qadınSon günlər Bakının mərkəzi küçələri etirazçıların nümayişinə səhnə olmaqdadır. İstər müxalifətin təşkil etdiyi aksiya, istər qadınların fəallığı ilə baş tutan “qadına şiddətə son” yürüyüşü “sabitliyi” pozaraq, yatmış şəhəri az da olsa silkələdi (oktyabr, noyabr 2019-cu il qeydləri). Keyləşmiş, süstləşmiş şəhər anlıq da olsa yuxudan oyandı. Belə sabitlik özü-özlüyündə havasızlıq və disfunksionallıq göstəricisi olduğu üçün, onun aradan qalxması da asan deyil. Bütün hallarda müsbət niyyətə köklənən hər növ hərəkətlilik, hərəkətsizlikdən yaxşıdır.

Yürüyüş edən qadınların əsas tələbi ölkədə qadına qarşı bütün sferalarda şiddətin aradan qaldırılması və ən əsası Azərbaycan hökümətinin “İstanbul Konvensiyası”-nı ratifikasiya etməsi idi. Qeyd edim ki, Avropa Şurasının qısa adla “İstanbul Konvensiyası” kimi tanınan beynəlxalq sənədi qadına qarşı olan fiziki və psixoloji şiddəti qanunla qadağan edərək, buna yol verənləri inzibati və cinayət məsuliyyətinə cəlb etməyi nəzərdə tutur. İstanbul Konvensiyası kimi tanınan sənədin tam adı “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”dır (CETS No. 210). Bu sənəd Avropa Şurası Parlament Assembleyasında qəbul edilməklə 2011-ci il mayın 26-da Türkiyənin İstanbul şəhərində imzaya açıq elan olunub.
Avropa Şurasının demək olar ki, bütün üzvləri tərəfindən imzalanan Konvensiya 34 üzv ölkəsi tərəfindən ratifikasiya edilib. Avropa Şurasında 45 üzv ölkəsi tərəfindən imzalanan Konvensiyanı imzalamayan yalnız iki ölkə qalır. Bunlar Rusiya Federasiyası və Azərbaycan Respublikasıdır.
Bəli, hökümət hələ ki, bu konvensiyanı ratifikasiya etməyib. Bir şey var ki, Azərbaycan höküməti ölkəmizin Avropa Şurasında insan hüquqları ilə bağlı konvensiyalarını ratifikasiya etsə də, ancaq bu gün əksər azadlıq aktlarının icrasına imkan verilmir.
Elə həmin beynəlxalq müqavilələrdə təsbit edilmiş “dinc toplaşmaq” hüququnun sərt çərçivələrə salınması, icra hakimiyyətinin mitinqlərə “icazə” verməməsi və polislərin etirazçılara qarşı amansızlığı sistemin qeyri-işlək olmasını göstərdi. Bura həmçinin Azərbaycan hökümətinin BMT-də əlilliyi olan insanların hüquqları ilə bağlı ratifikasiya etdiyi beynəlxalq konvensiyanı da əlavə etmək olar. Həmin konvensiya neçə ildir ratifikasiya olunsa da, faktiki olaraq öhdəliklər yerinə yetirilmir.
Təbii ki, məsələnin bəlli səbəbləri var. Ölkədə qanunlar “şah” deyil. Bunu məmə deyəndən, pəpə deyənə qədər, hamı bilir. İstənilən halda İstanbul konvensiyasının qəbul olunmasını istəyərdik. Şübhə yoxdur ki, bir gün bu diyarda da həqiqət parlayacaq.
Bu yazının mövzusu qanundakı boşluqlara toxunmaq deyil. Ölkəmizdə və ümumiyyətlə dünyada qadınlara qarşı kütləvi miqyasda istismar sərgilənir. Açıq və ya gizli şəkildə törədilən şiddət nümunələri sivil ölkələrdə az da olsa yüngülləşib. Bərabər hüququ stimullaşdıran qanunvericilik ənənəvi patriarxallığın şiddət göstərən tərəflərini məhdudlaşdırmaqla, qadınların hüquq və azadlıqlarını təmin edir. Bütün bunlar qadınların fəallığı ilə təşəkkül tapmaqdadır. Ona görə də hazırda ölkəmizdə qadınların fəallığını, öz haqlarını tələb etməsini gözəl qiymətləndirmək və təqdir etmək lazımdır.
İndi bir anlıq düşünün ki, qadınlarda hansısa transformasiya gedir və onların bədəni hazırki kişi bədənindən daha böyük və fiziki olaraq daha güclü hala gəlir.

Sizcə belə olan halda nələr baş verərdi?!
İlkin təsəvvürdən və bu təsviri müəyyən qədər təhlil etdikdən sonra ortaya çoxsaylı fərdi proqnozların çıxacağı təbiidir. Hər kəs təsəvvür qurmaqda azaddır. Onsuz da təsəvvür sahəsi ən hiperazad məkan sayılır. Düzdür elə şəxslər var ki, onların təsəvvür sahəsi də olduqca qeyri-azad və müstəqillikdən uzaqdır. Ancaq yenə də onlar təsəvvürlərində reallıqdakından qat-qat azad sayılırlar.
Yenə həmin təsəvvürə qayıdaq. Qadının birdən-birə fiziki cəhətdən radikal şəkildə dəyişməsi cəmiyyətə, həmçinin qadın-kişi münasibətlərinə necə təsir edərdi?!
Qeyd edim ki, yaşadığımız planetdəki vəhşi təbiətdə bəzi məqamlarda dişinin erkəkdən iri olması normal hallardandır. Misal üçün, əksər qurbağalar və həşəratlar, eləcə də bəzi stridiya ilbizlərində də dişilər erkəklərdən fiziki formada iri olurlar. Bu dişilərin yüzlərlə, minlərlə yumurtanı daşıması üçün əhəmiyyətlidir.
Onurğalı heyvanlarda bu vəziyyət, elə onurğalı insandakı kimi eynidir. Burda erkək fiziki olaraq dişidən daha iridir. Orda da bədənin gücü və ölçüsü dominantlığı əldə tutmağa vasitə olur.
Düzdür, müasir dünyamızda qadınla-kişi arasında hüquq və statusdan savayı, idman və iş məsələsində də fərqləri aradan qaldıran proqramlar tətbiq edilir, ancaq əsrlərdir davam edən fərqlər yenə qalmaqdadır. Bu hal həm də qadının reproduktiv sağlamlığı ilə əlaqəlidir. Qadınlar müəyyən bir həddə qədər böyüyür və sonra reproduktiv dövrdə əzələ və ya sümük kütləsi yaratmaq əvəzinə sadəcə yağ yığırlar. Kişilərin sklet və əzələ kütləsi qadındakından böyükdür.
Bu fiziki güc hazırda kişini qadından “üstün” edir. Bunun əksi baş versəydi, indi daha çox evdə oturub uşağa baxan və evdarlıq statusu alan kişilər olardı. Belə olan halda qadınlar reproduktiv funksiyalarını da itirməyə başlayardılar və güclü qadınlar böyük şirkətlərin, korparasiyaların başına keçərdilər.
Misal üçün, Danimarkanın Orhus Universitetində politologiya üzrə professor Mikael Banq Peterson tərəfindən aparılan tədqiqat nəticəsində məlum olub ki, yuxarı ətrafı iri və daha güclü kişilər ancaq özlərinə sərf edən siyasəti dəstəkləyirlər. Həmin kişilər pulları, maddi bölgünü digərləri ilə bölüşdürməyin əleyhinədilər.
Petersonun qənaətinə görə güclü kişilərdə təsbit olunan hal onların genləri və təkamül prosesi ilə bağlıdır. Hansı ki, onlardan əvvəlkilər resursları özləri mənimsəməklə və bölüşməməklə kifayətlənirdilər. Danimarkalı alimin fikrincə, güclü və daha böyük kişilər cəmiyyətin iyerarxik quruluşuna daha çox meyllidirlər və rəqabət qabiliyyətini sevirlər. Petersen bunu da qeyd edir ki, “kişilər fiziki cəhətdən daha güclü olduqları üçün zorakılığa daha çox meyl etmirlər. Əksinə, onlar belə formalaşıb, gücləniblər, çünki təkamül zamanı zorakılıq göstərməli idilər, bu da bir çox cəhətdən kişi psixologiyasını formalaşdırır.”
Qadının kişidən fiziki cəhətdən daha güclü olması təbii ki, onları kişilərin cinsi təcavüzündən, şiddət və məişət zorakılğından qoruyacaqdır. Ancaq genişlənmiş qadın gücünün zərərsiz bir şey olduğunu demək olmaz. Yəni, zorakılıq yox olmayacaq, o, sadəcə yer dəyişəcək. Çünki qadınlar da zorakılığa meyllidir. Bununla bağlı Britaniyada və bəzi Qərb ölkələrində statistika da var. Belə ki, lezbiyan qadınların 45 faizi öz partnyorlarından fiziki şiddət gördüklərini bildirirlər. Hetroseksual cütlüklər arasında isə 19 faiz kişi öz qadını (bu sevgili və ya həyat yoldaşı ola bilər) tərəfindən azı bir dəfə zorakılığa məruz qaldığını ifadə edib.
Belə bir şey də var ki, fiziki güc əsas idarəetmə keyfiyyəti sayılmır. Ona qalsa qaradərili insanların fiziki gücü ağdərililərdən müəyyən qədər yüksəkdir. Ancaq dünyada əsas söz sahibləri olan ağdərili irqin sahibləridir. Son 50 ildə qadınlar xeyli inkişaf ediblər. Artıq onları demək olar bütün sahələrdə, bütün postlarda görə bilirik. Bu çox gözəl haldır. İntellekt və sosial bacarıqlar rəqabət aparmaq üçün əsas prioritetlərdən sayılır. Ona görə oxumağa, öyrənməyə və inkişaf yolunu seçməyə dəyər.

Cəmiyyət isə nə qədər azad və demokratik olacaqsa, orda zorakılıqlar da buxarlanacaq və şiddətin zərərli işığı öləziyəcəkdir…