qadın sağlamlığı

Bu hal endokrin sonsuzluq adlanır. Sonsuzluğun ən çox təsadüf edilən səbəblərindən biri də qadın orqanizmində olan hormonal pozğunluqlardır.

Orqanizm tərəfindən hazırlanan hormonların, demək olar ki, hamısı cinsi funksiyalara təsir edirlər. Məhz buna görə, hər hansı bir hormonun və ya bir neçə hormonun istehsal olunmasında pozğunluq baş verdikdə, qadında sonsuzluq inkişaf edə bilər. Bunu nəzərə alaraq, sonsuzluğa görə müalicə alan bütün qadınlara hormonal fonun müayinələri – həm qadın hormonları, həm də qalxanvari vəzi hormonları təyin olunur.

Əgər qadın orqanizmində estrogenlərin çatışmazlığı olarsa, onun yumurtalıqlarında yumurta hüceyrəsinin yetişməsi baş vermir. Bu isə ovulyasiyanın, daha sonra isə hamiləliyin baş verməməsinə səbəb olur. Digər tərəfdən, progesteron hormonunun çatışmazlığı isə ovulyasiya və mayalanma nəticəsində əmələ gəlmiş olan rüşeymin uşaqlığın daxili qişasına implantasiya oluna bilməyəcəyi ilə nəticələnmiş olacaq.

Bəs qadınlarda hormonal fonun dəyişməsinin səbəbi nədədir?

Bu, qadın cinsiyyət vəzilərində – yumurtalıqlarda olan patoloji proseslər, həmçinin endokrin orqanların xəstəlikləri ola bilər: baş beyində yerləşən mərkəzi orqanlar – hipofiz və hipotalamus və periferik orqanlar olan – qalxanvari vəzi, böyrəküstü vəzilər və digərləri.

Qız uşağının anormal sürətli və ya anormal ləng cinsi yetkinliyi ilə nəticələnə bilən – hormonal fonun anadangəlmə pozğunluqları, hipotalamusun və hipofizin hormonal-aktiv şişləri, böyrəküstü vəzilərin şişləri və vərəmi, endokrin sistemi orqanlarının iltihabi xəstəlikləri də sonsuzluğa səbəb ola bilərlər. Bu halda vaxtında aparılan müayinə və müalicə qız uşağını gələcəkdə baş verə biləcək sonsuzluqdan xilas etməyə imkan verə bilər.

Xoşbəxtlikdən, dölyaratma funksiyasının pozulması zamanı olan bütün dəyişikliklər, heç də hər zaman ağır endokrin xəstəliklərin olması ilə əlaqədar deyil. Əksər hallarda funksional pozğunluqlar da təsadüf edilir ki, onlar da vaxtında aşkar edildikdə asanlıqla müalicə olunurlar. Belə funksional pozğunluqlardan biri – hipotireozdur (qalxanvari vəzinin tiroid hormonlarının çatışmazlığı). Hazırkı zamanda hipotireoz – sonsuzluğa səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Hipotireoz xəstəliyi zamanı qadında yumurta hüceyrəsinin inkişaf etməsi və ovulyasiya baş vermədiyi üçün hamiləliyin olması da mümkün olmur. Xoşbəxtlikdən bu xəstəliyin müalicəsi kifayət qədər asanlıqla aparılır. Həkim-endokrinoloq xəstəyə orqanizmdə qalxanvari vəzinin çatışmayan hormonlarını təyin etdikdən bir müddət sonra, qadının hormonal fonu normallaşdığı üçün arzu edilən hamiləlik də baş tutur.

Bundan başqa, onu da bilmək lazımdır ki, qadının dərialtı piy təbəqəsi də qadın cinsi hormonları ifraz edir. Bunun nəticəsində, qadının bədən çəkisinin həddən artıq aşağı olduğu halda, bu proses də pozularaq aybaşının tamam itməsi və sonsuzluğun formalaşması ilə nəticələnə bilər.

Digər bir tərəfdən, qadının bədən çəkisinin həddindən artıq olması da hormonal tarazlığın pozulmasına (aybaşı tsiklinin, ovulyasiyanın pozulması) və son nəticədə isə sonsuzluğa səbəb ola bilər. Belə hallarda həkimlər, çəkinin normallaşdırılması məqsədi ilə qadınlara pəhriz saxlamaq, müvafiq dərman preparatları qəbul etmək, idman hərəkətləri ilə məşğul olmaq və s. məsləhətlər görürlər. Çəkinin normallaşdığı halda, pozulmuş hormonal tarazlıq, həmçinin qadının dölyaratma funksiyası da, adətən, bərpa olunur.

Əvvəlki məqaləPolikistoz yumurtalıqlar sindromu və hamiləlik
Növbəti məqalədəSonsuzluğu düzgün müalicə etmək lazımdır!