qadın

Sonsuzluğun səbəbini müəyyən etmək üçün bir çox hallarda qanın hormonlara müayinəsini aparmaq lazımdır.

Hormonal fonun pozğunluğu qadınlarda daha çox təsadüf edildiyi üçün, əksər hallarda, kişilərə nisbətən bu müayinələri qadınlara daha tez-tez təyin edirlər.

Hormonlar – daxili sekresiya vəziləri tərəfindən (hipofiz, qalxanvari vəz, böyrəküstü vəzilər, yumurtalıqlar) hazırlanan, yüksək aktivliyi olan maddələrdir. Hormonlar insan orqanizmində gedən bir çox proseslərin idarə olunmasında iştirak edirlər. Hormonlar qadın cinsi sistemində yumurta hüceyrəsinin yetişməsini, ovulyasiyanı, embrionun implantasiyasını, menstruasiyanı idarə edirlər. Hormonal sistemdə hər hansı bir pozğunluq olduqda (bir və ya bir neçə hormonun səviyyəsinin artması və ya azalması) bu proseslər də pozulmuş olur ki, nəticədə sonsuzluq inkişaf edə bilər.

Qanın hormonlara müayinəsi acqarına, yəni son qida qəbulundan 8 saatdan az (12 saatdan az olmaması daha məsləhətlidir) olmayaraq vaxt keçməsi şərti ilə verilir. Meyvə şirələri, qənd və ya qəndsiz olaraq çay və kofe qəbulu da istisna olunmalıdır. Müayinədən bir gün qabaq və müayinə olunan günü spirtli içkilərin qəbulu, siqaret çəkilməsi və cinsi əlaqədə olmaq da istisna olunmalı, fiziki işlərin görülməsi də məhdudlaşdırılmalıdır.

Emosional streslər də həmçinin müayinə nəticələrinin təhrif olunmasına səbəb ola biləcəyi üçün, qan analizi verməmişdən bir qədər əvvəl qəbul otağında əyləşərək sakitləşmək məsləhət görülür. Müayinə günlərində siz hər hansı bir dərman preparatları (əsasən də hormonal dərmanlar) qəbul edirsinizsə, bu haqda mütləq həkiminizə məlumat verin. Çünki dərman qəbul edilməsi də müayinə nəticələrinə təsir edə bilər. Qadın cinsi hormonlarının müayinəsi menstrual dövrün müxtəlif (menstruasiyanın ilk günündən saymaqla) günlərində aparılır (hansı konkret hormonun hansı gün təyin ediləcəyi həkim tərəfindən müəyyən edilir).

Müayinə olunan qadınlar onu da bilməlidirlər ki, hər bir laboratoriyada müxtəlif müayinə üsullarından və ölçü vahidlərindən istifadə oluna bilər. Buna görə də müayinələri hər zaman, müasir avadanlıqlarla təmin olunan və dəqiqliyinə daha çox etimad göstərilən müasir laboratoriyalardan birində aparmaq məsləhət görülür.

Müayinə üçün həkim qanda aşağıdakı hormonların səviyyəsinin müəyyən edilməsini təyin edir:

FSH (follikulstimullaşdırıcı hormon)

Qanın bu hormona müayinəsi yalnız səhər saatlarında acqarına olmaqla, aybaşı tsiklinin həkim tərəfindən müəyyən edilən günündə aparılır. Bu çox vacib hormon olub, qadın yumurtalığında follikulların inkişaf etməsi prosesinə cavabdehlik daşıyır. Qanda FSH-nun səviyyəsinin artması hipofiz vəzisi patologiyasında və yumurtalıqların fəaliyyətinin çatışmazlığında baş verir. Follikulstimullaşdırıcı hormonun səviyyəsinin azalması polikistoz yumurtalıqlar sindromu və piylənmə zamanı müşahidə olunur. FSH-nun səviyyəsinin qanda artması əksər hallarda disfunksional uşaqlıq qanaxmalarına, azalması isə aybaşının yox olmasına səbəb ola bilər

LH (lyüteyinləşdirici hormon)

Qanın lyüteyinləşdirici hormona müayinəsi də yalnız səhər saatlarında acqarına olmaqla, aybaşı tsiklinin həkim tərəfindən müəyyən edilən günündə aparılır. Bu hormon qadın orqanizmində ovulyasiya və sarı cismin əmələ gəlməsini təmin edir. Sonsuzluğun diaqnostikası üzrə aparılan müayinə zamanı LH ilə FSH-nun bir-birinə olan nisbətinə nəzarət etmək lazımdır. Normal halda reproduktiv yaşda olan qadınlarda bu nisbət 1,5-dən 2,0-dək olur.

Qanda lyüteyinləşdirici hormonun səviyyəsinin artması polikistoz yumurtalıqlar sindromunda, yumurtalıqların tükənməsi sindromunda və hipofiz vəzisi şişlərində müşahidə edilir. Emosional streslər, aclıq, intensiv idman məşqləri nəticəsində də LH-nun artması baş verə bilər. LH-nun azalması hipofiz vəzi funksiyasının pozulmasında, genetik pozğunluqlarda, piylənmə (ümumiyyətlə isə piylənmə hormonal tarazlığın pozulmasının həm səbəbi, həm də nəticəsi ola bilər) və digər xəstəliklər zamanı baş verə bilər.

Lyüteyinləşdirici hormonun çatışmazlığı, ovulyasiyanın olmaması nəticəsində, qadınlarda sonsuzluğun baş verməsinə səbəb olur!!

Progesteron hormonu

Qanda bu hormonun müayinəsi LH və FSH kimi, yalnız səhər saatlarında acqarına olmaqla, aybaşı tsiklinin həkim tərəfindən müəyyən edilən günündə aparılır. Progesteron hamiləlik hormonu da adlanır. Belə ki, bu hormon uşaqlığın selikli qişasını rüşeym hüceyrəsinin implantasiyası (uşaqlıq divarına daxil olması) üçün hazırlayır, daha sonra isə uşaqlığın yığılması aktivliyini azaldaraq, dölün uşaqlıq daxilindən qopmasının qarşısını alır. Bu hormon, həmçinin uşaqlığın böyüməsini stimullaşdırır və sinir sisteminə təsir etməklə, onu hamiləliyin sona qədər daşınmasına və doğuşa hazırlayır.

Progesteron hormonunun çatışmazlığı həm sonsuzluğun, həm də hamiləliyin sona çatdırılmamasının, həmçinin aybaşı tsiklinin pozulmasının səbəbi ola bilər (aybaşılar çox az miqdarda qan ifrazı ilə olmaqla, nadir hallarda baş verərək az qan ifrazı ilə müşayiət olunur, bəzən isə ümumiyyətlə, kəsilmiş olur). Qanda progesteronun azalmasının səbəbi yumurtalıqlarda sarı cismin çatışmazlığı, ovulyasiyanın olmaması, daxili cinsiyyət orqanlarının iltihabi xəstəlikləri və s. ola bilər. Progesteronun qanda artması yumurtalıqların və böyrəküstü vəzilərin şiş xəstəliklərində də ola bilər. Bu isə özünü uşaqlıq qanaxmaları və aybaşı tsiklinin pozulması əlamətləri ilə büruzə vermiş olur. Hamiləlik zamanı progesteronun artması normal hal hesab edilir.

Estradiol hormonu

Qanın estradiol hormonuna müayinəsi yalnız səhər saatlarında acqarına olmaqla, aybaşı tsiklinin həkim tərəfindən müəyyən edilən günündə aparılır.

Estradiol – ən çox aktiv olan qadın cinsi hormonudur. Estradiol hormonu qadınlarda cinsi sistemin qadın tipi üzrə inkişaf etməsini, ikincili qadın cinsi əlamətlərinin inkişafını, aybaşı funksiyasının baş tutması və tənzimlənməsini, dərialtı piy toxumasının qadın tipi üzrə formalaşmasını, yumurta hüceyrəsinin inkişafını, hamiləlik dövründə uşaqlığın böyüməsi və inkişaf etməsini, qadının emosional sahəsinə aid olan xüsusiyyətlərin formalaşmasını təmin edir.

Estradiol hormonunun səviyyəsi artmış olduqda uşaqlıq qanaxmaları baş verə bilər. Qanda bu hormonun səviyyəsinin artma səbəbləri yumurtalıqların və böyrəküstü vəzilərin şişləri, qadının artıq bədən çəkisi (belə ki, piy hüceyrələri hormonal aktivliyə malik olduqları üçün qadın hormonları hazırlaya bilirlər), qara ciyər sirrozu və digər xəstəliklər də ola bilər. Hormonun səviyyəsinin azalma səbəbləri isə ovulyasiyanın olmaması, daxili cinsiyyət orqanlarının iltihabi xəstəlikləri, bəzi anadangəlmə xromosom patologiyaları və s. xəstəliklər ola bilər. Bu zaman sonsuzluq, aybaşı tsiklinin pozulması, uşaqlıq yolu selikli qişasının quruluğu, depressiya, apatiya, iş qabiliyyətinin azalması kimi əlamətlər qeyd edilir.

Prolaktin hormonu

Qanın prolaktin hormonuna müayinəsi yalnız səhər saatlarında acqarına olmaqla, həkim tərəfindən müəyyən edilən gündə aparılır. Qan götürülməsindən bilavasitə qabaq qadın 30 dəqiqə sakit vəziyyətdə olmalıdır.

Prolaktin hormonu ovulyasiya prosesində iştirak edir, doğuşdan sonra laktasiyanı stimullaşdırır. Qanda prolaktinin səviyyəsi artmış olduqda FSH-nun sintezi dayandırılır. Buna görə də follikul yetişmir və ovulyasiya da baş vermir. Normal halda prolaktin hormonunun səviyyəsi hamiləlik zamanı və uşağın əmizdirilməsi dövründə artmış olur.

Prolaktinin patoloji artmasının (qadın hamilə deyilsə və uşağı əmizdirmirsə) səbəbləri:

– hipofizin funksiyasının pozulması və ya onun şiş xəstəliyi;

– hipotireoz (qalxanvari vəzi funksiyasının azalması);

– polikistoz yumurtalıqlar sindromu;

– B6 vitamininin çatışmazlığı;

– böyrək çatışmazlığı;

– qara ciyər sirrozu.

Qanda prolaktin hormonunun səviyyəsi artıq olduqda süd vəzilərindən südün xaric olması, aybaşı tsiklinin pozulması (hətta aybaşının tamam kəsilməsinədək) kimi pozğunluqlar da baş verə bilər. Bundan başqa, prolaktin hormonunun artıq olması nəticəsində ovulyasiya da olmaya bilər ki, bu da sonsuzluqla nəticələnə bilər. Qanda prolaktin hormonunun aşağı olması isə hipofiz vəzinin çatışmazlığı zamanı baş verə bilər.

Androgen (kişi cinsi) hormonlar

Qanın bu hormona müayinəsi yalnız səhər saatlarında acqarına olmaqla, aybaşı tsiklinin istənilən günündə aparıla bilər. Qadın cinsi hormonlarından savayı, qadın orqanizmi, həmçinin kişi cinsi hormonları (androgenlər) da hazırlayır. Lakin qadın orqanizmi tərəfindən hazırlanan androgen hormonların miqdarı, kişi orqanizmi tərəfindən hazırlanan hormonların miqdarından, əlbəttə ki, xeyli az olur. Əgər qadın orqanizmində testosteron hormonunun səviyyəsi normadan artıq olarsa, bu, böyrəküstü vəzilərin, yumurtalıqların şiş xəstəliklərinin, böyrəküstü vəzilərin hiperfunksiyası, polikistoz yumurtalıqlar sindromunun olması ehtimalı kimi qiymətləndirilə bilər.

Qadınlarda qanda androgenlərin artması, onların qollarında, ayaqlarında, qarın nahiyəsində, üz nahiyəsində (əksər hallarda dodaqüstü sahədə), döş gilələri ətrafında tük örtüyünün artması, dəridə müxtəlif pozğunluqlara səbəb olur (çöxlu civzə-sızanaqlı səpkilər). Androgenlərin səviyyəsinin qanda uzun müddət ərzində yüksək olması (məsələn, androgenital sindromda), qadının bədən quruluşunun, kişilərə məxsus bədən quruluşu alması ilə (ensiz çanaq, enli çiyinlər, inkişaf etmiş əzələ sistemi və s.) nəticələnə bilər. Qadınlarda androgenlərin səviyyəsinin yüksək olması onlarda sonsuzluğa və ya öz-özünə uşaqsalmaya da səbəb ola bilər.

Qalxanvari vəzinin hormonları

Qalxanvari vəzinin hormonları – tiroksin (T4), triyodtironin (T3) və TSH – tireotrop hormondur. Bu hormonlar yumurtalıqların funksiyalarının tənzimlənməsində müəyyən rol oynayırlar. Məhz buna görə qalxanvari vəzinin bir sıra xəstəliklərində tez-tez sonsuzluq da inkişaf edə bilər. Bir çox hallarda sonsuzluğa qalxanvari vəzi tərəfindən hormonların istehsal olunmasının azalması (hipotireoz) səbəb olur. Bu halda həkim xəstəyə tərkibində “çatışmayan” hormonlar olan dərman preparatlarını təyin edir. Əgər qadında sonsuzluğun yaranmasının digər səbəbi olmazsa, preparatların qəbulu nəticəsində qanda qalxanvari vəzi hormonlarının səviyyəsi normallaşandan sonra hamiləlik baş verə bilər. Məhz buna görə, qadınlarda sonsuzluğun səbəblərini müəyyən edərkən, həkimlər tərəfindən bir çox hallarda qalxanvari vəzi hormonlarının da müayinəsi təyin edilir. Müayinə üçün qan səhər saatlarında aybaşı tsiklinin istənilən günündə acqarına olmaqla götürülür. Qan götürülməsindən bilavasitə 30 dəqiqə əvvəl müayinə olunan qadın sakit vəziyyətdə olmalıdır.

Əvvəlki məqaləUşaqlarda boyu uzadan QİDALAR VƏ VİTAMİNLƏR
Növbəti məqalədəSoyuqda papaq taxmayanların nəzərinə. Bunu mütləq bilməlisiniz!