tanınmış qadınlar

Ukraynanın ən güclü səsə malik olan ifaçısı Ani Lorak dünən 38 yaşını qeyd edib. Müğənninin 38 yaşı olmasına baxmayaraq, gənc qızlardan daha cazibədar görünür. Bu da təsadüfi deyil. Çünki ukraynalı müğənni zahiri görkəminə xüsusi diqqət edir və həmişə valehedici olmağa çalışır.

Bəs o, buna necə nail olur?

Yuxu

Ani Lorak üçün əsas gözəllik qanunu yaxşı yuxudur. Bədənin sinir sistemi üçün istirahət lazım olduğu kimi, dərinin də dincəlməyə ehtiyacı var. Lorakın sözlərinə görə, ən başlıcası odur ki, gözəl görünmək istəyən qadın hər gün ən azı 8 saat yatmalıdır. Qadın nəyə qənaət edirsə-etsin, yuxuya etməməlidir. Axşam saat 10-11 yatmaq üçün ən yaxşı vaxtdır, çünki dəri hüceyrələrinin fəal yenilənmə prosesi məhz bu saatlarda başlayır.

Soyuq duş

Ani Lorak da Monika Belluçi kimi hər səhər soyuq duş qəbul etməyə adət edib: “Əgər yuxudan doymamışamsa, yarıyuxulu da olsa, soyuq duş qəbul edirəm və bərkdən oxuyuram, hətta qışqırıram. Onda adama dərhal enerji gəlir. Mütləq həftədə bir dəfə ballı-ərikli skrabla bədənimi sürtürəm”.

İdman

Ukraynalı müğənni Ani Lorak etiraf edir ki, doğuşdan sonra əvvəlki bədən quruluşunu geri qaytarmaq üçün çox işləməli olub. Ani Lorak çəkisini sabit saxlamaq üçün hər gün məşq edir. Üstəlik, səhərini də idman edərək açır. O, yuxudan oyanan kimi elə yataqdaca ayaqlarını 30-40 dəfə qaldırıb-endirir. Daha sonra o ayağa qalxıb 30 dəfə qarın presi edir. Onun sözlərinə görə, idmana başladınsa, mütəmadi olaraq etməlisən. Çünki əzələlər sonradan tənbəlləşir. İdmandan əlavə, müğənni formada qalmaq üçün rəqslə məşğul olur. O, rəqslərin həm çəkisini qorumağa, həm də əhvalının gün ərzində yaxşı olmasına kömək etdiyini bildirib.

Pəhriz

Ani həmişə düzgün qidalanmağa çalışır, çünki bilir ki, bu, dərinin vəziyyəti üçün də vacibdir. Müğənni pəhriz saxlamır, hətta yağlı yeməklər, qazlı sular da içir. Şokoladdan isə imtina edə bilmir. Ancaq bir qızıl qaydası var: mədəsini heç vaxt doyana kimi doldurmur: “Yatmazdan 3 saat əvvəl yemək yeyib, çay içirəm. Axşamlar su içmirəm, yoxsa səhərə üzüm şişir”.

Dəri

Ani Lorak kosmetoloqların xidmətindən istifadə etmir, çünki dəri üçün əsas qulluq qaydalarını özü yaxşı bilir, ancaq yenə də onların məsləhətinə tez-tez qulaq asır. Məsələn, heç vaxt üzünə tərkibi məlum olmayan kremlər, kirşanlar çəkmir. Hər axşam yatmazdan əvvəl makiyajını mütləq təmizləyir. Yoxsa səhər üzünüz yorğun, tutqun, əzgin görünəcək.O, müsahibələrindən birində “Göz üçün korrektoru yanınızdan əskik etməyin. Gözümün altına korrektor çəkmədən evdən çıxmıram. Rejimim ağır, yuxumsa azdır. Gözlərimin altını ancaq korrektor gizlədir” – deyə bildirib.

Üzünü nəmləndirmək üçün xiyar və çiyələk maskalarından tez-tez istifadə edir.

Dodaqlar qadının yaraşığıdır

38 yaşlı müğənni “İstəyirsinizsə ki, dodaqlarınız təravətli olsun, təmiz fırça götürün və onu bala batırıb dodaqlarınıza sürtün. 20 dəqiqə saxlayın, sonra balın qalığını salfetlə silin. Ağarmış, solğun dodaqları soyuq suda islanmış yumşaq tüklü diş fırçası ilə masaj edin. Evdən çıxmazdan əvvəl dodağınıza mütləq gigiyenik balzam çəkin. Dodaqlarınızı qoruyun, çox ucuz dodaq boyası və parıltısı almayın”.

Əvvəlki məqaləBu yağ saçları sürətlə uzadır
Növbəti məqalədəÖzü bəzənib-düzənən məşhurlar – FOTOLAR