Körpələr – mənə görə xoşbəxtlikdir!

Yazını yazmağa başlayanda başlığa nə ad verim deyə çox düşündüm. Çox vacib və bütün dünyadakı insanlarla ortaq tərəfimiz olan, yan-yörəmizdə şahidi olduğumuz, ancaq yəqin ki, adi bir şey kimi baxdığımıza görə və dərin detallarına kimi düşünmədiyimiz və düşünməməklə çox şey itirdiyimiz mövzudakı bu məqaləmə mövzunun sahiblərinin “adına layiq” başlıq seçməliydim. Sonra hiss etdim ki, bu dəyəri mənim yazacağım başlıq verə bilməz. Yenə versə elə özləri, öz təbii, öyrəşdiyimiz və içində xəzinə yaşadan adları ilə özləri verərlər… Körpələr…

Yazacaqlarım dostlarımın, qohumlarımın körpələri ilə qazandığım təcrübədən və ətrafda şahid olduğum, eşitdiyim söhbətlərdən nəticə çıxardığım və oxucularla paylaşmağa ehtiyac duyduğum fikirlərimdir. Buyurun, budur, körpələr!

Körpələr – mənə görə xoşbəxtlikdir!

 1. Sevgi: Sevgilərini açıq-aşkar, çəkinmədən və qəlbən, sözlərə ehtiyac duymadan ifadə edirlər. Məsələn: dayandıq yerdə gəlib anasını bərk-bərk qucaqlayıb “ANAAA” deyərlər. Etraflarında qəmli görünən kimsə varsa, yanına gedib oxşayaraq, ən sevdikləri oyuncaqlarını və ən dadlı yeməklərini onunla paylaşmaq istəyərlər…

2. Sevinc: Körplər mənə görə sevincdir. Hər şeyə gülə bilən, əslində diqqət yetirsək hər an gülümsəyir simaları…Bizim üçün adi olan hərəkətlərə qəhqəhə çəkib gülə bilirlər.

3.Təbilik: Məncə əlavə nə deyə bilərəm ki, elə hər halları ilə təbidirlər körpələr.

4.Şəffaflıq: Nə istədiklərini və istəmədiklərini, fırlatmadan, uzatmadan, açıq və şəffaf şəkildə ifadə edirlər. “Acıdım, yemirəm, oynamaq istəyirəm, pişim var, evə getmək istəyirəm…! Bunun kimi başqa istəklər.

5.Yaradıcılıq: Heç bir məhdud, mənfi və öyrədilmiş inancları olmadığına görə hər vaxt yüksək səviyyədə yaradıcılıqla məşğul ola bilirlər. Məsələn: sizin rəsminizi çəkməyə çalışarkən başınızda yaylıq olduğu halda saçlarınızı 2 hissədə yığılmış (aramızda keçi saç düzümü dediyimiz) formada, köynəyinizin düymələrinin dəliyində quş yuvası çəkib quşları ora yerləşdirə bilmək kimi bir yaradıcılıq hissləri var bu yaradılışların 🙂

6.Saf maraq: Dünyadakı hər şey onlar üçün yenidir deyə hər şeyin necə olduğunu, necə işə salındığını, dünyaya necə gəldiyini, ağacın niyə quruduğunu, yarpağın niyə töküldüyünü, quşun niyə uçduğunu, filin niyə uçmadığını, hər şey, hər şeylə maraqlanırlar.

7.Təxəyyül: Xəyal etməyin pis və həqiqətdən kənar olduğuna dair inancda olmadıqlarına görə çox geniş təxəyyülə malikdirlər. Əgər sizinlə münasibətdədirlərsə, qəribə və maraqlı sualları ilə sizi də bir qədər xəyallara apara bilərlər.

 8.Azadlıq: Yemək, yatmaq, geyinmək kimi bir neçə fiziki ehtiyaclarına görə böyüklərinə möhtac olsalar da, məncə yuxarıda sadaladığım maddələrə görə tamamilə azaddırlar. Bunu dilə gətirə bilmirəm, onları seyr edərkən hiss etdiyim ən vacib dəyər azadlıqlarıdır.

Körpələr – mənə görə xoşbəxtlikdir!

Yuxarıda yazdıqlarımı oxudum və özümü düşündüm. Necə də qəribədir, körpələr bütün bunları təbii şəkildə tətbiq edir, mən yetkinlik yaşına çatmış biri olaraq bu xüsusiyyətləri özümə qazandırmağa və yaxud yeni tədbirlə desək potensialımın bu sahələrini oyandırmağa çalışıram. Görəsən indi yetkin olan insanlar körpəliklərində bu dəyər, davranış və bacarıqları bu formada gösətərirdi, yoxsa bu yeni nəslə aid olan xüsusiyyətlərdir? Körpəlikdə bütün bu insani potensialımız üzdə olduğu halda, böyüyəndə nə edirik, ya da bizə nə edirlər ki, dərin quyulara, qıfıllı sandıqlara giririk? Bir sual maraqlandırır məni, yaxşı, bəs “körpə potensialı”-nı boğmamış, əksinə inkişaf etdirmiş insanların yaşadığı bir cəmiyyət olsa, o necə olardı görəsən, belə cəmiyyətlə dünya necə görünərdi?…

Əvvəlki məqaləBoyun, sinə və döş nahiyəsinə necə qulluq etməli?
Növbəti məqalədəMeyvə çayınızı özünüz hazırlayın!