uşaqRəngarəng, yumşaq oyun xəmiri uşaqların ən sevimli oyuncaqlarından biridir. Uşaqların sevimli oyunlarından biri olan oyun xəmiri onların əylənməsinə töhfə verən oyuncaqlar sırasında əsas yer tutur. Analar oyun xəmirinin tərkibinə şübhə ilə yanaşsalar da, uşaqların bu xəmirlərlə oynaması onlara böyük zövq verir. Amma bunun uşağın inkişafına verdiyi töhfə də danılmazdır.
Maraqlıdır bəs, kimyəvi qatqısı olan bu oyun xəmirlərinin uşaqlara hansı ziyanı var?
Məsələ ilə bağlı lent.az-a danışan pediatr Qoşqar İsmayılov oyun xəmiri ilə oynayıb infeksiyaya yoluxan uşaqların çox olduğunu deyib:
“Ümumiyyətlə, son zamanlar uşaqlarda oyun xəmiri (plastrin) və yaxud “slaym” adlanan yeni tip oyuncaqlara qarşı müəyyən problemlər ortaya çıxır. Bunların da ən əsası kontakt dermatitdir. Bəzi posientlərim var ki, mənə bu problemlə müraciət ediblər. Sonra aşkarlanıb ki, uşaq davamlı olaraq bu “slaym” oyuncaqları ilə oynayır.
Təbii ki, hamısında yox, bəzi allergiyaya həssas uşaqlarda dəridə, əllərin içərisində səpkilər əmələ gəlir. Hətta zamanla onların yaraya belə çevrilə bilir.
Bunlar əsasən, diatezlə doğulan, ailəsində allergiyası olan uşaqlarda özünü göstərir. Tövsiyəm odur ki, belə zərərli və kimyəvi məhsullardan hazırlanmış oyuncaqları övladlarına verməsinlər. Çünki onlar nəyinki əllə toxunur, hətta ağızlarına belə vururlar.
Belə halla qarşılaşan valideynlər dərhal həkimlə məsləhətləşib, uşağa düzgün diaqnoz qoyulmalıdır”.
Apardığımız sorğu nəticəsində məlum olur ki, valideynlər isə bu kimyəvi oyuncaqlardan yalnız uşaqların əlini yumaqla kifayətlənir.
Bəs, uşaqlar üçün oyun xəmiri alarkən nələrə diqqət edilməlidir?
Övladınız üçün oyuncaq alarkən həmişə diqqətli olmalısınız. Heç bir ailə daim təmasda olduğu bu oyuncaqların onlara zərər verməsini istəməz. Xüsusilə oyun xəmirinin təbii materiallardan hazırlanması anaların narahatlığını aradan qaldıra bilər.
Oyun xəmiri alarkən bunlara nəzər yetirin:
– Övladlarınız üçün xəmir və ya oyuncaq alarkən CE sertifikatı olmayan heç bir məhsul almamalısınız. Əgər CE sertifikatı yoxdursa, uşağınızın sağlamlığını riskə ata bilər.
– Aldığınız xəmirin tərkibini diqqətlə yoxlayın. Tərkibində kimyəvi maddələr olan xəmir almayın.
– Oyun xəmirinin tutarlılığı da çox önəmlidir. Yumşaq olmasına və ələ yapışmamasına diqqət yetirin.
Oyun xəmirlərinin uşaqların zehni inkişafına təsiri varmı?
Oyun xəmiri uşağın təxəyyülünü inkişaf etdirir və onun daxili aləmini ifadə etməyə imkan verir. Onun yaratdığı fiqurlarla həyatı və gördüyü obyektləri necə şərh etdiyini başa düşə bilərsiniz.
– Yeni bir obyekt yaratmağa nail olmaq hissi ilə onun təşəbbüsü artır.
– Uşağı istehsal etməyə və düşünməyə istiqamətləndirir.
– Uşağınızın zehni inkişafına kömək edir.
– Əl əzələlərinin və çevikliyin inkişafına imkan verir.
– Əl-göz koordinasiyasını təmin etməyə kömək edir.
Oyun xəmiri duyğu orqanlarının inkişafına da kömək edir. Onunla oynayarkən daim toxunur, hazırlayarkən gözləri ilə əşyaları izləyir və oyun xəmirinin iyini hiss edir.
Oyun xəmiri qrupla oynana bilər. Bu yolla uşağınızın sosial inkişafına töhfə verə bilərsiniz.

Əvvəlki məqaləYazda mütləq albalı yeyin
Növbəti məqalədəD vitamin çatışmazlığı vaxtında aradan qaldırılmalıdır