Mən onu poçtda gördüm. O qadını. Əvvəlcə kiməsə oxşatdığımı sandım, sonra ona bənzəyə biləcək bütün tanışları bir-bir fikrimdən keçirdim və konkret heç kimi tapmadım. Amma qadın dəhşətli dərəcədə kimisə xatırladırdı. O (şərti olaraq adını L. qoyaq)  mənim göndərəcəyim məktublarla məşğul olduğu vaxtda özümlə bacara bilmirdim, etirazıma rəğmən beynim çox sürətlə işləyirdi və nəhayət ki, «evrika».

L. fərdi olaraq kiminsə oxşarı deyildi, ümumən sovet qadınlarına bənzəyirdi. Bənzəyirdi nədi, tipik sovet qadını idi və elə bil indicə o dövrdən çıxıb gəlmişdi. Çoxdandı poçta yolum düşmədiyini nəzərə alsaq, mənim o dövrə qayıtmış olmağım da pis versiya deyildi.

O, çağdaş qadınlardan fərqli olaraq, çox təbii görünürdü; saçları səliqəsiz və sadə şəkildə arxadan yığılmışdı, qaşlarının forması indiki dəbə uyğun deyildi. Üzündəki xırda nahamvarlıqlar  kosmetikanın müasir uğurlarıyla ört-basdır edilməmişdi deyə, xaricdən gətirilən almalar kimi bərq vurmurdu, əksinə, orqanik meyvələrtək kələ-kötür idi. Bütün bunlara baxmayaraq, hətta mən deyərdim, bütün bunlara görə, L. adama xoş təsir bağışlayır və olduqca doğma gəlirdi. Gözlərindəki təbii işıltı üzünə zər kimi dağılıb parıldayırdı. Mənim diqqətimi çəkən və onu sovet qadınlarına bənzədən də elə baxışlarındakı bu işıltı idi.

Yaddaşımı bir az da qurdalayıb belə bir nəticəyə gəldim ki, L. sovet kəndlisinə bənzəmir, ziyalısına da. Əsl zavod və fabriklərdə çalışan ovaxtkı fəhlə optimistliyi vardı onda. L.-ya məhz poçtda rast gəlməyim də təsadüfi deyildi. Banklarda, ofislərdə indi ancaq civiltili səslə robot kimi eyni şeyləri deyən, ütülü və inkubator cücələri kimi standart görkəmli qızlar işləyirdi.

Təmasda olduğum beş-altı dəqiqədə hətta mənim kimi «doymuş məhlul»a da onun əhvalı sirayət elədi, bir anlığa elə bildim ki, heç bir amalımız iflasa uğramayıb, hələ hər şey qabaqdadı. Və az qala bir az da ifrata varıb «rədd olsun elektron məktublar» deyə qışqıracaqdım ki, insafa gəlib özümü saxladım.

Əvəzində düşündüm ki, bəlkə hansısa utopik xəyallarla yaşamaq gələcəkdən əl üzüb yaşamaqdan daha yaxşıdır…

Müəllif: Səhər Əhməd

Əvvəlki məqaləCadu və ya nəzər varmı necə müəyyən etmək olar
Növbəti məqalədəUnutqanlıq haqqında bilgilər və onu yaradan səbəblər