5 noyabr dünyada “Qadınlara Yönəlmiş Şiddətlə Beynəlxalq Mübarizə Günü” kimi qeyd olunur. Bir çox tarixi gün kimi bu günün də özünə xas hekayəsi var. Bu yazımda qısaca iyirmi beş noyabrın hekayəsindən, hekayədən yola çıxaraq mənə görə sorğulamalı olduğumuz məsələlərdən yazacam.

1930-cu ildə Rafael Trujjilo Dominik respublikasında idarəçiliyi ələ keçirir və 30 il ərzində respublikanı diktatura rejimi ilə idarə edir. İdarəçiliyi dövründə ona qarşı çıxanlar arasında üç bacı da var idi. Hansı ki, onlar 1960-cı ilin iyun ayında R.Trujjiloya qarşı “Clandestina” hərəkatı başladacaqdılar. Bir müddətdən sonra bu hərəkat geniş vüsət alaraq bütün ölkəyə yayıldı. Beləliklə də R.Trujjino hakimiyyəti üçün ciddi təhlükə halını aldı.
Əzilən qadınlar diyarıTrujjino da bütün diktatorlar kimi öz hakimiyyətinə təhlükə yaradan və ya gələcəkdə yaratma ehtimalı olan şəxsləri cəzalandırmağa başladı: üç bacıya, həmçinin onlara dəstək çıxan ərlərinə təzyiq göstərdi, həbsə atdı, mal-mülklərinə əl qoydu, onlara qarşı linç kampaniyalarının başlamasına şərait yaratdı. Linç kampaniyalarından biri Trujjinonun xalqa xitabən söylədiyi nitqdə “ölkədə hazırda iki ciddi problem var: biri kilsə, digəri isə Mirabel bacılarıdır” deyərək onları açıq hədəf göstərməsilə başlamışdı.

Əzilən qadınlar diyarı
Bir çox diktatorlara xas cəhətlərdən biri də təhlükə kimi gördükləri şəxsləri vətən xaini kimi təqdim etməkdir. Trujjino da bu ritorikadan istifadə edərək Mirabel bacılarını vətən xaini kimi qələmə vermiş, onları kütləvi təzyiqlərə məruz qoymuşdu və məhz həmin çıxışından heç bir ay keçməmiş, 25 noyabrda Mirabel bacıları ərlərinin həbsxana ziyarətindən qayıdarkən hücumə məruz qalmışdılar. Trujjino tərəfdarları onları maşından endirərək zorlayır, sonra da kötüklərlə döyüb öldürürlər. Bununla hirsləri soyumayıb meyidlərini uçurumdan aşağı tullayırlar. Televiziyada isə bacıların sadəcə avtoqəzada öldüyü bildirilir. Trujjino elə hesab edirdi ki, hərəkata başçılıq edən bacılar öldükdən sonra artıq hakimiyyəti üçün heç bir təhlükə qalmayacaq. Lakin Mirabel bacılarının ölümündən 6 ay sonra Trujjino da suiqəsd nəticəsində öldürüldü və iki il sonra ölkədə demokratik respublika quruldu.

Mirabel bacıları arzularına çatmışdı:
“Uşaqlarımızın patriarxatın və zülmün hökm sürdüyü ölkədə böyüməsinə icazə verməyəcəyik. Mübarizə aparmağa məcburuq. Mən öz adıma hər şeyi, hətta həyatımı da qurban verməyə hazıram.” Patria Mercedes Mirabel.
“Bəlkə də bizə ən yaxın şey ölümdür, lakin bu, məni qorxutmur. Haqlı olan hər şey üçün mübarizə aparmağa davam edəcəyik.” Maria Teresa Mirabel.
“Bu qədər kədərlə dolu olan ölkəmiz üçün edilə biləcək hər şeyi etmək xoşbəxtlik mənbəyidir. Qollarını qovuşdurub oturmaq isə çox kədərlidir.” Minerva Argentina Mirabel.
Öz həyatları bahasına diktatura və qəddarlıqla idarə edilən sistemin sonunu gətirdilər. 1981-ci ildə Latın Amerikası Qadın Qurultayı, 1999-cu il isə BMT tərəfindən dünyada “25 NOYABR – Qadınlara Qarşı Şiddətlə Mübarizə və Beynəlxalq Müqavimət” günü kimi qəbul edildi.
Mirabel bacılarının fəaliyyəti kənardan sadəcə siyasi rejimə etiraz kimi görünə bilər. Lakin mən iddia edirəm ki, bacıların hərəkatında həm də feminizm özünü göstərir. Patria Mirabelin yuxarıdakı fikrindən də bunu aydın şəkildə görmək olar.
Fürsətdən istifadə edərək Azərbaycanda feministlərin hakimiyyəti niyə tənqid etdiyinə, “qadın cinayətləri siyasidir” şüarına toxunmaq istəyirəm. Feminizm özü siyasi ideologiyadır. (Andrew Heywoodun “Siyasi İdeologiyalar” kitabından bunun niyəsini araşdıra bilərsiniz). Həmçinin avtoritar rejimlərin özü də patriarxatın əzici xüsusiyyətlərini özündə daşıyır. Əslində, avtoritar rejimlər ümumiyyətlə, insan hüquqlarını əzir, görməzdən gəlir. Beləliklə də həm kişilərin, həm qadınların, həm də uşaqların hüquqları tapdalanır. Lakin qadınların digər qrup insanlar kimi hüquqları pozulmaqla yanaşı, bir çox rol sahibi olaraq da hüquqları pozulur: ana kimi, həyat yoldaşı kimi və s. Nümunə üzərindən izah etsəm, bəlkə daha aydın olar:
Diktatura ilə idarə edilən cəmiyyətlərin bir çoxunda hakimiyyətlər vətəndaşların gözü açıq, tələbkar, tənqidi düşüncəyə sahib olmasını istəmir. Çünki bu kriteriyalara sahib adamların haqlarını tapdalayıb, aldadaraq işlədib pullarını almaq, təbii sərvətlərini talan etmək çətindir. Ona görə də diktatorlar gözü açıqlıq, tələbkarlıq və tənqidi düşüncəyə apara biləcək yolları bağlayırlar. Bunun üçün sosial insitutları (KİV, məhkəmə, təhsil, səhiyyə və s.) məhv etmək kifayətdir, məncə. Nəticədə vətəndaş tənqidi düşünə bilmir, müqayisə edə bilmir, vətəndaş olaraq gücünü kəşf edə bilmir, yaşamaq üçün çox işləməyin lazım gəldiyinə inandırılır. Adicə bizim ölkədəki iş saatlarına nəzər salsaq, 8-9 saatlıq iş saatlarının maaşı 250-500 manatdır (işçi kütləsinin çoxluğunu market işçiləri, xadimələr, müəllimlər, həkimlər, mühafizəçilər, çörəkçilər, ofisantlar və s. təşkil edir və onlar da az maaş alıb çox işləyən kütləyə daxildir). Bu o deməkdir ki, günün azı 10 saatını evdən çöldə: işləyərək və yollarda keçirirsən. Qalır 14 saat, 8 saat yuxu, 6 saata da nə dincəldin dincəldin.
Uşaq dünyaya gətirmək instinktiv bir davranışdır və seksin kasıbların ən böyük pulsuz əyləncəsi olduğunu düşünsək, qaçınılmazdır. Uşağı böyütmək üçün ona qayğı və pul lazımdır. Həmçinin çox zaman ciddi amil kimi görünməyən ev işlərinə vaxt ayırmaq lazımdır. Burada ailə daxili əmək bölgüsü aparmaq lazım gəlir. Təbiət etibarilə uşağın ilk illərdə ana tərəfindən daha çox qayğı istəməsi və bizim kimi cəmiyyətlərdə ev işinin qadına yaraşdırılması artıq seçim kombinasiyalarını aydınlaşdırır: qadın uşağa baxacaq, ev işini görəcək, kişi isə işləyəcək və pul qazanacaq. Bu halda qadının evdəki işləri əmək kimi, ciddi iş kimi görülmür, kişi isə işləyən, əziyyət çəkən tərəf kimi qəbul edilir.
Bir çox iş yerləri qadınlara analıq məzuniyyətinin pulunu ödəmir (bank işçisi qadınlar, müəllimlər, həkimlər xaric). Bu halda da qadın kişiyə möhtac qalır. Əgər bir gün boşanmaq istəsə, ya atası evinə qayıtmalıdır, ya da tək yaşamalıdır. “Gəlinliklə çıxdın, kəfənlə qayıda bilərsən” deyimini eşitmiş olarsınız (bura qədər oxuyan oxucu düşünə bilər ki, indiki dövrdə aktual olmayan məsələdir. Sizdən xahiş etmək istəyirəm, Bakı kəndlərinə, bölgələrə səfər edəndə və ya vasitəli şəkildə, əri, qaynanası tərəfindən psixoloji, fiziki şiddət görən qadınlarla, bölgə polislərilə danışıb vəziyyəti xəbər alsınlar). Qadınlar ailələrinin təzyiqindən qorxaraq və ya onlara yük olmamaq üçün ata-ana evlərinə geri qayıda bilmirlər. Tək yaşamaq üçün də ev, pul lazımdır. Azərbaycandakı maaşla yaxşı ev almaq üçün illərlə işləmək, hər şeydən kəsib qəpik-qəpik yığmaq lazım gəlir. Həmin qadın ev kirayələmək istəsə, tək adamın maaşı ilə həm ev pulunu, həm özünü, həm uşağı dolandıra bilməz. (Məhkəmənin təyin etdiyi alimenti çox zaman qarşı tərəf ödəmir, icra məmurları bəzən çarəsiz qalırlar).
Cəmiyyət bu problemləri bilir deyə, “boşanıb qəhbə olacaqsan?!” sualı səslənir. Bu sual sterotip əsaslı ritorik sualdır. Bu sterotipin altında iqtisadi məsələlər var. Qadın bütün bu əngəlləri, üstünə yapışdırılacaq adları düşünüb o fiziki, psixoloji şiddətə dözməyə, sevmədiyi adamın üzünü görməyə, onunla sevişməyə, sevişmək istəmədikdə zorlanmaya dözür. İnsan kimi əzilməklə yanaşı qadın, ana kimi də əzilir, üstünə əlavə mənəvi yüklər qoyulur.

“Vaxtında oxuyub müəllim, həkim, bank işçisi olardı, işləyərdi, analıq məzuniyyətinin pulunu alardı, boşana bilərdi” deyən adamlar görmüşəm. Xatırlatmaq istəyirəm ki, məktəblərdə yaxşı təhsil yoxdursa, şagirdlər necə oxusun? Əgər yaxşı təhsil olsaydı, bu gün bu qədər repetitor olmazdı. Repetitor yanına getmək üçün də pul lazımdır. Kasıb ailənin övladı o pulu haradan tapıb repetitora versin? Fərz edək ki, bir şəkildə universitetə girdi, əgər ödənişli əsasla oxuyursa (ki, hazırda sürətli şəkildə dövlət sifarişi ilə olan yerlərin bir hissəsini də ödənişli əsaslıya çevirirlər, ödənişli əsasın da qiymətini artırırlar), o pulu necə versin? Ölkədə tələbə krediti yox səviyyəsindədir. Bir təzə qəbul olmuş tələbə müstəqil şəkildə o pulu haradan tapıb versin? Mən hələ qadınların məcburi təhsildən belə yayındırıldığını, dövlətin buna nəzarət etmədiyini, müəllimlərin həmin qız şagirdlərlə bağlı dövlətə xəbər vermədiyini bir kənara qoyuram.
Erkən nikahlar, bölgələrdə rəsmi nikah olmadan toy çaldırmalar, bölgə polislərinin rüşvət qarşılığında susması, nikahdan kənar doğulan uşaqlar və s. Bütün bunlar dövlətin işinə daxildir. Dövlət bunların niyə baş verdiyini sorğulamağa, araşdırmalar aparmağa, statistikalar hazırlamağa borcludur. Milli Məclisdən tutmuş digər iş yerlərindəki gender disbalansına nəzarət etməyə və sayın bərabərliyinin təmin olunmasına çalışmalıdır. “Yaxşı qadın kadr yoxdur”sa, niyə yoxdur, onun yetişməsini əngəlləyən nədir, necə etmək olar ki, bu problem aradan qalxsın sualları ətrafında düşünməli, tədbirlər planı hazırlanmalıdır.
Bu gün bu qədər şiddət görən qadın olduğu halda onların mühafizəsi üçün İstanbul konvensiyası qəbul olunmursa, sığınacaqlar yoxdursa, təmsilçilikdə gender bərabərliyi yoxdursa, feministlərin qadına qarşı şiddət məsələsində dövlətin yaxasından yapışmağa tam haqqı var.
Keçən ilin yanvar-sentyabr ayları ərzində məlum olduğu qədərilə, 118 qadın ailədaxili şiddətə məruz qalmışdı. Onlardan 33-ü həmin şiddət nəticəsində dünyasını dəyişib. 85-i isə ailə üzvü və yaxınları tərəfindən ya döyülüb, ya da bıçaq, balta, küt alət və çəkiclə vurulub, yandırılıb və müxtəlif cür xəsarət alıblar. Azərbaycan əhalisinin sayını, dövlət tərəfindən statistikaların aparılmamasını, dəqiq nəticələri öyrənə bilməməyimizi nəzərə alsaq, bir neçə azad jurnalistin apardığı bu statistika olduqca dəhşətli göstəricidir (bu ilin statistikası rastıma çıxmadığı üçün, keçən ildən nümunə çəkdim). Dövlət demokratik olduğunu iddia edirsə, bu tipli statistikaların aparılmasında, araşdırmalarda maraqlı olmalıdır.

Sağlam vətəndaş dünyaya gətirmək, yetişdirmək üçün birinci özümüz fiziki və əqli sağlam vətəndaş olmalıyıq. Vətəndaşların hüquqlarını qanunverici, idarəedici orqanlar və məhkəmə hakimiyyəti təmin edirsə, deməli, hakimiyyət birbaşa məsuliyyət daşıyır.
Müəllif: Nərmin Şahmarzadə
Mənbə: azlogos.eu
Əvvəlki məqaləƏfsanəvi dizaynerin HİKMƏTLİ FİKİRLƏRİ: “Əsl alicənablıq nankorluğu bağışlamaq bacarığıdır”
Növbəti məqalədə60 yaşından sonra həyatlarını büsbütün dəyişib hər kəsi HEYƏRTLƏNDİRƏN QADINLAR – FOTO