ailəBizim əsas işimiz ailə zəminində baş verən münaqişənin cinayətə çevrilmədən qarşısını almaqdır. Cinayət baş verdikdə onun nəticəsi ilə işləmək çox çətin olur.
Bu sözləri Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Məişət zorakılığı ilə iş üzrə sektorunun baş məsləhətçisi Tural Hüseynzadə deyib.
“Ümumi zorakılığın üç növü var. Məişət zəminində törədilən zorakılığın isə dörd növü var. Ölkəmizdə ən geniş yayılanı fiziki, psixoloji zorakılıqdır. Bizdə olan rəsmi məlumatlarda iqtisadi və cinsi zorakılığa az rast gəlirik. Demək olar, əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda büruzə verir. Hər bir zorakılığın arxasında psixoloji problem durur. Bəzən bu durumlar qətllə də nəticələnə bilir. Psixoloji zorakılığa gətirən əsas səbəblər anlaşılmazlıqdan, kənar müdaxilələrdən, bir-birinə vaxt ayırmamaqdan da qaynaqlanır.”
Komitə rəsmisinin sözlərinə görə, problemlərdən biri də zorakılıqla bağlı müraciətlərin vaxtında edilməməsidir:
“Zoraklıqla bağlı mübarizəmizin birinci istiqaməti odur ki, daha əvvəldən bizə müraciət etsinlər. Çünki nə qədər erkən müdaxilə olsa, məsələ fiziki münaqişə zəmininə, qətlə qədər gəlib çıxmaz. Bəzən zorakılığa məruz qalan insan barədə araşdırma apararkən məlum olur ki, heç kimə problemi ilə bağlı müraciət etməyib. Məişət zorakılıqlarının başında psixoloji zorakılıq dayanır. Ən son həddi isə fiziki zorakılıqdır. Bu səbəbdən bölgələr üzrə daha çox ucqar kəndlərə mütəxəssislər cəlb olunur. Bir problem yarandıqda müraciət edin. Vətəndaş Komitəyə müraciət etdikdə, əgər nömrəsi yoxdursa, həmin vətəndaşın problemi yerli icra hakimiyyətlərində yerləşən monitorinq mərkəzlərimiz tərəfindən araşdırılır”, – deyə T.Hüseynzadə bildirib.

Əvvəlki məqaləUzaq durmalı olduğunuz 5 kişi tipi
Növbəti məqalədəArıqlamaq istəyənlərə 7 tövsiyə