sağlamlıq

Qız uşaqlarında yumurtalıqda təxminən ovulyasiya edə biləcək 450 ədəd follikul olur. Orta hesabla 12- 13 yaşdan 55 yaşa qədər hər ay bir neçə follikul böyüyür, dominant follikul əmələ gəlir, ovulyasiya baş verir və mayalanma baş verməzsə proses menstruasiya ilə başa çatır.

Yaş artdıqca bu follikulların sayı azalır. Beləliklə, təxminən 40 yaşdan sonra qadın orqanizmində hormonal disbalans baş verir.

Belə ki, cinsi hormonlar bir çox orqanların işini idarə edən bioloji aktiv maddələrdir. Qadın cinsi hormonları orqanizmdə müxtəlif metabolik proseslərə nəzərəçarpan təsir göstərir.

Qadın cinsi hormonları üçün hədəf orqanlar 2 yerə bölünür:

Reproduktiv hədəf orqanlar:

– Cinsi orqanlar

– Hipotalamus və hipofiz

– Süd vəziləri

Qeyri- reproduktiv hədəf orqanlar:

– Beynin bütün hüceyrələri;

– Ürək- damar sistemi;

– Sümük- əzələ sistemi ( xüsusən çanaq dibi);

– Uretra və sidik kisəsi;

– Dəri, saçlar; ağzın, qırtlağın, gözün  selikli qişası

– Yoğun bağırsaq

– Qaraciyər

40 yaşdan etibarən, bütün endokrin vəzlərin və yumurtalıqların işini istiqamətləndirən hipotalamusda yaşla bağlı ilkin dəyişikliklər görünür, neyro-endokrin-vegetativ dəyişikliklər başlayır. Yumurtalıqların funksiyası tədricən zəifləyir və qadınların 60-80%-də klimaks inkişaf edir. Klimaks orqanizmin reproduktiv dövrün menopauza dövrünə keçdiyi normal fizioloji vəziyyətidir. Patoloji klimaksa klimakterik nevroz və disfunksional uşaqlıq qanaxması aid edilir.

Klimaksın ən çox rast gələn əlamətləri:

– İstibasmalar

– Yuxusuzluq

– Tərləmələr

– Başgicəllənmə

– Əsəbilik

– Miqrenəbənzər baş ağrıları

– Depressiya

– Sidik saxlaya bilməmək

– Osteoporoz

– Vaginal quruluq və s.

İstibasmalar klimaksın ən çox yayılan və qadınları ən çox narahat edən əlamətidir. İstibasmalar bədənin yuxarı hissəsində: üzdə və döş nahiyəsində istilik hissi, tərləmə və ürəkdöyünmə ilə müşayiət olunur. Bəzən tutmalar başgicəllənmə, səbəbsiz həyəcan, təngnəfəslik və zəifliklə özünü büruzə verir. İstibasmalar adətən 30 saniyədən 3 dəqiqəyə qədər, nadir hallarda 30 dəqiqəyə qədər davam edir və tez-tez titrətmə tutmaları ilə başa çatır. İstibasmalar öz-özlüyündə sağlamlıq üçün təhlükəli deyil, amma qadını çox narahat edir. Gecə istibasmaları yuxusuzluq yaradır. Üzücü istibasmalar yorğunluğa, əsəbiliyə, əhvalın pozulmasına və özgüvənin aşağı düşməsinə səbəb olur. İstibasmaların baş vermə müddəti individualdır və menopauzanın başlanma müddətindən asılıdır. Əksərən qadınlar bununla klimaksın başlanğıcında rastlaşırlar, 45-55 yaş arasında. İstibasmalar orqanizmin az miqdar estrogenə adaptasiyası ilə adətən öz-özünə keçir. Çox hallarda birinci və axırıncı istibasmalar arasında 1 ildən 3 ilə qədər vaxt keçir. Bəzən 5- 10 ilə qədər, nadir hallarda ömür boyu davam edir.

İstibasmaları dərinləşdirən səbəblər hansılardır? Bu, bir tərəfdən genetikadan, digər tərəfdən həyat tərzindən çox asılıdır. Belə ki, stress, narahatlıq, güclü emosional reaksiyalar, qan dövranı və ürək döyünməni artıran qida və içkilər belə səbəblərdəndir. Belə qidalara istənilən kəskin ədvalı yeməklər, çay, kofe və alkoqol aiddir. Bundan başqa artıq çəki, qapalı məkan, çox isti və ya sintetik geyim isinməyə və istibasmaların yaranmasına gətirir.

Hormonəvəzləyici terapiya bir çox hallarda klimaksın əlamətlərini tez aradan qaldırır. Lakin onların törətdiyi çoxsaylı yan təsirlər (ödem, iştahanın pozulması, artıq çəki, baş ağrısı, zəiflik, süd vəzilərinin şişkinliyi və s), istifadəsinə olan əks- göstərişlər (hormondan asılı şişlər, qaraciyər və böyrək çatışmazlığı və s.) bu preparatların istifadəsini xeyli məhdudlaşdırır, alternativ variantların axtarışını zəruri edir.

Hormon qəbul etmədən klimaksın əlaməti olan istibasmalardan necə qorunmaq olar? Birinci növbədə düzgün dietaya riayət edilməlidir:

– Gün ərzində 2 lt-ə qədər su için

– Duzun miqdarını azaldın

– Xörəkləri əsasən buxarda, sobada  hazırlayın

– Quş  və balıq ətinə üstünlük verin

– Sosiska, kolbasa, ərinmiş pendir, yağlı kəsmik və başqa süd məhsullarından imtina edin

– Tünd rəngli yarmalara üstünluk verin. Bunların tərkibində dəmir, B qrup vitaminlər, kalium və maqneziumun miqdarı çoxdur

– Qəbizliyin profilaktikası üçün yeməklərinizə kəpək əlavə edin

– Hər gün qoz ləpəsi qəbul edin: bu doymamış yağlar, zülal, mikroelementlər və kalsium mənbəyidir, həmçinin əhval ruhiyyənizi qaldırmağa kömək edəcək

– Gün ərzində 500 – 600 qr meyvə- tərəvəz yeyin

– Klimaks dövründə şəkər, ağ un, südlü şokalad, karamel və mürəbbələrdən az istifadə edin

– Kofeinli, alkoqollu, qazlı və şirin içkilərdən uzaq olun

Çəkinin azalması klimaksın bir çox əlamətlərini, eyni zamanda istibasmanı yüngülləşdirir. Paltarlar yüngül, təbii materialdan olmalıdır. İstibasmaları əhəmiyyətli dərəcədə artırdığı üçün stresdən uzaq olmaq vacibdir. Günümüzdə bu çox çətindir. Buna baxmayaraq gərginliyi azaltmaq üçün emosional verilişlərə, filmlərə baxmaqdan çəkinmək, evdə və işdə yersiz mübahisələrdən, konfliktlərdən uzaq olmaq lazımdır.