doğumla bağlı cəmiyyətdə yanlış inanclar aradan qaldırılmalıdır. Bu təbii prosesdir və əslində sağlamlıqla əlaqədar bir məsələdir. Normal doğum həm ana, həm də körpə üçün faydalıdır”,-deyə mütəxəssis qeyd edib.
Həkim bildirib ki, normal doğuşdan sonra orqanizmin bərpası daha sürətli və asan olur. Normal doğuşdan sonra infeksiya və qanaxma riski daha azdır. Ana südü daha qısa müddətdə gəlir. Normal doğuşla doğulan körpələrin əmmə refleksi daha yaxşı olur. Doğuşdan sonra ana daha sürətli arıqlayır.
“Doğuşdan sonra anada qəbizlik problemi az olur. Normal doğulan uşaqlarda uşaqlıqda astma və piylənmə riski daha azdır. Növbəti hamiləlikdə yaşana biləcək ciddi ağırlaşmaların (düşmə, ölü doğum, uşaqlıq divarının yırtılması, plasentanın yerləşdiyi yerin anomaliyaları) nisbəti daha aşağıdır. Körpə doğum kanalından keçərkən təzyiq səbəbindən ağciyərlərindəki amniotik maye boşalır. Ağciyərlərdə maye qaldıqda, yenidoğanın keçici taxipnesi (TTN) kimi tanınan tənəffüs problemi yarana bilər ki, bu da keysəriyyə ilə doğulan körpələrdə daha çox rast gəlinir. Normal doğuş zamanı doğum kanalında olan faydalı bakteriyaların qəbulu ilə körpənin immun sistemi güclənir”,-deyə ginekoloq sadalayıb.

Əvvəlki məqaləSağlam olmaq üçün bu salatı yeyin
Növbəti məqalədəAna südünü artırmağın yolları – Bunları yesəniz…