Alana düşünür ki, o kifirdir, hərçənd bunun tam əksini düşünmək həqiqətə daha yaxın olardı. O, Vücud Dismorfobiyasından (Body Dysmorphic Disorder – BDD) əzab çəkir.

Bu elə bir xəstəlikdir ki, adamları öz vücudlarındakı uydurma qüsurların dərdini çəkməyə vadar edir. Hər 50 nəfərdən birinin bu xəstəlikdən əzab çəkdiyi güman edilir, lakin onun haqqında adamların çoxu və hətta bəzi həkimlər də xəbərsizdirlər.

“Mən düşünürəm ki, adamların mənim sifətimi görməsi ədalətsizlikdir, çünki mən həqiqətən də eybəcərəm – deyir 20 yaşlı Alanah, – Bütün sifətim ləkələrlə doludur, hərçənd anam deyir ki, belə deyil. Mən öz dərimi şişkin və qızarmış görürəm. Məncə burnum çox böyükdür, əyridir və üzümdən xeyli qabağa çıxır. Gözlərim isə bapbalacadır”.

Bu qadın özünü niyə kifir sayır?

Alanah gözəl və gənc bir qadındır, lakin o güzgüyə baxanda başqalarının gördüyünü görə bilmir.

O, Vücüd Dismorfobiyasından əzab çəkir. Onun xəstəliyi şiddətlənəndə tez-tez güzgüyə baxıb üzünü yoxlayırdı. Onun makiaj etməsi bəzən dörd saatadək çəkir, lakin sonunda yenə də evdən çıxmağa cəsarət etmirdi.

“Mənim günümün çox hissəsi beşqat krem vurmağa və dərimi gizlətməyə gedirdi. Gözlərimə çox qalın sürmə çəkməliydim. Daim belə gəzirdim” – deyir Alanah.

Balaca qıvrımsaç qız olanda Alanah onun şəklini çəkən zaman çox şad olardı. Lakin o, 14 yaşına çatanda vəziyyət dəyişib. Səbəbini heç özü də bilmir.

“Mən bu xəstəliyin əlamətlərini əvvəllər hiss eləmirdim, amma indi bilirəm ki, BDD imiş. Mən məktəbdə olanda fikrim ətrafımdakılarda idi. Baxırdım görüm kim mənə baxır. Kimsə güləndə elə bilirdim mənə gülür, – deyir Alanah, – Məktəbimizin pəncərələri böyük idi. Pəncərələrdə əksimə baxıb necə göründüyümü düşünürdüm. Tez-tez ayaqyoluna gedirdim ki, orada güzgüyə baxım”.

15 yaşından Alanah məktəbə getməyi də dayandırıb. Anası Scarlett onu maşınla məktəbə aparar, lakin qız maşından düşmək istəməzdi. Beləcə gündə səkkiz dəfə bu oyun təkrar olunardı, deyir Scarlett.

Alanah özünü getdikcə daha çox təcrid edirdi və qızın xasiyyətindəki bu dəyişiklik ananı bərk narahat edirdi.

“İlk iki-üç ili biz bunun nə olduğunu başa düşmürdük, – deyir Scarlet, – Məktəbdə çox çalışqan, özünə inamlı qız, özünə qapanmışdı. Bütün günü yataqda olurdu. Mən narahat idim. Bilirdim ki, hər bir ana üçün övladı gözəldir, amma Alanah-nın doğrudan da heç bir eybi yox idi…”

“…Mən bu barədə söz salmaq istəmirdim. Deyirdim, qoy necə düşünürsə, düşünsün. Ən pisi də bu idi ki, bir ana kimi mən övladımı qorumalıydım. Amma heç nə edə bilməməyim məni də ruhdan salırdı”.

Bu qadın özünü niyə kifir sayır?

Scarlett deyir ki, əgər fotonu qonaq otağında assa, qızını əsəbiləşdirə bilərdi. Rəfiqələri ondan indi qızının necə olduğunu soruşanda göstərməyə şəkil də tapmır.

Alanah və anasına BDD diaqnozunun bildirilməsi bir xeyli çəkib. Alanah-ya Maudsley xəstəxanasında düzgün diaqnoz qoyulanadək, həkimlər ona yeniyetmə qəzəbliliyi, ya da sosial nigarançılıq kimi yanlış diaqnozlar qoyublar.

Onun müalicəsi Şimali Londondakı qapalı klinikada 5 ay müddətində davam edib. O hələ indi də müntəzəm olaraq qavrama-davranış terapiyası seanslarına gedir.

Erkən yeniyetməlik yaşlarından şəkil çəkdirməkdən imtina edən Alanah BBC 4 telekanalının “Heç Bir Vücud Kamil Deyil” (No Body’s Perfect) adlı verilişlər silsiləsinə çəkilmək üçün özündə cəsarət tapa bilib. Bu proqram üçün Alanah-nın fotoportretlərini tanınmış moda fotoqrafı Rankin çəkib. Verilişlərdən məqsəd BDD barədə maarifləndirmə işinin aparılmasıdır.

Alanah deyir ki, BDD diaqnozunun qoyulması asan məsələ deyil, çünki belə xəstələr öz zahiri görünüşlərindən utanaraq açıq danışmaq istəmirlər.

“Mənim başlıca narahatlığım burnumdandır. Amma mən bunu valideynlərimə və ya həkimə üç il müddətində deyə bilməmişəm. Mən bu barədə danışmaq istəmirdim” – deyir Alanah.

Bütün fotoları rədd etdiyinə görə Alanah üçün şəkil çəkdirmək asan deyildi. Elə günlər olurdu ki, o, 200-dək selfie çəkir və sonra da bütün fotoları telefonun yaddaşından silirdi.

Vücud Dismorfobiyası Fondundan qavrama-davranış həkimi – doktor Rob Willson deyir ki, BDD diaqnozu qoylmuş adamların öz şəkillərini çəkməsi tez-tez baş verən haldır.

Lakin onların fotosonun başqaları tərəfindən çəkilməsi bu adamlara qorxulu görünür, çünki onlar bu prosesə təsir edə bilmirlər.

Willson-a görə BDD adətən yetkinlik yaşında başlanır və çox vaxt da qısnamanın və ya lağa qoyulmanın nəticəsində yaranır. Məsələn, bəzən üzə çıxan sızanaqlar da buna səbəb ola bilər.

“Biz hamımız yeniyetməlikdə necə göründüyümüzdən narahat oluruq. Lakin BDD gündəlik narahatlıqdan tamamilə fərqlidir. Bu zaman şəxs günün ən azı bir saatını necə göründüyü barədə düşünməyə həsr edir” – deyir doktor.

Həkim bildirir ki, belə vəziyyət depressiyalara yol açır. Willson deyir ki, müasir dövrümüzdə yaranmış surətpərəstlik mədəniyyətində bizim davranışımız da dəyişib. Biz indi mini-məşhurlar kimi davranırıq, cib güzgüsünə baxmaqdansa selfie çəkirik. Amma bütün günahı sosial medianın üstünə də yıxmaq olmaz.

“Burada genetik, sosial faktorlar, erkən həyat təcrübələri, fərdiyyət müxtəlifliyi kimi başqa faktorlar da var və bunlar birlikdə BDD-yə gətirib çıxara bilər” – deyir Willson.

Bu xəstəliyin təbiəti belədir ki, adam psixoloji yox, fiziki probleminin olduğunu düşünür. Belə adamlar pullarını kosmetikaya və ya plastik cərrahiyyələrə xərcləyirlər. Lakin müalicə olunmasa bu xəstəlik daha fəlakətli nəticələrə gətirib çıxara bilər, deyir həkim.

“Bu yüksək riskli psixiatrik xəstəliklərdən biridir, – deyir Willson, – Çünki bu xəstəlik zamanı intihar, funksional əlillik və depressiya riskləri də olur” – deyir o.

Anası deyir ki, Rankin Alananın şəklini çəkdiyi gün bərk narahat imiş.

“Mən bilirdim ki, o Rankinə şəklinin çəkilməsindən xoşlanmadığını deməyə hazırlaşır, – deyir Scarlett, – lakin o fotoşəklliəri yox, şəkillərdə əks olunmuş özünü xoşlamırdı”.

Bütün iztirablara baxmayaraq Alanah xəstəliyi ilə üzbəüz gəlməyə özündə cəsarət tapıb. O başqa birisinin onu makiaj etməsinə və Rankinin şəkil çəkməsinə razılıq verib.

Bu qadın özünü niyə kifir sayır?

“Sona yaxın mən doğrudan da bir az rahatlıq tapdım və buna şadam. İndi mən özümə daha çox inamlıyam və başqalarından daha az narahatam” – deyir qadın.

Diqqətəlayiqdir ki, indi həmin portret Alanah-nın ailəsi yaşayan evin divarından asılıb.

Anası Scarlett deyir ki, şəkil çox gözəldir.

“Amma bu fotodan onun kövrəkliyi də bir az görünür” – deyir ana. Alanah-nın müalicəsi yaxşı gedir və o hazırda universitetdə psixologiyanı öyrənir. Məqsədi BDD xəstəliyini öyrənmək və qavrama davranışı terapevti olmaqdır.

Bəs Rankinin çəkdiyi foto haqqında nə düşünür?

“Heç Bir Vücud Kamil Deyil” adlı proqramda Alanah bu foto çəkiləndən az sonra danışıb.

“Burada gözlərim çəp, əllərim-qollarım iri və natarazdır. Burnum quş dimdiyi kimi əyridir, sifətimin mütanasibliyi yoxdur. Düşünmürəm ki, mən özümü müsbət çalarda görməyə hələ hazıram” – deyir Alanah.

Amma bir neçə ay sonra kefi kökdür.

“Şəkil sanki günü gündən dəyişir. Mən onlara icazə vermişəm ki, onu qonaq otağında assınlar… İndi bu foto ilə heç bir problemim yoxdur” – deyir Alanah.

 

Mənbə: bbc.com/

Əvvəlki məqaləMəşhur modelyer yaşın gözəlliyə təsirini izah etdi
Növbəti məqalədəDodaqlara həcm verib 10 yaş gəncləşməyin ən sadə yolu