Dırnaqlar qadının baxımlı olmasının ən əsas şərtidir…

Saçı və dırnaqları qaydasında olan qadın hər kəsin diqqətini cəlb edə bilər. Toy günündə isə saçından dırnağına kimi mükəmməl görünmək hər gəlinin istəyidir. Bu özəl gündə nəinki geyiminiz, saçınız, aksesuarlarınız, elə dırnaqlarınız da diqqət mərkəzində olacaq. Bu dəfə öz toyuna hazırlaşan xanımlara əl və dırnaq baxımı ilə əlaqəli bəzi məsləhətlər verməyə çalışacağıq. Beləliklə, geyim və aksesuarların seçilib uyğunlaşdırılmasından sonra, qalır dırnaqların düzəldilib rənglənməsi.
Əllər
Dırnaq baxımından əvvəl əllərə qulluq vacibdir. Əllər də üz qədər həssas olduğu üçün davamlı baxıma ehtiyac duyur. Gündəlik nəmləndiricilər, qidalandırıcı kremlər, yağların istifadəsi əl dərisinin qorunub-saxlanmasında önəmlidir. Hər bir xanım toyundan bir müddət əvvəl əllərinin qayğısına qalmağa başlamalıdır. Bununla yanaşı toy günündə mum vannasından istifadə etmək effektli olacaq. Mum əlləri yumşadacaq və onları gözəl göstərəcək. Əllərə qulluğu tamamladıqdan sonra dırnaqlara keçmək olar.
Manikür
Klassik manikür hamıya yaxşı məlumdur və çoxlar məhz bu manikür növünə üstünlük verir. Bu zaman kutikula isti vannadan sonra çıxarılır. Kutikula işləndikdən sonra dırnağa lazımi forma verilir və mütləq “baza lakı” vurulur. Baza lakı dırnaqları qoruyur, tərkibinə vitamin və mikroelementlər daxil olduğu üçün onları sağlamlaşdırır, əsas lak tonunun yaxşı vurulmasına kömək edir və onun davamlılığını artırır.
Dırnaq formaları
Əgər barmaqlarınız qısadırsa və siz dordkünc dırnaq formasını sevirsinizsə, o zaman hec düşünmədən fransız manikürü ilə bu problemi aradan qaldıra bilərsiniz.
Toppuş barmaqlı ələ sahib olan xanımlar dırnaqlarını oval şəkildə manikür etsələr, əlləri yetərincə zərif görünəcək.
Uzun və incə barmaqlı xanımlar dördkünc-oval qarışıq dırnaq forması ilə əllərinə xüsusi gorünüş verməklə, gecənin mükəmməl obrazını tamamlayacaqlar.
Əgər dırnaqlarınız qırılırsa və yaxud formasında problem varsa, o zaman siz toy gününüzdə taxma dırnaq istifadə edə bilərsiniz. Moda “Ovçuları” taxma dırnaqları qəbul etməsələr də, gəlinlər üçün bunlar hələ də keçərlidir. Lakin bu il həm də qısa dırnaqlar dəbdə olduğu üçün sadəlik gözəllikdir deyib, təbi dırnaqlarınızı toy paltarınıza uyğun tonlarda bəzəyib, gəlin masasına əyləşə bilərsiniz.
Rəng trendi
2013-cü ilin yaz-yay gəlin dırnaq dəblərinə nəzər salsaq, bu ilin trendi nanə, yaşıl, metallik, bej və həmişə dəbdə olan ağ rənglərdir. Parlaq rənglərin üstünlük təşkil edəcəyi bu yaz-yay dəbində iki müxtəlif rəngli fransız manikürü də aktualdır. Bütün bunlarla yanaşı, qeyri-adi dırnaq dizaynları cəsarətli xanımların imicini tamamlayacaq. Ümumiyyətlə ilin manikür dəbi özünü sizin zovqünüzə təslim edəcək desək, yanılmarıq.
Dırnaq bəzəmək
Hələ qədim yunan və misir mədəniyyətində qadınlar dırnaqlarını bildikləri formada bəzəyirdilər. Bu gün də qadınların sevimli məşğuliyyətindən olan dırnağın bəzədilməsi xanımların əhval ruhiyyəsini yüksəltmək, əllərin zərifliyini vurğulamaqla yanaşı, həm də geyimi və aksesuarlarının tamamlamaq üçün düşünülmüş əla variantdır.
P.S Toy günü mükəmməl görünmək vacibdir. Lakin xirda bir detalın çatışmazlığına görə əhval-ruhiyyənizi korlamağa ehtiyac yoxdur, əziz xanımlar, unutmayın mükəmməl görünüşü bir də təbii, içdən gələn təbəssüm tamamlayır.
Əvvəlki məqaləHər növ dəri üçün üz maskaları
Növbəti məqalədəAğızdan pis qoxunun əmələ gəlməsi