Sabahınız xeyir demək istərdim sizə. Fəqət, gün gerçəkdən aydınmı, onu bilmirəm. Hər gün səhər yeməyindən sonra təzə dəmli çaydan bir stəkan süzüb, kül qabını eyvandakı divanın başlığına qoyub bir siqaret yandıraraq xəbər saytlarında gəzişmənin keyfindən özümü məhrum etmirəm. Bu aralar, hətta son altı aydır, bundan zövq ala bilmirəm. Məsələ çayın pürrəngi olub-olmaması ya da siqaretin yaratdığı öskürmə ilə ciyər narahatlığı deyil. Məsələ çox dərindi. Saytlardakı xəbərlərə baxdınızmı heç? Bir qadın olaraq bu ölkədə yaşamaqdan qorxuram. Hər gün öldürürlər, ay adamlar, hər gün mütləq qadın ölümü yaşanır bu məmləkətdə.

Səhər keyfimiz yox, axşam yeməyindən sonra televizorda xəbər izləmə keyfimiz vardı, onu da yarımçıq saxladıq. Necə izləyək? Biz robotuq? İnternetdə gəzişirsən, qarşına, insan olan varlığın izləyəməyəcəyi videolar çıxır. Xəbər başlıqları zatən içimizi parçalayır. «Eks həyat yoldaşı tərəfindən alnından güllə ilə vurularaq öldürüldü!”, „İki uşağının gözləri qarşısında həyat yoldaşını bıçaqladı”, “Həyat yoldaşı yatdıqdan sonra evi yandırdı”, „Arvadının üzünə kimyəvi məhlul tökdü”, “Boşandığı arvadının evinə gələrək başını kəsdi”

Həqiqətən bu cümlələrin ağırlığını hiss edə bilirsinizmi? Bu ölkədə qadın nədir? Bu ölkədə qadın hər gün ölüm riski ilə üzləşir. Bəs niyə? Patriarxal cəmiyyətin azarkeşləri olan kişilərlə eyni dünyada yaşadığına görə? Yoxsa qadınların kişiləri düzgün böyüdə və sağlam psixologiya ilə tərbiyə edə bilməməkləri ilə əlaqədardır? Zorakılığa məruz qalan bir qadın necə sağlam psixologiyalı uşaq böyüdə bilər? Döyülən, fiziki və psixoloji zorakılığa məruz qalan qadın və bu zorakılığın şahidi olan uşaq hansı fərd olacaq? Mən deyəcəm. Gələcəyin potensial qatili, şiddətə meyilli kişisi. Bunu başa düşmək üçün psixoloq və ya öngörücü olmağa ehtiyac yoxdur. Bir insan niyə tərbiyə olunur? Niyə etik və əxlaq qaydaları ilə böyüdülür? Normal bir cəmiyyət üzvü olmaq üçün. Hər gün anasını döyən atanın oğlu sabah həyat yoldaşını döyən „kişi“ olacaq. Bu aydın, mübahisəsizdir!
Bir də keçmiş həyat yoldaşı „ilişməsi” var kişi beynində.  Qardaş, boşandın, ayrıldın, yeni bir səhifə aç, həyatını yaşa. Nədir bu vəsvəsə, bu psixopatlıq? Rəsmi dövlət qaydaları ilə boşandığınız qadına niyə namus gözətçiliyi edirsiniz? Özünüzdə bu hüququ haradan tapırsınız? Bu cinayətlərin əksəriyyətində “keçmiş həyat yoldaşı» taxıntısı var. Boşandığı qadına namus gözətçiliyi edən, onu izləyən, həyatına və yaşam tərzinə qarışma haqqını özündə tapan natamam psixologiyalı kişilər.
Ortadakı uşaqlar, onların psixologiyası və gələcəyi də travmalı olacaq. Anasını, atasının öldürdüyünü görən, bilən uşaqdan hansı empati bacarığını və hansı toplumsal insaniyət düşüncələrini dərk etməsini istəyə bilərik? Məhv olmuş bir insan həyatından bəhs edirik burada.
Həmişə deyirəm, bunların günahkarı yenə biz qadınlarıq. Patriarxal toplumun şüurlu və ya şüursuz şəkildə tərəfdarı da bəzən biz qadınlar oluruq. Bilmədən də olsa. Məsələn oğlan və qız övladları arasında ayrıseçkilik edən analar var. Oğluna yemək verməsi, ona süfrə qurması üçün qızını yönləndirən, oğlan olduğu üçün onun çölə çıxma saatının fərqli olmasını düzənləyən, oğluna qab yudurtdurmayan, ev süpürtdürməyən, divanda uzanarkən belə, televizoru onun ixtiyarına verən analar. Etməyin, bilmədən də olsa bu hegemonluğu böyütməyin! Bunun nəticəsində qadınlar ölür. Evinizdə doğru olmayan tərbiyə və əxlaqla böyütdüyünüz oğlan uşaqları sabah toplumun canisinə, qadın qatilinə, namus gözətçisinə çevrilir.
Qadına şiddəti araşdırma komitəsi qurub, bütün üzvlərini kişilərdən ibarət edən, bir qadın quruluşunu bu komitəyə daxil etməyi ağlından belə keçirməyən, qadın üçün ən yaxşısını kişi bilir anlayışındakı bir zehniyyətdən nə gözləmək olar? Qadınların kişi hegemonluğu üstün olan bir toplumda yaşamağının çətinliklərini kişilər bilməz. Onu ancaq yaşayanlar bilər.

Əksər qadın qatillərinin bəhanəsi: ” Namusumu təmizlədim”
Bunu kişilərin beyninə biri çəkiclə döyəcləsin, lütfən – Qadın sənin namusun deyil! Qadın, namusundan özü sorumludur. Qadınlar, siz «namus gözətçilərindən” daha çox namusludur. Dul qalan qadın uşaqlarına sahib çıxaraq onları böyüdür, yetişdirir, çətin şərtlər altında işləyir, ana-atalıq edərək onların əksik tərəfini sevgisi ilə bütünləşdirməyə çalışır. Övladları üçün çörək arxasınca gedən insanlardır qadınlar. İndiyə qədər aliment ödəməmək üçün qaçan, ölkəni tərk edən, məhkəmələrdə sürünən kişilərin sayını bilirsinizmi? Bu ataların namusu haradadır, mənə deyə bilərsinizmi?
Öncəliklə, qadını insan olaraq dəyərləndirək və onun da qanunlar qarşısında kişi ilə bərabər haqlara sahib olduğunu Ailə Məcəllələsindən qəbul edək.
Sənin yalnız kişi olduğun üçün qadın öldürməyə keçərli bəhanən ola bilməz! Bu qadın – anan, bacın, sevgilin, həyat yoldaşın, qızın olsa belə!
Son olaraq, qadını aşağılarda görən, qadına şiddətə haqq qazandıran qüsurlu beyinlərdən arınmaq üçün yenə biz qadınlar mübarizə aparmalı, çabalamalıyıq. Evimizdəki övladlarımızdan başlamalıyıq. Qız və oğlana fərq qoymadan övladlarımıza cinsiyyət deyil, insan faktorunu anlatmalıyıq. Qızımıza çəhrayı, oğlumuza mavi geyindirməkdən vaz keçməklə başlamalıyıq. Qadın deyil — İNSAN, Kişi deyil — İNSAN deyərək başlamalıyıq!
Bəlkə 15-20 il sonra eyvanda çay və gündəlik xəbərlərə göz atmaq işini yenidən keyif halına çevirə bilərik. „O zaman da qocalacağıq“ deyirsinizsə, deməyin. Övladlarımız üçün sağlam bir toplum yaratmış olsaq, qadın ölümlərininin qarşısını alsaq, o yaşda da onun zövqünü yaşayarıq artıq.

Müəllif: Aysel Ateş ABDULLAZADƏ Türkiyə, Antalya
Mənbə: qadinkimi.com