sağlamlıqFast-fud kimi tanınan ayaqüstü yeməklər hər zaman isti və ucuz qida olmağına baxmayaraq, həm də dadlı olur.
Ayaqüstü yeməklərin tərkibinə dad, keyfiyyətinə zəmanət verən çoxlu sayda qida əlavəsi qatılır. Əgər insan ayda bir dəfə ayaqüstü yeməklərlə qidalanarsa, orqanizmə ciddi bir zərər dəyməz. Ancaq hər gün qidalanarsa, onda bir müddətdən sonra orqanizmdə qüsurlar meydana çıxar. Doymuş yağlardan hazırlanmış qidalar yüksəkkalorili olur, bir sıra xəstəliklərə yol aça bilir. Qəbul etmək nə qədər çətin olsa da, çəkini ifrat dərəcədə artıran birinci səbəb ayaqüstü yeməklərdir.

Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-cərrahı, bariatrik diyetoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Vəfa Paşazadə məlumat verib.
Sağlam qidalanma üzrə mütəxəssis deyib: «Uşaqlar və tələbələr tez hazırlanan yüksəkkalorili ayaqüstü yeməklərə üstünlük verirlər. Bir çox ailələrin ayaqüstü yeməklər təklif edən məkanlarda qidalanmağına baxmayaraq, böyüklər özləri hər zaman burada hazırlanan yeməklərə xüsusi dəyər vermirlər və imtina edirlər.
Ayaqüstü yeməklər niyə zərərli hesab olunur? Çünki artıq çəki və piylənməyə səbəb olur. Vitamini olmayan bu cür bütün yeməklərin tərkibini çox kalorili və çoxlu miqdarda yağ və şəkər təşkil edir. Belə qidalar qaraciyəri yükləyən və ürək-damar sisteminə zərər verən bir çox heyvan mənşəli yağlarla zəngindir. Karbohidratlarla və yağlarla zəngin olan məhsullar toxluq hissi yaratmağa qadir deyil. Qazlı içkilər və kokteyllərin tərkibində çoxlu miqdarda şəkər var, bəziləri sidikqovucu xüsusiyyətə malikdir və orqanizmə ciddi zərər yetirir.
Əgər insan hələ də tez hazırlanan ayaqüstü yeməklərdən imtina edə bilmirsə, ən azından orqanizmə zərər yetirməyən məhsullarla qidalana bilər. Belə ki, müxtəlif ayaqüstü qida məkanlarında sağlam nahar etmək olar. Uşaqlar belə məkanlara gətirilirsə, qazlı içkiləri portağal və yaxud alma şirəsi, qızardılmış kartofu isə tərəvəz salatı və meyvə ilə əvəz etmək məsləhətdir. Salat sifariş verərkən sirkə tərkibli xardal və ketçup kimi məhsullardan da almaq mümkündür. Burgerlərə pendir və ya donuz basdırması əlavə etmək əvəzinə müxtəlif tərəvəz növlərindən istifadə etmək olar. Yeməyə duz qatmamaq, əgər seçim varsa, mətbəx sobasında bişmiş ətə üstünlük vermək tövsiyə olunur. Mal əti və quş ətinin arasında seçim olarsa, əlbəttə ki, quş ətini seçmək daha yaxşıdır. Qidanı tələsmədən və kiçik hissələrlə yeməyi vərdiş halına gətirmək lazımdır.

Ümumiyyətlə, evdə hazırlanan yeməklərdən daha faydalısı yoxdur. Lif və vitaminlərlə zəngin olan meyvə-tərəvəzlə qidalanmaq tövsiyə edilir. Yüksəkkalorili və yağlı qidalardan imtina etməklə həm görkəmi, həm də sağlamlığı qorumaq olar».
Fast-fudlar hansı xəstəliklərin yaranmasına səbəb olur?
Müasir dövrdə insanların qida rasionunda «fast food» (ayaqüstü qidalar) üstünlük təşkil edir.
Həm baha satılan, həm də sağlamlıq problemlərinə yol açan «fast food»-u uşaqlardan tutmuş yaşlılara qədər əksər insanlar xoşlayır və zərərini bilə bilə qəbul edir.
Qastroenterologist-hepatologist Arzu Yusifova bu qidaların bizə boş kaloridən başqa bir şey qazandırmadığını diqqətə çatdırdı: “«Fast food» trans yağlarla zəngin olduğu üçün istər mədə-bağırsaq, qaraciyər, istər ürək-damar, mübadilə pozğunluqlarına qədər aparan bir yoldur. Çünki bu qidalar boş kaloridir. Bədənə faydalı olan heç bir mikroelement, heç bir vitamin toplamır. Sadəcə, boş kalori alırıq. Ona görə də mübadilə pozğunluğuna, bu da piylənməyə, şəkərə, öd yolunda xərçəngə gətirib çıxara bilir. Təbii, bir dəfə yeyəndə heç bir şey olmaz. Amma sürəkli, həftədə heç olmasa 2-3 dəfə istifadə edilirsə, o zaman orqanizm üçün zərərlidir, ciddi sağlıq sorunudur. Amma ayda bir, iki ayda bir yeyilməsində belə bir təhlükə yoxdur”.
A. Yusifovanın sözlərinə görə «fast food»ların zərərli təsirində yaş amili önəm daşımır: «Təsir etməsində yaşın heç bir fərqi yoxdur. Sənaye bu qədər inkişaf etdikdə həmin ətlər, toyuqlar hamısı hormonlu qidalara çevrilir. Bir tərəfdən də o hormonun ziyanı var. Konservantların da ayrıca zərəri var».
Psixoloq Elnur Rüstəmov belə qidaların qəbulunun psixoloji səbəbindən danışdı:
“İnsanlarda belə bir instinkt var: özünü qoruma və nəsil artırma. Üstəgəl özünü qorumağın belə bir məqamı var, o da nədir — həzz almaq. Fikir verin, insanlar kompüter arxasında saatlarla oturub oyun oynayır və yaxud oturub bir film seyr edirlər, heç yemək də yadlarına düşmür. Və qidalandıqları təqdirdə də indi insanlarda əvvəlki dönəmlərlə müqayisədə nəyisə gözləmək, səbr etmək anlayışı yoxdur. Tələsik qidalanma, 5 dəqiqəyə hazır olsun, onunla qidalanmaq var. Yəni bu situasiyada insan səhhətini düşünmür. Məsələn, vacib olan bir şey yeyim, təzədən fəaliyyətimi davam etdirim. «Fast food»u istehsal edən şirkətlər də məhz bu psixoloji məqamı nəzərdə tutur, belə qidaların istehsalı ilə məşğul olurlar. Bu dünyanın hər yerində belədir. Sadəcə, burada fərdi gigiyenanın, fərdi sağlamlığın qorunmasından söhbət gedir. Bu da insanın özünə buraxılır. İnsan var ki, misal üçün heç brolyer toyuqlarını almır. Onun üçün əyalətdən, kənddən gəlir, yalnız onlarla qidalanır və çöldə də qətiyyən yemək yemir. Ancaq elə ailələr var ki, mütəmadi olaraq ayaqüstü qidalardan istifadə edirlər. Onların özlərinin də arqumentləri olur. O arqument nədən ibarətdir? “Ömrü Allah verirsə, nə olacaq, olacaq”.
Əvvəlki məqaləOrqanizminizdə hansı hormon çatışmır ?
Növbəti məqalədəPalma yağı haqqında nələri bilməliyik?