tanınmış qadın

1213-cü ilin soyuq yanvar ayında Svetisxoveli kilsəsindən Gürcüstanın qədim paytaxtı Mtsxeteyə bahalı daş-qaşla bəzədilmiş bir-birinə bənzər qızıl tabutlar çıxarıldı. Tabut sayının bəzi fərziyyələrə görə, 12, bəzilərində isə 7 olduğu bildirilir. Sonuncu rəqəm Qafqazda müqəddəs sayılır. Elə ölkə də 7 knyazlıqdan ibarət idi. Bu tabutlardan birində gürcü xalqının əfsanələşdirdiyi çariça Tamara uyuyurdu.

Onun dəfnində çoxsaylı tabutların olması isə gizlilik xarakteri daşıyırdı. Belə ki, ondan qisas almaq istəyən müsəlman ölkələrinin hökmdarlarının meyitini təhqir edəcəyindən ehtiyat edilirdi.

Rəvayətə görə türk paşalarından biri onunla evlənmək istəyib, rədd cavabı alınca “sağlığında mənim olmadın, öləndən sonra bədənin mənim olacaq”, – deyə məktub yollayıb. Həqiqətən də Tamara öləndən sonra onun nəşini kilsə də axtardıb. Təbii ki, tapa bilməyib. Çariçanın hansı tabutda olduğunu və harada basdırıldığını yalnız daşıyıcılar və qəbirqazanlar bilirdilər. Dəfndən sonra isə bu insanlar özləri bir-birlərini öldürərək, böyük sirrin açılmasına imkan verməmişdilər.

Müsəlman aşiqlərindən qorxan, məzarı tapılmayan SİRLİ ÇARİÇA

Ümumiyyətlə, böyük gürcü hökmdarı Tamara ətrafında müxtəlif sirlər və əfsanələr dolaşır. Əslində, bu hökmdar xanımın necə bir insan olduğu barədə tarixi sənədlər demək olar ki, qalmayıb. Odur ki, Tamaranı məhz şair və ozanların dilindən təsvir etmək mümkündür. Bununla yanaşı, bu böyük qadının həyatı və hökmdarlığı haqqında müəyyən bilgilər mövcuddur.

Uşaqlığı və gəncliyi

Çariça Tamara 1165-ci ildə doğulub. O, gürcü çarı III Qriqori və osetin gözəli Burduxanın yeganə övladı idi. Çar qızının tərbiyəsi ilə onun yüksək ali təhsilli xalası Rusudan məşğul olub. Rusudan özü də Qafqaz vilayətlərindən birində hökmranlıq edirdi. Atasından cəsarət, qərarlılıq, müdriklik götürən gələcək çariça anasından gözəllik, məlahətlilik, xalasından isə adət və ənənənələrə hörmət, dinə ehtiramı mənimsəyib.

20 yaşı olanda atası onu taxta çıxardıb və atası ilə birlikdə dövləti idarə etməyə başlayıb. Yalnız onun ölümündən sonra – 1184-cü ildə Tamara Gürcü çarlığının tək və mütləq hökmdarı olub. Salnamələrdə deyilir ki, Tamaranın hökmdarlığı Tanrı dərgahında həll olunub. Belə ki, onun anası peyğəmbəranə bir yuxu görüb. Yuxuda ona agah olub ki, qızı tezliklə ölkəni uğurla idarə edəcək. Ölkənin bir ucundan digərinə qədər ədalətlə hökmdarlıq edəcək, yadellilərə fürsət verməyəcək, kasıbların dostu olacaq, vətəninin çiçəklənməsində böyük xidmətləri olacaq. Tamaranın özü də taxta çıxandan sonra qəribə yuxu görür: yuxusunda Qafqazı quş baxışından seyr edirmiş. Qafqazın cənubunda vahid pravoslav dövlətini, qərbdə müxtəlif ölkələrdən gələn ticarət gəmiləri, şərqdə isə Xəzər dənizini görür. Birdən Xəzər coşaraq dalğaları şahə qalxır. Nəhəng dalğalar Gürcüstanı sel altında qoymağa çalışır. Amma dərhal at üstündə 4 bahadır peyda olub dənizə odlu oxlar yağdırırlar. Bunu isə gürcülər Tamaranın islam ölkələri ilə mübarizısinə Tanrı işarəti kimi qəbul edirlər.

Çariça Tamaranın daxili siyasəti

Tamaranın hökmdarlıq etdiyi dövr, ümumiyyətlə, dünyada çoxsaylı müharibələr dönəminə düşür. Şərqdə, indiki Monqolustanda Çingiz xan yeni dövlət qurur, qərbdə III xaç yürüşləri baş verir, şimalda isə rus knyazları arasında mübarizə gedirdi. Buna baxmayaraq, Tamara farslar, türklər və bizanslılarla müharibədə qalib gəlib, Xorasan, Təbriz, Ərdəbil və Ərzurumu istila edib. Gürcüstanı islam ölkələri ərazisinə qatmaq istəyən ərəb və fars dövlətləri ilə mübarizədə hər dəfə qalib gəlirdi. Beləliklə, Gürcüstan ən böyük ərazilərinə məhz qadın hökmdarın vaxtında yiyələnir. Həmin dövrdə Gürcü çarlığının ərazisi Xəzərdən Qara Dənizə, İranın Azərbaycan hissəsindən Ərzuruma qədər uzanırdı.

Çariçanın şəxsi həyatı

Tamaranın ilk həyat yoldaşı rus knyazı Georgi olub. O, Gürcü çarlığının maraqlarında böyük xidmətlər göstərib, amma tezliklə əyyaşlığa qurşanaraq xoşagəlməz əməllər edib. Nəticədə, nikah pozulub. Bəzi gürcü əyalətlərində özünə güc toplayan Georgi taxt-tac həvəsilə iki dəfə hücuma keçsə də, üsyan yatırılıb və Georgi özü xəbərsiz-ətərsiz yoxa çıxıb.

İkinci dəfə Tamara osetin knyazı David Soslanla ailə qurub. Bu nikahı uğurlu olub. David də say-seçmə igidlərdən sayılıb. 1194-cü ildə cütlüyün Laşa adlı oğulları dünyaya gəlib.

Müsəlman aşiqlərindən qorxan, məzarı tapılmayan SİRLİ ÇARİÇA

Deyilənə görə, gözəl Tamaranı bizans çarı, fars padişahı və türk paşası da istəyib, amma Tamara onlara rədd cavabı verib. Tamaraya aşiq kişilər arasında şair Şota Rustaveli də olub. Amma qarşılıqsız sevda ucbatından şair ömrünü kahin olaraq keçirib. Şair məşhur “Pələng dərisi geymiş pəhləvan” poemasını da sevdiyi hökmdar qadına həsr etmişdi.

Çariça Tamara ömrünün sonlarını Varziya monastırında keçirib. Xəstə olduğu üçün bura yerləşib və son günlərini saraydan uzaq keçirib.

Səkkiz əsr ərzində onun məzarı çox axtarılıb, amma tapılmayıb. Vatikanın fərziyyəsinə görə, çariça Qüdsdə yerləşən gürcü kilsəsi ərazisində basdırılıb. Sağ ikən Tamara bu torpağı ziyarət etməyi çox arzulayırmış. Əgər Vatikan fərziyyəsi düzdürsə, deməli onun arzusu ölümündən sonra gerçəkləşib.

Əvvəlki məqaləKeyfiyyətli qidalar seçmək üçün VACİB TÖVSİYƏ
Növbəti məqalədəTarixin cəsur qadınları