analıq və hamiləlikTik uşaqlarda əzələ sıxılması nəticəsində anidən əmələ gələn qeyri-ixtiyari hərəkətlərdir. Tiklərə müxtəlif yaşlarda rast gəlinsə də, 7-12 yaşlı uşaqlarda daha çox müşahidə edilir. Xəstəliyin yaranmasında genetik amillərlə yanaşı ətraf mühit faktorlarının, stres, qorxu və ailə dəxilində baş verən arzuolunmaz pisoxoloji vəziyyətlərin təsiri çoxdur. Tiklərə qızlarla müqayisədə oğlanlarda daha çox rast gəlinir. Tiklər motor və vokal olmaqla 2 yerə ayrılır.
Həkim-nevropatoloq Elşən Qarayev uşaqlarda rast gəlinən tiklər barədə məlumat verib.
Həkim-nevropatoloq motor və vokal tiklərin fərqlərindən danışıb: “Motor tiklər zamanı üzdə, gözdə, çiyində və ya qolda qeyri-ixtiyari hərəkətlər baş verir. Bu zaman uşaq qaşlarını qaldırır, gözünü qırpır, ağız-burun bucağını bükür, başını silkələyir və s. hərəkətlər edir. Vokal tiklər zamanı isə xəstə qeyri-iradi olaraq müxtəlif səslər çıxarır. Məsələn boğazı təmizləmək, öskürmək və üfürmək kimi səslər vokal tiklərə xasdır. Mürəkkəb vokal tiklərə isə başqasının və ya öz sözünü yenidən təkrarlamaq, ədəbsiz sözlər işlətmək aiddir”.
E.Qarayevin dediyinə görə, əgər uşaqda motor və vokal tiklərə, eyni zamanda, rast gəlinirsə və tiklər bir ildən çox davam edirsə, bu, turet sindromu adlanır: “Turet sindromu zamanı uşaqlarda yanaşı psixoloji pozuntular da müşahidə edilir. Belə xəstələrdə yanaşı olaraq obsessiv-kompulsiv pozuntulara, diqqət çatışmazlığı və hiperaktivliyə rast gəlinir. Turet sindromundan əziyyət çəkən uşaqların, həmçinin dərs öyrənmə çətinliyi də olur. Nəzərə almaq lazımdır ki, belə oxşar əlamətlərə başqa xəstəliklərdə də rast gəlinə bilər. Ona görə də absans epilepsiyası, müxtəlif allergik simptomlar, üz spazmı, distansiya və fərqli stereotip hərəkətlər mütəxəssis tərəfindən qiymətləndirilib tiklərdən fərqləndirilməlidir. Unutmayaq ki, tiklər qeyri-iradi olaraq baş verir. Ona görə də, uşaqları tiklərinə görə danlamaq və ya tənqid etmək doğru deyil. Bu, problemin daha da aqressivləşməsinə səbəb ola bilər. Əgər övladınızda həmin simptomlar aşkar olunarsa, onların psixoloji vəziyyətini mütləq yoxlamaq lazımdır”.

Əvvəlki məqaləDəridəki çatların ev şəraitində yox edilməsi üsulları
Növbəti məqalədə5-10-15 dəqiqə…– Normal cinsi münasibət nə qədər davam etməlidir?