Hər bir qadın həyatı boyunca ən azı 1 dəfə aybaşı zamanı bezdə iri və ya xırda ölçüdə qan laxtaları ilə rastlaşır. İri həcmli laxtalar görünüş etibarilə əksər vaxtlarda qorxu və narahatlığa səbəb olur.

Aybaşı dövrü və laxtalanma prosesi necə baş verir?

Hər ay ovulyasiya mərhələsində yumurtalıqdan mayalanma qabiliyyətinə malik yumurtahüceyrə xaric olur. Hormonal sistem və cinsiyyət orqanları hamiləliyə hazırlaşır, uşaqlığın daxili qatı – endometrium qalınlaşır. Hamiləlik baş vermədikdə, hormonların səviyyəsi azalır, endometrium soyulmağa başlayır.

Başqa sözlə desək, aybaşı qanaxması müşahidə edilir – soyulmuş endometrium hissəcikləri selikli-qanlı ifrazat şəklində uşaqlıq yolundan xaric olur. Normada menstrual axıntı çox duru olmamalıdır.

Onu da nəzərə almaq lazımdır ki, aybaşı zamanı orqanizm antikoaqulyant (laxtalanma əleyhinə) təsirli xüsusi fermentlər sintez edir. Normal menstruasiya dövründə həmin fermentlər qanın laxtalanma sürətini azaldır. Kütləvi qanaxmalarda isə bu maddələr öz funksiyasını yerinə yetirə bilmədiyindən aybaşı zamanı laxta qan aşkarlanır.

Aybaşı zamanı laxtalanma patoloji hal sayılırmı?   

Menstruasiya dövründə qaraciyəri xatırladan iri qan laxtaları, ağrı, çox miqdarda qan itkisi orqanizmdə müəyyən bir patologiyanın olmasından xəbər verir. Bu halın bir neçə səbəbini nəzərdən keçirək:

  • qanın laxtalanmasının pozulması. Uşaqlıq boşluğunda qanın həddindən artıq tez laxtalanması;
  • uşaqlıqdaxili spiral. Hamiləlik əleyhinə mexaniki vasitəni orqanizm yad cisim kimi qəbul edir. Orqanizmin təbii qorunma reaksiyası olaraq, laxtalanma baş verir;
  • uşaqlıqdankənar hamiləlik. Qatı qanlı axıntı ilə yanaşı qarnın aşağı hissəsində ağrı və hərarət olur;
  • doğuş/abort/uşaqlıq qaşınması. Doğuşdan və ya cərrahi əməliyyatdan sonra ilk aybaşı zamanı laxtalanma, çoxlu miqdarda qatı axıntı, bədən temperaturunun yüksəlməsi, laxtanın ölçüsünün 12 sm-ə qədər artması patoloji hal kimi dəyərləndirilməlidir. Belə ki, bu zaman cift və ya döl yumurtası hissəciklərinin uşaqlıqda qalması istisna edilmir;
  • mioma. Uşaqlıqda xoşxassəli törəmənin inkişafı tsiklin stabilliyini pozur və hər ay ifrat dərəcədə qatı menstruasiya müşahidə edilir;
  • hormonal pozğunluq. Hormonların disbalansı menstruasiyaları qeyri-müntəzəm, intensiv və qatı edir. Bəzən axıntı qəhvəyi rəngdə ola bilər.
  • endometrioz. Uşaqlığın selikli qişasının anormal qalınlaşması, yəni hiperplaziyası aybaşı zamanı laxtalanma ilə müşayiət olunur;
  • cinsiyyət orqanlarının anormal quruluşu. Uşaqlıq cismi ikibuynuzlu, bükülmüş, yəhərvari, arakəsməli ola bilər. Bu anadangəlmə anomaliyalar aybaşı vaxtı uşaqlıq yığılmalarını artırdığından qanaxma güclənir və laxta əmələ gəlir;
  • onkoloji xəstəliklər. Cinsiyyət orqanlarının bədxassəli şişləri tsiklin müxtəlif fazalarında laxta şəklində qanaxmaya səbəb olur;
  • dəmirdefisitli anemiya. Qanda dəmirin səviyyəsinin aşağı olması hemoqlobinin miqdarının azalmasına gətirib çıxarır. Dəmir defisitli anemiyada aybaşı zamanı laxtalanma ilə yanaşı, əzginlik, ürəkbulanma, başgicəllənmə baş verə bilər;
  • yumurtalığın kistası. Bu törəmələr hormonal fonu dəyişir, aybaşı tsiklinin 2-ci fazasını uzadır. Nəticədə qeyri-müntəzəm qanaxmalar izlənir. Aybaşı zamanı laxtalanma da məhz bununla əlaqəlidir;
  • uşaqlığın polipləri

Aybaşı zamanı laxtalanma şəkil 2

Aybaşı zamanı laxtalanma – niyə təhlükəlidir?    

Menstruasiya zamanı laxta qan ilə yanaşı digər əlamətlər meydana çıxa bilər:

  • başgicəllənmə;
  • bədən temperaturunun 37.5-40°C arasında dəyişməsi;
  • bütün aybaşı boyu qəhvəyi axıntı;
  • qarında diskomfort hissi və şiddətli ağrılar;
  • huşun itməsi;
  • aybaşı qanaxmasının 7 gündən çox davam etməsi;
  • aybaşı dövründə qan itkisinin 150-200 ml-dən artıq olması;

Bu əlamətlər uşaqlıqdan kənar hamiləlik, polipin nekrozu (çürüməsi) və digər həyati təhlükəli vəziyyətlərin göstəricisi ola bilər.

Aybaşı zamanı laxtalanmanın səbəbləri necə təyin edilir?

  • ilkin olaraq həkim-ginekoloq pasiyentin şikayətlərini dinləyir;
  • yaxın zamanda keçirilmiş əməliyyat, abort və ya düşük olub-olmaması barədə məlumat alır;
  • daha sonra laxtalanmanın intensivliyi, aybaşı qanının miqdarı və davamiyyəti haqqında suallar verir;
  • anamnez topladıqdan sonra ginekoloji müayinə aparır.

Aybaşı zamanı laxtalanma şəkil 4

Növbəti mərhələdə bir neçə laborator analiz və instrumental müayinələr təyin edilir:

  • qanda koaquloqramma;
  • hemoqlobinin miqdarının təyini;
  • dəmirin səviyyəsinin yoxlanılması;
  • leykoformula (iltihabın olmasını dəqiqləşdirmək üçün);
  • ginekoloji ultrasəs müayinəsi.

Aybaşı zamanı laxtalanma – müalicə və profilaktika

Aybaşı zamanı laxtalanmanın səbəblərini təyin etdikdən sonra məqsədyönlü müalicə təyin olunur. Bu məqsədlə bir neçə qrup preparatdan istifadə edilir:

  • hormonal dərmanlar;
  • fol turşusu;
  • dəmir preparatları;
  • A, E, B, C vitaminləri.

Uşaqlıqda mioma, endometrial polip, abort/doğuş sonrası qalıq qalması kimi hallar heç bir medikamentoz (dərmanla) müalicəyə tabe olmur. Belə vəziyyətlər cərrahi müdaxilə göstəriş sayılır.

Əgər Sizdə də aybaşı zamanı laxtalanma halları təkrarlanırsa, ləngimədən və özbaşına müalicə aparmadan ginekoloqa müraciət etməyiniz məsləhətdir.

 

Mənbə: ginekologiya-hamilelik.az

Əvvəlki məqaləHamiləlikdə çoxlu banan yeyən qadınların övladının cinsiyyəti… – FOTO
Növbəti məqalədəKişilər bu qadınları çox sevir – 6 VACİB XÜSUSİYYƏT