ailə

Son illərdə ölkədə işləyən qadınların sayında artım müşahidə edilir. Artıq kişilərlə bərabər, qadınların da ailə büdcəsinin formalaşmasında öz payı var. Lakin bu məsələdə fikirlər haçalanır. Belə ki, qadının pulunun büdcəyə aid olmadığını düşünən kişilər kifayət qədərdir.

Maraqlıdır, ailədə hər iki şəxs işləyirsə, büdcə necə formalaşdırılmalıdır?

Sosioloq Asif Bayramov qloballaşma prosesi kontekstində Qərbdən gələn şüur formalarının və ölkə daxilində dəyişən sosial-iqtisadi faktorun təsiri altında cəmiyyətimizin çoxəsrlik mədəni-mənəvi dəyərlərinin, xüsusilə ailə modelinin ciddi aşınmaya məruz qaldığını bildiriR:

“Ümumiyyətlə, qloballaşma hərəkatı milli kimliyin məhvini hədəf aldığından o, bu identikliyi qoruyan hər gün mənəvi-mədəni, sosial-iqtisadi, habelə siyasi sistemi dağıtmağa, onu sıradan çıxarmağa çalışır. Azərbaycan xalqına gəlincə isə, qloballaşma hərəkatının arxasında duran strateji beyin mərkəzləri bir həqiqəti aydın şəkildə dərk edirlər ki, xalqımızı əsrlərin tarixi sınaqlarından üzüağ çıxarıb bu günə çatdıran bizim milli ailə modelimizdir. Bu model milli identikliyimizin başlıca qarantıdır. Məsələyə bu aspektdən yanaşsaq, kişilərin ailənin maddi yükünü öz üzərinə götürməsi faktı milli ailə modelimizi qoruyan mərkəzi dəyərlərdən biridir. Bu prinsip ailədaxilində heç də qadın hüquqlarının pozulması demək deyil. Əksinə, bu prinsip ailədaxili ierarxiyanın təminatçısıdır. O cümlədən bu prinsip qadının işləməsini inkar etmir, onun xanım-xatunluq statusunun təmin olunmasına yönəlik bir addımdır. Cəmiyyət üçün yararlı övlad böyütmək bir çox parametrdə ailənin maddi ehtiyacını təmin etməkdən daha çətin missiyadır. Digər tərəfdən hətta qadın çalışsa da, ailə büdcəsinə pul da gətirsə, xalqımızın ənənəvi əxlaqına görə əsl kişi qadın qazancına göz dikməz”.

Sosioloq düşünür ki, klassik azərbaycanlı kişisinin dəyərlərinə sahib çıxanların öz ailə xanımına “sən işləmə və ya puluna ehtiyacım yoxdur” formasında yanaşmaları alqışlanmalıdır:

“Lakin çox təəssüf ki, cəmiyyətimizdə mövcud sosial-iqtisadi durum və aşınmaqda olan mənəvi-psixoloji iqlim milli zirehimiz olan klassik ailə modelimizin qorunmasında yetərincə problemlər doğurur. Ailədaxilində isə, istər kişi, istəsə də qadın öz isti ocaqlarını bu tipli problemlərdən qorumaq üçün davamlı mübarizə aparmaq zərurəti ilə üz-üzə qalırlar. Cütlük zəif olsa, bu təsir qarşısında parçalanır, güclü olsa, daha da bərkiyir və mətinləşir. Ailə büdcəsinin formalaşmasına və idarə olunmasına gəldikdə, nəzərə almaq lazımdır ki, ailə bütöv bir sosial orqanizmdir. Və bu bütövün keşiyini çəkmək cütlüyün hər ikisinin bərabər və eynihüquqlu borcudur. Təbii ki, sürətlə dəyişən mənəvi-sosial reallıqlar fonunda bu problemin həlli ilə bağlı vahid resept vermək mümkün deyil. Çünki problemin həlli forması daha çox ailənin asılı olduğu maddi faktorların həll olunma imkanları ilə əlaqəlidir.

aile budcesi

Məsələyə bir qədər praktiki aspektdən yanaşaq. Ailə büdcəsinin bədxərc kişidənsə, tutumlu qadın tərəfindən idarə olunması yaxud israfcıl qadındansa, daha tutumlu kişi tərəfindən idarə olunması məsələnin uğurlu həlli deyilmi? Habelə istər ailə büdcəsinin formalaşması, istər onun idarə olunması və istərsə digər ailədaxili məsələlərin həllində kişi, yaxud qadının hər hansı birinin yalnız öz şəxsi eqosunu qabartması bu kiçik sosial-mənəvi mühitdə avtoritarlıq doğurur. Bu isə qarşı tərəfin müdafiə və müqavimət mövqeyinə çəkilməsini stimullaşdırır. Nəticədə bütövlük əvəzinə, qütbləşmə baş verir və bu da ailə mövcudluğunu təhdid edir, təhlükə qarşısında qoyur”.

Əvvəlki məqaləCinsi münasibətin müddətini uzatmaq üçün
Növbəti məqalədəBaxımlı xanım olmağın sirri