Ölkəmizdə hər il minlərlə tələbə ali məktəbləri bitirərək iş axtarışına çıxırlar. Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir. Bu səbəbdən son illər əmək bazarında ciddi dəyişikliklər baş verib. Bir vaxtlar məşhur olan, hər kəsin oxumağa can atdığı peşələrə bu gün artıq tələbat azalıb. Valideynlər Sovet dövründə olduğu kimi, indi d övladlarının ya hüquq, ya da tibb fakültəsində oxumasına cəhd etsələr də, bazarda belə ixtisaslara tələbatın olmaması vəziyyəti gərginləşdirib. Bu gün əmək bazarında tələblə təklif üst-üstə düşmür. Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır.
Bəs Azərbaycanda əmək bazarında daha çox tələb olan peşələr hansılardır? Hansı ixtisası bitirənlər daha rahat iş tapa bilirlər? Ali məktəblər və texnikumlara qəbul planı təsdiqlənərkən bazarın tələbləri nəzərə alınırmı? Bu suallarımıza araşdırmamızda cavab tapmağa çalışdıq.

Bazarda tələb olunan peşələr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qəzetimizə açıqlamasında hazırda əmək bazarında tələb olunan peşələr haqqında məlumat verdi. Dövlət rəsmisinin sözlərinə görə, İKT sahəsi üzrə peşələrə bazarda daha çox tələbat var: “Əmək bazarında İKT sahəsi üzrə peşələrə; proqramçı, kompyuter mühasibliyi, kompyuter texnikasının təmiri ustası, kompyuterçi dizayner, internet üzrə operator və s., həmçinin müxtəlif xidmət sahələri üzrə peşələrə; aşpaz, ofisiant, barmen, mehmanxana qulluqçusu, bərbər və s., eyni zamanda ixtisaslı fəhlə peşələrinə; elektrik-qaz qaynaqçısı, avtomobilin təmiri üzrə çilingər, quraşdırıcı çilingər, rəngsaz, elektrik qaz qaynaqçısı, dülgər-xarrat, mebel quraşdırıcısı, çilingər-yığıcı, tikişçi, elektrik avadanlıqlarının tənzimləyicisi, geniş profilli dəzgahçı, xalçaçı, şəbəkəçi, traktorçu-maşınçı, qənnadçı və s. peşələrə böyük ehtiyac var”.
E.Babayev vurğuladı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti məhz əmək bazarının tələbləri nəzərə alınmaqla, qeyd olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edir: “Kurslarda bu peşələrə yiyələnən şəxslərin əmək bazarına daxil olması və məşğulluğunun təminatı asanlaşır. Ötən il peşə və ixtisası olmadığına görə iş tapmaqda çətinlik çəkən və ya peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini dəyişməsi zəruri olan şəxslərdən ibarət 3786 nəfər vətəndaş peşə hazırlığı kurslarına cəlb edilib. Həmçinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri olan 113 min 246 nəfərə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib”.

Əlaqə çoxdan qırılıb…

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov isə hesab edir ki, əmək bazarında istehsalatla kadr ixtisası arasındakı əlaqə çoxdan qırılıb: “Tələbəyə verilən təhsil bazarın tələbinə uyğun olmalıdır. Lakin bizim müəssisələrdə təhsil istehsalın tələbinə uyğun yox, ixtisasın dəbdə olmasına görə planlaşdırılır. Təhsilimiz bazarı nəzərə almadan məzun istehsalı ilə məşğuldur. Bunun nəticəsində universiteti bitirən minlərlə tələbə tələb olunan ixtisaslar üzrə iş tapa bilmir. Əmək bazarında təklif və tələbin uzlaşdırılmasında həmişə problemlər olur ”.
Həmsöhbətimiz deyir ki, gənclər nəzərə almalıdır ki, əmək bazarını yalnız ali təhsillilər tutmur. Onun sözlərinə görə, bazarda bu gün ixtisaslı fəhlə peşələrinə çox böyük ehtiyac var: “Bu gün yeni tikililər tikilir. Burada elektro-montaj işləri həyata keçirilir. Elektrik çilingərləri çatışmır və onları daim xaricdən gətirirlər. Bu gün bazarda ən böyük ehtiyac ixtisaslı fəhlə peşəsinədir. Bunu da bizim peşə təhsilimiz ödəmək iqtidarında deyil. Düzdür, iqtisadiyyatın müəyyən sahələri üzrə də çatışmazlıqlar var. Amma bunun üçün dövlət xaricdə təhsil proqramları həyata keçirir. Lakin ən böyük problemimiz ixtisaslı fəhlə peşələridir. Bu gün Azərbaycanda avtomobil çilingəri üzrə peşəkar yetişdirən kollec yox dərəcəsindədir. Olanlar da çatdırmır. Bu ixtisaslar üçün təhsil verilmir, gənclər yalnız usta yanında şagird kimi öyrənirlər”.

“Hökümət müdaxilə etməlidir”

Təhsil eksperti Məhərrəm Zülfüqarlı isə hesab edir ki, bu gün təhsil ocaqlarımızın hamısı yaxşı kadr hazırlaya bilmədiyindən hökumətin ali məktəblər və texnikumlarda kadr siyasətinə müdaxilə etməsinə ehtiyac var: “Azərbaycanda 10-dan çox dövlət, elə bu qədər də özəl universitet var ki, müəllim hazırlayır. Buna ehtiyac varmı? Heç olmasa dövlət universitetlərində bazarda tələb edilməyən bəzi ixtisaslara məhdudiyyət qoyulmalıdır, ya da universitetlər özləri Təhsil Nazirliyinə bazarın tələblərinə uyğun plan yerləri təqdim etməlidirlər. Düzdür, deyə bilərlər ki, demokratiyadır, kim istəyirsə, pulunu ödəyib təhsil almalıdır. Amma problem ondadır ki, bizdə universitetlərin əksəriyyəti təhsil deyil, yalnız diplom verir. Bu problemlər aradan qalxarsa, hökumətin bu sahəyə müdaxiləsinə ehtiyac qalmaz. Nəzərə almalıyıq ki, dövlətin gələcəyi kadrlardan asılıdır. Kadr yerindədirsə, dövlət də inkişaf edir. Hazırda bu sahədə problemimiz olsa da, gələcəkdə dövlət tərəfindən xaricə göndərilən tələbələrin hesabına problemin həll olunacağını düşünürəm. Digər tərəfdən, özəl sektor inkişaf etdikcə, ölkəmizdə diplomlu insanlara yox, mütəxəssislərə ehtiyac olacaq. Bu zaman insanlar diplom xatirinə oxumayacaq, bazarın tələb etdiyi hansısa sənətin, peşənin arxasınca gedəcək”.

Monitorinqlər aparılmır

İqtisadçı ekspert Vüqar Bayramov da bazarda bu sahədə monitorinqlərin aparılmadığından, əmək bazarının tələblərinə uyğun kadr hazırlanmadığından şikayətləndi: “Əmək bazarında çox ciddi problemlər var. Tələbələrin əksəriyyəti hüquqşünas, müəllim, həkim kimi məzun olur. Bu sahələrə tələbat olmadığı üçün bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında işsizlik artmış olur. Ölkə üçün əhəmiyyət kəsb edən kənd təsərrüfatı, yüksək texnologiyalar və s. kimi ixtisaslara maraq çox zəifdir. Ölkəmizdə tələb olunan peşələrə xaricdən işçi qüvvəsi gətirməyə məcbur oluruq. Nəticədə ali təhsilli məzunlarımız işsiz qalır”.

Problemin həlli yollarından danışan mütəxəssis deyir ki, ali təhsilin formalaşmasında və ixtisasların təyin olunmasında ölkənin sosial-iqtisadi inkişafının meylləri, o cümlədən sahibkarlıq subyektlərinin tələbləri nəzərə alınmalıdır: “Bu gün sahibkarlar hansı kadra, ixtisasa ehtiyac duyursa və ya hansı peşələr vacibdirsə, onlar öyrənilməlidir. Ali təhsil müəssisələri ilə iş adamları arasında qarşılıqlı əlaqə olmalı, təcrübə mübadiləsi aparılmalıdır. Əmək bazarında tələbə uyğun olaraq təklif verilməli və ixtisaslı kadr yetişdirilməlidir”.

İş elanları saytlarında apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, özəl şirkətlər və təşkilatların hazırda daha çox, İKT sahəsində bacarığı olan gənclərə, satış təmsilçilərinə, texniklərə ehtiyac var. İkinci ən çox axtarılan peşə sahibləri isə xidmət sahəsində çalışanlardır. Bu sahədə ofisiantdan tutmuş, aşpaza, mühafizəçiyə, sürücüyə qədər müxtəlif peşə sahiblərinə tələbat böyükdür.

Aygün ƏZİZ

Əvvəlki məqaləYaxşı iş yerləri
Növbəti məqalədəKişilərin ən çox uğur qazandığı peşələr hansılardır?