Yaxşı maaş, nüfuzlu iş yeri və ya sürətli karyera inkişafına nail olmaq üçün əlverişli peşələri seçmək asan deyil. Postsovet məkanının əksər ölkələrində olduğu kimi, Azərbaycanda da artıq iş və ixtisasın müəyyənləşməsi, sonra da həmin müəyyənləşmiş seçimlə “hədəf” aranması prosesi kökündən dəyişib. İndi təyinatla iş yerinin təmin edildiyi sahələr həddən azdır. Yox əgər aranızda ucqar kəndlərdə pedaqoq və ya dənizdə xilasedici çalışmaq, yaxud da gecə növbəsində yol tikintisində işləmək istəyənlər varsa – problem hiss etməyəcəklər. Bu peşələrdə işləmək istəyənlərə həmişə ehtiyac olub, var və çox yəqin ki, bundan sonra da olacaq.
Perspektiv karyera inkişafı və yaxşı maaşın təmin olunduğu peşələr hansılardır? Maddi rifah halının yüksək olmasa da, orta səviyyəsi üçün hansı ixtisasları seçməli? Ən başlıcası – davranış və xasiyyətin peşəyə, ixtisasa uyğunluğu necədir?

Bu peşələrdə çalışanlar uduzmaz…Həmin peşələr üzrə təklif edilən real aylıq maaşları da göstəririk ki, karyeranızda dəyişiklik etmək və ya həmin karyeraya başlamaq fikrinə düşsəniz, seçimdə izafi çətinlik çəkməyəsiniz.

1. Maliyyə analitiki. Təbii ki, pul saymağı hamı bacarır. Amma maliyyənin normal iqtisadi təhlilini aparmaq az sayda insanların işidir. Bu vəzifədəki insanlara güclü hissiyyat və qüsursuz məntiq gərəkdir. Bakıdakı şirkət sahiblərinin və rəhbərlərinin dediklərinə görə, onların əksəriyyətində maliyyə analitiki vəzifəsində çalışanlar sabiq kompüter mütəxəssisləridir.
Belə insanlar maliyyə sahəsinə keçən kimi, gerçək istedadları üzə çıxır.
Yerli şirkətlərdə maliyyə analitiki ayda ən azı 900 manatlıq maaşa güvənə bilər.

2. İcraçı direktor. Bu vəzifəni uğurla yerinə yetirəcək insana istənilən şirkətdə ehtiyac var. Bəhs etdiyimiz postda çalışıb işin öhdəsindən məhsuldarcasına gələ biləcək insan inzibatçılıq, müfəttişlik xüsusiyyətlərinə malik olmalıdır. Eyni zamanda, insanları idarə etmək bacarığı və enerjili iş qabiliyyəti də öz yerində olmalıdır. Rekrutinq şirkətlərinin təkliflərinə, bir də işədüzəltmə saytlarındakı vakansiyalara nəzər saldıqda, icraçı direktor vəzifəsində normal fəaliyyət göstərə biləcək insan ayda minimum 800 manata bel bağlaya bilər.

3. İnkişaf üzrə direktor. Bu vakansiya Azərbaycanın əmək bazarında əvvəllər “ağ qarğa” tipli iş idisə, indi sahibkarlarımız da Qərbin ən son “human resource”, yəni “insan ehtiyatları” sahəsindəki təcrübəsindən yararlanmağa çalışırlar.
Bu vakansiyadf yaşın əsla əhəmiyyəti yoxdur, çünki bəzən 60 yaşlı insanlar da enerjili, soyuqqanlı, ağıllı və gələcəyə baxmağı bacaran olurlar. İnkişaf üzrə direktorun əsas vəzifəsi “pullu sahə”ləri müəyynələşdirmək, şirkətin bundan sonra fəaliyyət göstərəcəyi istiqamətləri seçmək, təklif və layihələrlə çıxış etmək, başqaları ilə müqayisədə bir addım qabağı görmək bacarığıdır. Azərbaycandakı iri şirkətlərdə inkişaf üzrə direktorların orta aylıq maaşının məbləği 1500 manatdan başlayır.

4. Satış liderləri və ya satış üzrə baş menecer. Biznesdə əsas məsələ malı istehsal etmək yox, onu satmaq olduğundan Azərbaycandakı istənilən şirkətin rəhbərliyi yaxşı, bacarıqlı və dinamik satış rəhbərləri axğtarırlar. Şirkətlər üçün əsas satış bazarını saxlamaqla yanaşı, böyütmək və satışları artırmaq bacarığına malik insanlar gərəkdir.

Belə şəxs danışıqları ustacasına aparmalı, işin öhdəsindən gəlməlidir. “Siyasətçi”, “Vasitəçi” və “Şövqlü” tipli xasiyəyət tipajına aid insanlar bu işin öhdəsindən gələ bilərlər. Azərbaycanda orta və iri şirkətlərdə satış üzrə baş menecerlərin aylıq maaşlarının orta məbləği 1000 manatdan başlayır.

5. Baş mühasib. Şirkətlərin istisnasız olaraq hamısının maliyyə hesabatlarını qüsursuz aparıb hazırlayan, habelə qurumun xərclərinin azaldılmasına nail olan insana ehtiyacları var. Hər zaman nəyəsə məntiqi şəkildə qənaət etməyi bacaran mühasibin isə az qala başına and içirlər.
Özəl qurumlarda bacarıqlı baş mühasibin maaşı ayda 750-860 manatdan başlayır.

6. Personalla iş (HR) üzrə menecer. Bu vakansiyada çalışmaq istəyənlər Azərbaycan, rus və ingtilis dillərini; Əmək Məcəlləsi və əməyin mühafizəsi qaydalarını bilməli; böyük həcmdə sənədlərlə işləməyi, komandada çalışmağı, rəhbərlik etməyi, müstəqil qərarlar qəbul etməyi bacarmalıdır. Sözügedən vakansiyaya iddialı adam Əmək Məcəlləsi, kadr işini əla bilməli; şirkət üzrə qaydalar, prosedurlar və təlimatları savadlı şəkildə hazırlamalı, dövlət strukturlarına hesabatları tərtib etməli, vakansiyalarla iş və işə qəbul söhbətləşmələrini aparmalı, işçilərin fəaliyyətinə nəzarət etməli, ən başlıcası isə şirkət əməkdaşlarının motivasiyası, adaptasiyası və karyelarının planlaşdırılması ilə məşğul olmalıdır. Personalla iş üzrə menecerin aylıq maaşının orta statistik məbləği 700-1000 manatdır.

7. Marketoloq. Normal fəaliyyət göstərən firma və şirkətlərdə önəmli səlahiyyətlərə malik insandır. Mal və ya məhsulun bazarda sabah necə olacağı, hansısa sahəyə pul yatırmaq və ya əksinə, investisiyaları geri çəkmək məhz marketinqdir. Sadəcə, diplomla burada heç nə həll olunmur. Yaxşı marketoloqluq üçün novator, tənqidçi, bazardakı prosesləri əvvəlcədən qismən də olsa, proqnozlaşdırmağı bacaran insan olmaq gərəkdir. Marketoloqun aylıq maaşı ən azı 700 manatdır.

8. Layihə meneceri. Bu vəzifədə çalışan adam sadcə, işi necə görməyi nəzəri cəhətdən bilən diplomlu adam yox, nəzəriyyəni praktikada reallaşdıra bilən şəxsdir. İstənilən yeni layihə və iş çoxsaylı problemlərlə müşayiət olunur. Ona görə də bol problemləri həll etməklə yanaşı, başqa təşkilatlarla da əlaqələr quraraq möhkəmlətməyi və ən başlıcası, komanda idarəetməsini unutmayan adama tələbat böyükdür. Yaxşı layihə menecerini şirkətlər “əldə çıraq”la axtarırlar və ayda ən azı 1000 manat ödəməyə hazırdırlar.

9. Köməkçi-assistent və ya layihə (proqram) direktorunun müşaviri. Vəzifənin adı bir qədər nahamar səslənsə də, bu vakansiyanın potensial iddialıları ali təhsilli olmalı, ingilis və rus dillərini əla bilməli, habelə ofis proqramlarında çalışmağı bacarmaqla yanaşı, təşkilatlar və strukturlarla sürətlə əlaqələr qurmalıdır. Kütləvi informasiya vasitələri ilə təmaslar da təbii, yüksək səviyyədə olmalıdır. Assistent (müşavir) ayda minimum 750 manata bel bağlaya bilər.

10. Və ən nəhayət, qrafik dizayner. Paradoksal olsa da, faktdır: Azərbaycanda ən çox işlədiklərini deyən, amma az qala “azad iş qrafiki”nə malik olan şəxslər qrafik dizaynerlərdir. Şirkətlərdə bu ixtisas və bacarıq sahiblərinə tələbat böyükdür. Ölkənin biznes strukturları və istehsal sahələri inkişaf etdikcə, mal və məhsulların qrafiki müşayiəti də xüsusi önəm kəsb edir. Öz aralarında bir-birlərini “deziqner” və ya “aytişnik” (İT) adlandıran bu şəxslər ayda 700 manatı “start” maaşı sayırlar.

… Bu 10 iş, peşə və ya vakansiya normal maaş vəd edir. Yox əgər sadalanan peşələrdən heç birini seçmək istəmirsinizsə, referent ola bilərsiniz. İllah da ki, Bakıdakı ortabab şirkətlərdə katib-referentin aylıq maaşı 500 manatdan aşağı deyil.

Novruz Sultanov

Əvvəlki məqaləQara nöqtələrdən bu maska ilə azad olun
Növbəti məqalədəHansı ixtisaslara tələbat çoxdur?