Deyirlər ki, ətirlər insan xarakterinin  aynasıdır. Seçdiyiniz ətir öz sahibi haqqında təsəvvür etdiyinizdən də çox məlumat verə bilər.

Şirin ətirlərdən istifadə edənlər mülayim, ünsiyyətcil və mehriban insanlardır. Sadiq dost və asanlıqla etibar ediləcək işçidir. Ancaq onların yaxın dostları azdır. Belələri qeyri-adi, gözəl və əntiq əşyaları çox xoşlayır, hətta kolleksiya da yığırlar. Səs-küylü yerləri sevmirlər, evdə oturub, sakit atmosferdə dincəlmək onlar üçün daha münasibdir.

Bitki qoxulu ətirləri sevənlər çox savadlı olub, alicənablıqları və yüksək dünyagörüşləri ilə seçilirlər. Klassik üslubu sevirlər. Yüksək səviyyəli işləri xoşlayır, bütün mövzularda danışmağı bacarırlar. Ən çətin hallarda belə özlərini idarə etməyi bacarırlar.

Şəffaf ətirləri sevən insanlar adətən  sağlamlıqlarının qeydinə qalırlar, idmanla məşğul olmağı, vaxtlarını təbiət qoynunda keçirməyi xoşlayırlar. Onlar bütün qidaların təzəsini sevir, dondurulmuş ərzaqlardan uzaq olurlar. Belə qoxuları xoşlayan çox vaxt vegeterianlar olur. Onlar enerjili, ağıllı və problemlərini asanlıqla həll etməyi bacarandırlar.

Şərq ətirlərini  sevənlər adət-ənənələrə bağlı insanlardır. Xırda aksessuarlar yığmağı sevirlər. Onlar böyük kütlə arasında çantalarındakı aksessuarlarından tanımaq olar. Şəxsi həyatları da ciddi olur. Bir dəfə sevir və ömürlərinin sonuna kimi də həyat yoldaşlarına sadiq qalırlar.

Sitrus qoxulu ətirləri sevən insanlar adətən yaxşı təşkilatçıdırlar. İşlərinə bağlı olub, nizam-intizamı sevirlər. İş həmişə şəxsi həyatdan öndə gedir. Tez hirslənir, özlərindən çıxırlar. Çətin işdən asanlıqla çıxmağı bacarırlar. Sevgidə hökmranlıq etməyi xoşlayırlar. Xəyanət və inamsızlıq onları özündən çıxarır.

Meyvə qoxulu ətirləri sevən insanlar isə  romantik olmurlar.Onlar üçün həyatın əsl mənası səs-küylü məclislərdə olmaq, əylənməkdir. Özlərinə tez dost tapırlar. Yaxın dostlarına kömək etməyi xoşlayırlar. Buna görə də onlara etibar etmək olar. Onların hobbisi qısa sevgi macəralarıdır.

Dəniz qoxulu ətirləri sevənlər isə qapalı şəraitdə olmağı xoşlamırlar. Sakit təbiətli olub, dənizi sevirlər. Çox dəbli aksessuarları sevmirlər, amma həmişə diqqət mərkəzində olurlar. Rahat geyimlərə üstünlük verirlər.Münaqişələrdən uzaq olmağa çalışırlar. Avanqard üslublu əşyaları xoşlayırlar. Sevgi münasibətlərində  dürüst olsalar da, tez-tez xəyanətlə üzləşirlər.

Soyuq qoxuları sevənlər əsl kollektiv adamıdırlar. İstirahəti sevmirlər. Dəb yenilikləri ilə maraqlanır, müasir incəsənəti xoşlayırlar. Ev işlərini sevmir, bunu havayı vaxt itkisi hesab edirlər. Kafedə, restoranda yeməyə üstünlük verirlər. Tanışları çox olsa da, dostları azdır. Özlərindən razı olub, ətrafdakı insanları həmişə özlərindən aşağı səviyyədə görürlər.

Müəllif: Samirə Tağıyeva,

Mənbə: “İki sahil”