Oruc tutmaq bildiyimiz kimi, qədim zamanlardan yerinə yetirilən dini ritualdır. Bununla yanaşı, oruc bir pəhriz üsulu olaraq da, fərqli istiqamətlərdə tətbiq olunur. Misal üçün, eynilə Ramazan ayında olduğu kimi 12-16 saata qədər ac qalınır, fərqli-fərqli oruc pəhriz proqramları ilə sadəcə su içməyə, bəziləri isə arada qəhvə ya da çay içməyə icazə verir. Bu pəhriz üsulunda isə həftədə 2 gün oruc tutulması məsləhət görülür. Buna görə də, bu pəhrizə 5:2 pəhrizi də deyilir. Bugün sizin üçün həmin pəhriz, faydaları və düzgün tətbiq edilmədikdə verdiyi zərərlər haqqında yazırıq.

Oruc pəhrizi ilə necə çəki atmaq olar?

Oruc pəhrizi nədir?

Oruc pəhrizi ilk dəfə “Eat-Stop- Eat” (Ye-Fasilə et-Ye) kitabı ilə birlikdə kanadalı Brad Pilon tərəfindən irəli sürülüb. Sonralar isə fərqli-fərqli oruc pəhriz proqramları da yaranmağa başladı. Oruc pəhrizi orqanizmimizin müəyyən müddətdə ac qalaraq aclıq hissilə bərabər, daha sürətlə yağ yandırmasını təmin edir. Bu pəhrizin təsirli olması üçün hər gün bir neçə saat ya da həftədə 1-2 gün ac qalmanız məsləhət görülür. Eyni zamanda, oruc pəhrizi aclıq hormonunu yox edərək daha az kalorili qidalar qəbul etmənizə kömək edir, beyni və qavramanı gücləndirir, orqanizmdəki hormon səviyyəsini balanslaşdırır və yaşlanmağın qarşısını alır.

Oruc pəhrizi necə saxlanılır?

Oruc pəhrizində bədən uzun müddət az qaldığı üçün pəhrizi tətbiq edərkən bəzi nüanslara diqqət etmək lazımdır. Mütəxəssislər oruc pəhrizini edərkən bu məsləhətləri verirlər:

1. Həftədə 2-3 gün oruc tutun və oruc tutduğunuz günlər arasında boşluq qoyun.

2. Ən mükəmməli 12-16 saata qədər oruc tutmaqdır.

3. Oruc tutduğunuz günlərdə aktiv olmayın, yoga və ya yüngül məşqlər edin.

4. Oruc tutarkən bol-bol su için. Arada yağsız və şəkərsiz olmaqla çay ya da ki, qəhvə içə bilərsiniz.

5. İki həftədən sonra orqanizminiz vərdiş etdiyi üçün oruc tutduğunuz günləri bir gün də artıra bilərsiniz.

6. Oruc pəhrizi vaxtı bədənin əzələ qurluşunu gücləndirmək üçün qidalanmağınıza diqqət etməlisiniz.

Oruc pəhrizi sağlamlıqla bağlı problemlər yarada bilər?

Oruc pəhrizinin ömrü uzadan təsirli bir çəki atmaq üsulu olduğunu irəli sürən mütəxəssislərlə yanaşı, əksini iddia edənlər də təbii ki, var. Amerikalı dietoloq və sağlamlıq mütəxəssisi Sintiya Sass oruc pəhrizinin sağlamlıq baxımından zərərli olduğunu düşünür. Belə ki, Sass-a görə oruc pəhrizi saxlayan insanlar gün ərzində halsız olur, uzun müddət az qaldıqdan sonra daha çox yemək yeyir və 500 kalori alırlar. Pəhriz zamanı daha çox meyvə-tərəvəz qəbulu da əzələlərdə əriməyə, zəifliyə gətirib çıxarır. Buna görə də, belə problemlərə qarşılaşmamaq üçün digər pəhrizlərdə olduğu kimi, oruc pəhrizini də saxlamaq üçün əvvəlcə mütəxəssislə məsləhətləşin, dietoloqun tətbiq etdiyi üsullarla bu pəhrizi saxlayın. Belə olduğu halda oruc pəhrizinin faydasını görə bilərsiniz.

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləSon vaxtların məşhur Gİ pəhrizi
Növbəti məqalədəUtancaq qızamsa nə etməliyəm?