gözəllik

Yod orqanizmdə baş verən proseslərin mübadiləsində iştirak edən çox vacib mikroelementdir.

Qalxanvari vəzi üçün çox önəmli olan bu mikroelement onun lazımi  hormonları istehsal etməsi üçün zəruridir. Çox hallarda, hamiləliyin  və uşağın bətndaxili inkişafı, qadın orqanizmində yodun miqdarından asılı olur. Təbii ki, yodun xarici gözəlliyə də təsiri az deyil. Orqanizmə yod çatışmadıqda iştahın çox olması, artıq çəki, dərinin iltihabi xəstəlikləri, saç və dırnaqların zəifləməsi, diş və damaqların xəstəlikləri kimi proseslər baş verir. Mikroelementlərlə zəngin olan və təbii ki, tərkibində yod olan dəniz suyu  insan dərisini hamar və elastik edir.

Yod həmçinin saçların gözəlliyində də az rol oynamır. Yod saçların tökülməsinin qarşısını alaraq, onlara möhkəmlik və parıltı verir. Bu isə onunla bağlıdır ki, yodun normal miqdarı ümumiyyətlə orqanizmdə və həmçinin  baş dərisinin hüceyrələrində baş verən proseslərin mübadiləsinə təsir edir. Bunun nəticəsində saçlar daha çox qidalanaraq möhkəm və sağlıqlı olurlar.  Bəs yodu gündəlik hansı qida məhsullarında tapa bilərik?

Sualımızı cavablandıran həkim-pediatr Tərlan Eyyubov “Şərq”ə açıqlamasında bildirib ki, əsasən dəniz məhsulları, alma, gavalı, albalı, pomidor, kök, çuğundur, süd və süd məhsulları yodla zəngindir. Həkimin sözlərinə görə, yod bədəndə yığılma xüsusiyyətinə malik olmaması  səbəbindən orqanizmi gündəlik olaraq yodla təmin etmək lazımdır:

“Orqanizmi yodla təmin etməkdə diqqətli olmaq vacibdir, çünki onun defistiliyi ilə bərabər normadan artıq olması da eyni dərəcədə ziyanlıdır”.

Həkim qeyd edib ki, yod məhlulu uşaq travmaları – sıyrılma, dişləmə, dizlərin və dirsəklərin əzilməsi zamanı istifadə edilən birinci vasitədir: “Yodun spirtli məhlulu 100 ildən artıqdır ki, hər zaman yaralar üçün istifadə edilir.

Bu zərərsizləşdirmə üsulu təzə səthi yaralar, qanaxma ilə müşayiət olunmayan dəri tamlığının pozulması zamanı istifadə edilir. Yodun spirtli məhlulu dərinin səthi və dərin olmayan kəsilmiş yaraları, sıyrıntılar, dişlənmələr (gənə, ağcaqanad) zamanı istifadə edilə bilər. Az miqdarda yara səthinə çəkilməsi məsləhətdir.

Bu zaman dərinin rəngi qəhvəyi rəngə boyanır. Pasiyent 1-2 dəqiqə müddətində diskomfort, yanma hiss edə bilər. Yodu açıq dərin və böyük yaraya epitelləşmə prosesi başlayana qədər vurmaq yolverilməzdir.

Əks halda yara toxuması yod tərəfindən yanır və nəticə olaraq sağalma prosesi ləngiyir. Buna görə də yoddan istifadə edərkən bu nüanslara diqqət yetirmək lazımdır”.

Əvvəlki məqaləOrqanizmdə gizli iltihab olduğunu göstərən əlamətlər
Növbəti məqalədəTez-tez sidiyə getməyin səbəbləri – Nədən şübhələnməli?