qadın sağlamlığı

Sonsuzluq xoşagəlməz, çox narahatedici diaqnoz olsa da, xəstəyə bu diaqnozu yazmağa tələsmək lazım deyil.

Belə də olur ki, bir neçə hamilə olmaq cəhdi boşa çıxmış olan ailə cütlüyü xeyli ümüdsüzlüyə qapılır. Ancaq bu cür xəbər narahatlığa səbəb olsa da, bəzən öz qəti təsdiqini tapmaya da bilər.

Hamiləliyin qarşısını alan vasitələdən istifadə etməmək şərti ilə, 1 il ərzində müntəzəm cinsi əlaqə fonunda hamiləlik baş vermədiyi halda, ailə cütlüyü sonsuz hesab edilir.

Beləliklə, evlilikdən sonra 1 il müddətində ailə cütlüyündə uşağın olmaması problemi meydana çıxmışdır. Bəs bu halda nə etməli, hansı müalicələri aparmalı? Həkimlərin ümumi rəyinə görə, bu halda daha effektiv müalicə üsulunu müəyyən etmək üçün, ilk növbədə, sonsuzluğun səbəbini (və ya səbəblərini) müəyyən etmək lazımdır.

Azərbaycan ailəsində “qəbul edilmiş ümumi ənənəyə görə” uşaq olmamasının “günahını” hər zaman qadında görürlər. Nəticədə qadın sonsuz sayda müayinələr keçir, yeni və daha yeni müalicə kursları alır, lakin hamiləlik yenə də baş vermir. Bu zaman həm xeyli miqdarda vəsait xərclənir, həm də qiymətli vaxt itkisi baş verir. Yalnız günlərin birində, kişi özü “cəsarət göstərib” müayinə üçün həkimə müraciət etdikdə, uşağın olmamasının əsas səbəbkarı məhz onun sağlamlığında pozğunluqların olduğu və ya ailə cütlüyün arasında immunoloji uyğunsuzluğun olması aşkar edilmiş olur.

Sonsuzluğun müalicəsinə bu cür yanaşılması qətiyyən düzgün hesab edilmir! Sonsuzluğun səbəbi bir halda kişi orqanizmindəki pozğunluqlardan, digər halda qadın orqanizmindəki pozğunluqlardan, üçüncü halda isə hər ikisindən asılı ola bilər. Bundan başqa, immunoloji sonsuzluq adlanan daha bir patoloji hal da mövcuddur. Bu zaman qadın orqanizmi kişi spermasına qarşı anticisimlər hazırlayır ki, bu səbəbdən də hamiləlik baş vermir.

Bəzi hallarda normal immunoloji uyğunluğu və tam sağlam olan cütlük iştirakçıları arasında da sonsuzluğun olması müşahidə edilir. Bu hallar izah olunmayan və ya idiopatik sonsuzluq adlanır.

Beləliklə, sonsuzluğun diaqnostikası və müalicəsi əvvəlcədən düzgün və elmi cəhətdən əsaslandırılmış şəkildə aparılmalıdır. Yəni sonsuzluğun səbəblərini müəyyən etmək üçün cütlüyün hər bir üzvü eyni vaxtda (!) müayinədən keçməlidirlər.

Bəs bu müayinələr hansılardır? Bunlar əsasən aşağıdakılardır:

– cütlüyün hər iki üzvü cinsi yolla keçən infeksiyalara (xlamidioz, mikoplazmoz, ureaplazmoz, genital herpes və həkim təyinatına görə digərləri) görə müayinədən keçməlidir; əksər hallarda bu infeksiyalar cinsi üzvlərin bir sıra pozğunluqlarının əsas səbəbi olur;

– kişilər – spermanın keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən etmək üçün spermoqrammanın müayinəsindən keçməlidirlər;

– qadınlar:

– qanın hormonal müayinəsi – qadın hormonal sahəsinin müxtəlif göstəricilərinin pozğunluqları əksər hallarda qadın sonsuzluğunun səbəbi olur;

– USM – ultrasəs müayinəsi hamiləliyin baş tutmasına və saxlanmasına mane ola bilən xəstəliklərin aşkar edilməsi (uşaqlığın mioması, cinsi orqanların inkişaf qüsurları, uşaqlıq boşluğunda olan çapıqlar və s.) və yumurtalıqların nə dərəcədə düzgün fəaliyyət göstərməsini (follikulların yetişməsi, ovulyasiyanın olub-olmaması) müəyyən etmək üçün aparılır;

– histerosalpinqoqrafiya – bu müayinə uşaqlıq boruları keçiriciliyinin müəyyən edilməsi, orada çapıqların və digər patoloji halların olub-olmamasını müəyyən etmək məqsədi ilə aparılır.

Bu müayinələrdən savayı, cütlük postkoital (cinsi əlaqədən sonra) test (uşaqlıq boynu və uşaqlıq yolu seliyinin) müayinəsindən də keçməlidirlər (bu testin digər adı – Şuvarski testi). Bu test sonsuzluğun immunoloji formasını aşkar etməyə imkan verir.

Aparılan bütün bu müayinələr nəticəsində həkim, ailə cütlüyü sonsuzluğunun səbəbini (və ya səbəblərini) müəyyən etdikdən sonra tələb olunan müvafik müalicə təyin edir.

Əvvəlki məqaləQadınlarda hormonal pozulmalar və sonsuzluq
Növbəti məqalədəCinsi yolla keçən infeksiyalar – sonsuzluğun səbəbindən biridir