Yay günləri bağ evlərində toplaşıb kabab çəkməyin ayrı ləzzəti var. Amma çox vaxt közdə bişirdiyimiz ətin dadı və yumşaqlığı bizi qane etmir. Günahı qəssabın üzərinə atmadan yaxşı düşünün. Bəlkə elə yalnış sizdədir.
Ən dadlı kababla qızardılmış ətin dadı bənzəməlidir. Odur ki, ketçup və ya soğan marinadı kababın dadını tamam dəyişə bilər. Əsl kababın tərkibi sadəcə ət, duz və istiotdan ibarət olmalıdır.
Marinadsız ətin dadını sevmirsinizsə, bunu ehmalca etmək lazımdır. Soğanı halqavarı doğrayıb, doğranmış tikələrə əlavə edin. Qoyun əti bişirəcəksinizsə, tikələri nanə yarpaqları ilə qarışdırın. Əgər toyuq əti hazırlayırsınızsa, tikələri öncədən kefirlə marinə edin.
Kabab üçün ən yaxşı odun yarpaqlı ağac növlərindən olur. Ağcaqayın və palıd ağacı buna ən yaxşı misaldır. İynəyarpaqlı ağacların budaqları isə, kababa acı dad qatır. Ocağın alovunu artırmaq üçün istifadə etdiyiniz, spirt və s. mayelər haqda ümumiyyətlə unudun.
Ən tez bişən kabab balıq kababıdır. Quş ətinin kababı isə bu siyahıda ikinci yerdədir. Üçüncü yerdə isə digər ət növləri durur. Əsl kababın əti yaxşıca qızarmalıdır.
Manqaldakı kömürlə ət arasında ən az 7 sm (4 barmaq ölçüsündə) məsafə olmalıdır. Manqalın bir tərəfini boş saxlamaq lazımdır ki, artıq bişmiş kabab şişi ora qoyulub, aşağı odda biraz da bişsin.
Yanmağa başlayan kömürü, yalnız duzla söndürmək olar. Çünki sudan fərqli olaraq, duz kömürün üzərinə sıçrayan yağın, bir də yenidən yanma ehtimalını 0-a endirir.